ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur


Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. Oktyabrın 21-də öz işinə başlayan sərgi Bakı Ekspo Mərkəzində təşkil olunub və ayın 27-dək davam edəcək.

Turkustan.az xəbər verir ki, ADPU-nun sərgi stendində universitetin professor-müəllim heyətinin müəllifi olduğu elmi əsərlər, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və digər nəşrlər nümayiş etdirilir. Təqdim olunan nəşrlər ali təhsil müəssisəsinin elmi potensialını, tədris və tədqiqat istiqamətlərini, eləcə də ölkənin təhsil və elm sahəsinə verdiyi töhfəni əks etdirir.

Sərgi çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərov da universitetin stendini ziyarət edib. Rektor nümayiş olunan nəşrlərlə tanış olub, sərginin əhəmiyyəti və universitet nəşrlərinin təbliği ilə bağlı fikirlərini bölüşüb, əməkdaşlara müvafiq tövsiyələrini verib.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov universitetin elmi nəşrlərinin sərgidə nümayişinin elmi nəticələrin daha geniş auditoriyaya çatdırılması və tədqiqat fəaliyyətinin təşviqi baxımından əhəmiyyətini vurğulayıb. O, kitabların və elmi ədəbiyyatın təbliğinin gənc nəslin intellektual inkişafına, elmi dünyagörüşünün formalaşmasına və mütaliə mədəniyyətinin güclənməsinə töhfə verdiyini qeyd edib.

ADPU-nun filologiya fakültəsinin dekanı Könül Həsənova sərginin tələbələrin mütaliəyə marağının artırılması və ədəbiyyata bağlılığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, kitabların dil və nitq bacarıqlarının inkişafında, eləcə də tələbələrin dünyagörüşünün zənginləşməsində mühüm rol oynadığını qeyd edib.

ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova bildirib ki, universitetin sərgidə iştirakı elmi nəşrlərin daha geniş oxucu auditoriyasına təqdim olunması, müəllim və tədqiqatçıların elmi fəaliyyətinin təşviqi, həmçinin akademik mühitlə cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında təşkil olunan sərgi kitab və mütaliə mədəniyyətinin təşviqinə, nəşriyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Sərgi çərçivəsində kitab təqdimatları, imza mərasimləri, görüşlər və müxtəlif mədəni tədbirlər keçirilir.


MANŞET XƏBƏRLƏRİ