Oktyabrın 15-də Avstriyanın paytaxtı Vyanada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş “Nizami: Daxili aləm” (“Nizami: Eternal Inspiration”) sənədli filminin nümayişi keçirilib.
Turkustan.az xəbər verir ki, nümayiş Vyanada yerləşən “Urania” kinoteatrında Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan filmlərinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil edilib.
Tədbiri giriş sözü ilə açan CEENEMA-nın təsisçisi, kinorejissor və festival təşkilatçısı Magdalena Zelasko Azərbaycan Mədəniyyət Mərkəzinə səmərəli əməkdaşlığa və Azərbaycan kinosunun Avstriyada tanıdılmasına verdiyi dəstəyə görə təşəkkür edib. O, Azərbaycan filmləri silsiləsinin oktyabr ayı ərzində davam edəcəyini bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova çıxışında Azərbaycan mədəniyyətinin və zəngin ədəbi irsinin Avstriyada tanıdılması baxımından bu cür layihələrin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
O qeyd edib ki, Nizami Gəncəvinin yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatında deyil, dünya ədəbiyyatı və fəlsəfi fikir tarixində də xüsusi yer tutur. Şairin əsərlərində əks olunan humanizm, məhəbbət, ədalət və müdriklik kimi ümumbəşəri dəyərlər əsrlər keçməsinə baxmayaraq, bu gün də aktuallığını qoruyur.
Leyla Qasımova, həmçinin Azərbaycan kinosunun Avstriya tamaşaçılarına təqdim olunmasına verdikləri töhfəyə görə “Urania” kinoteatrının və CEENEMA komandasının üzvlərinə, xüsusilə layihənin təşkilatçılarından olan Magdalena Zelaskoya minnətdarlığını bildirib.
Rejissor Atakan Kerküklünün ekranlaşdırdığı Azərbaycan-Türkiyə istehsalı olan sənədli film Nizami Gəncəvinin zəngin mənəvi dünyasını, fəlsəfi baxışlarını və ədəbi irsini əhatə edir. Ekran əsərində dahi şairin yaradıcılığında mühüm yer tutan bəşəri ideyalar və onların müasir dövrdə əhəmiyyəti tamaşaçılara təqdim olunur.
Qeyd edək ki, oktyabr ayı ərzində “Urania” kinoteatrında Azərbaycan MədəniyyətMərkəzinin dəstəyi ilə Azərbaycan kinosuna həsr olunmuş silsilə nümayişlər keçirilir. Layihənin əsas məqsədi Azərbaycan kinematoqrafiyasını Avstriya ictimaiyyətinə tanıtmaq, ölkəmizin zəngin mədəni irsini təbliğ etmək və kino vasitəsilə mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdir.