“Anadolu’dan Hazar”a - Yunus Emre İnstitutunda adlı ədəbi görüş keçirilib


5 oktyabr 2026-cı il tarixində Yunus Emre İnstitutunun Bakı nümayəndəliyində “Anadolu’dan Hazar’a: Yazar-Okur Buluşması” adlı ədəbi görüş keçirilib.

Anadolu Məktəbinin təşkilatçılığı, Yunus Emre İnstitutunun və “Söz Körpüsü” ədəbi layihəsinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrin inkişafı, qarşılıqlı ədəbi əməkdaşlığın genişləndirilməsi və yazarlarla oxucular arasında fikir mübadiləsinin əhəmiyyəti müzakirə olunub.

Tədbiri Türk Ədəbiyyatı Vəqfinin müdiri, “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru, şair-yazıçı İmdat Avşar açıb.

İmdat Avşar çıxışında Azərbaycana səfərlərinin məqsədindən danışıb, bu cür görüşlərin Azərbaycan və Türkiyə ədəbiyyatları arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. O, iki qardaş ölkə arasında mövcud olan birlik və həmrəyliyin möhkəmləndirilməsində ədəbiyyatın xüsusi rolunu vurğulayıb və qarşılıqlı ədəbi münasibətlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Daha sonra Azərbaycan alimi, yazıçı, ictimai xadim, filologiya elmləri doktoru, professor Kamal Abdulla çıxış edib. Professor Kamal Abdulla Azərbaycan və Türkiyə ədəbiyyatları arasında qarşılıqlı əlaqələr, ədəbi proses və müasir oxucu-yazar münasibətləri barədə fikirlərini bölüşüb.

Görüş Türkiyədən gələn oxucuların professor Kamal Abdullaya ünvanladığı suallar və fikir mübadiləsi ilə davam edib.

Tədbirin sonunda Yunus Emre İnstitutunun Bakı nümayəndəliyinin direktoru Gökhan Seyhan çıxış edərək tədbirə gələn qonaqlara və Türkiyədən gələn tələbələrə təşəkkürünü bildirib. O, Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrin inkişafında bu cür görüşlərin əhəmiyyətini vurğulayıb və qarşılıqlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Tədbirə verdikləri dəstəyə və fəal iştiraklarına görə “Söz Körpüsü” ədəbi layihəsinin rəhbərləri Aysel Xanlarqızı, Aysel Nəsirzadə və Həmidə Yaqubovaya xüsusi təşəkkür bildirilib.

Görüşdə Anadolu Məktəbi Vəqfinin Mütevelli Heyətinin üzvü Hakan Tanrıöver, Azərbaycan Milli Məclisinin deputatı, şair Elçin Mirzəbəyli, şairlər Yusif Nəğməkar, Rəfail Tağızadə, Aysel Fikrət, Habil Yaşar,Qılman İman və digər ədəbiyyat nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyə ədəbiyyat nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsi və ədəbi əməkdaşlığın inkişafı istiqamətində müzakirələrlə yekunlaşıb.

Aysel Nəsirzadə


MANŞET XƏBƏRLƏRİ