Azərbaycan qadın şairlərinin yaradıcılığına həsr olunan “Xarı Bülbül” (Azərbaycan qadın şairləri) antologiyası Ankarada nəşr olunub.
Kitab Kərkük Mədəniyyət Dərnəyinin 36-cı nəşri olaraq Kərkük əsilli tədqiqatçı, jurnalist və yazıçı Dr. Şəmsəddin Küzeci və azərbaycanlı professor, şair Rəsmiyyə Sabir tərəfindən hazırlanıb. Kitabda 64 azərbaycanlı qadın şairin yaradıcılığı təqdim olunur.
Məlumata görə, nəşr üzərində altı ay ərzində iş aparılıb. Antologiyanın hazırlanması prosesində Azərbaycanda araşdırmalar aparılıb, şairlər müəyyənləşdirilib, onların bioqrafiyaları, şeirləri və fotoşəkilləri toplanıb. Toplanmış materiallar Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Nəşrin redaktə işlərini Neslihan Yaşar həyata keçirib.
Qeyd edək ki, Dr. Şəmsəddin Küzeci qadın ədəbiyyatına həsr olunmuş bir sıra nəşrlərin müəllifidir. O, 2010-cu ildə “İraq Türkmən Qadın Şairləri” (Solmayan Papatyalar), 2015-ci ildə isə “Türk Dünyası Qadın Şairləri” (Novruz Çiçəkləri) kitablarını hazırlayıb.
“Xarı Bülbül” kitabında müasir Azərbaycan qadın şairlərinin müxtəlif mövzu və janrlarda qələmə aldığı əsərlərə yer verilib.
Kitabın təqdimatı və imza mərasiminin 25 oktyabr 2026-cı ildə XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakıda keçirilməsi nəzərdə tutulur. Kitabın təqdimat mərasiminin, həmçinin Ankarada da keçirilməsi planlaşdırılır.