Mədəniyyət Nazirliyi xalq artisti Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb.
Turkustan.az xəbər verir ki, nekroloqda bildirilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino və teatr aktrisası, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Elmira Şabanova 2026-cı il noyabrın 25-də, 86 yaşında vəfat edib.
Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakı şəhərində anadan olub. 1962-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Aktyorluq fakültəsindən, 1969-cu ildə isə həmin institutun Rejissorluq fakültəsindən məzun olub. 1962–1997-ci illərdə bu ali təhsil ocağında pedaqoji fəaliyyət göstərib, gənc aktyor nəslinin yetişməsinə töhfə verib.
Uzun illər ərzində Azərbaycan kino sənətində özünəməxsus yaradıcılıq dəst-xətti ilə seçilən aktrisa bir sıra ekran əsərlərində yaddaqalan obrazlar qalereyası yaradıb. Onun xüsusilə "Səhər", “Qəm pəncərəsi”, “Təhminə”, “Fəryad” və digər filmlərdə yüksək sənətkarlıqla canlandırdığı obrazlar tamaşaçıların yaddaşında dərin iz qoyub.
Sənətkarın radio və televiziya tamaşalarında oynadığı rollar da böyük maraqla qarşılanıb.
Aktrisanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, 2000-ci ildə “Əməkdar artist”, 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi xalq artisti Elmira Şabanovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin”.
xxx
Xalq artisti Elmira Şabanova bu gün 86 yaşında vəfat edib.
Turkustan.az xəbər verir ki, bu haqda aktrisanın ailəsi məlumat yayıb.
Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. 1958–1962-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1969-cu ildə isə rejissorluq fakültələrini bitirib. 1962–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent kimi fəaliyyət göstərib.
O, "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmə çəkilib və müxtəlif televiziya-radio layihələrində rol alıb.
Aktrisa rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.