18 noyabr 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) mədəni irsin qorunması və bərpası üçün dayanıqlı enerji həllərinin təşviqi sahəsində əməkdaşlıq çərçivəsinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
Anlaşma Memorandumu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prof. Aktotı Raimkulova və CECECO-nun icraçı direktoru xanım Aysel Yaqubova tərəfindən imzalanıb.
Memoranduma əsasən, iki qurum mədəni irsin qorunması və bərpası üçün bərpa olunan enerji və enerji səmərəliliyi həllərinin təşviqi, eləcə də “yaşıl mədəni irs” konsepsiyasına uyğun birgə layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcək.
Əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə birgə tədqiqatların aparılmasını, təlim və tədris proqramlarını, eləcə də seminar, sərgi və digər tədbirlərin təşkilini əhatə edir.