Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlanmasına, teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrindən biri olan "Öyrədərək Öyrənirəm" layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənc və istedadlı rejissor Fuad Cavadzadə Ağdam Dövlət Dram Teatrında Ustad dərslərinə başladı və bir aylıq davam edən ustad dərsləri zaman “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda təlimlər keçirildi.
Ustad dərslərinin praktik və nəzəri biliklərinin təkmilləşdirilməsi məqsədilə yaradıcı kollektivlə M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur" pyesi əsasında “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” adlı tamaşa hazırlanaraq ictimaiyyətə təqdim olunub. Əvvəlcə Qarabağda, Ağdam Dövlət Dram Teatrında premyerası gerçəkləşən tamaşa, ətraf rayon və şəhərlərdə dəfələrlə uğurla nümayiş olunub. 10 mart - Milli Teatr Günü müasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” Tamaşasının Bakı premyerası gerçəkləşib.
Gənc rejissorun yenilikçi baxış bucağı ilə yaradıcı və innovativ yanaşması əsasında hazırlanan səhnə əsəri, paytaxt tamaşaçılarının rəğbətini qazanaraq böyük maraqla,coşqu və alqışlarla qarşılandı.
Tamaşanın əsas süjet xəttini Fransalı alim Müsyö Jordanın Qarabağa gəlməsi, Qarabağın adət-ənənələri, məşhur Qarabağ xalçaları, atları, muğamı, yeməkləri, bitkiləri ilə yaxından və əyani tanış olmaq istəməsi, gördülərini bütün dünyaya çatıra bilməsi məqsədilə Şahbaz bəyi özü ilə Fransaya apartmaq istəyi təşkil edir.
Bir hissədən ibarət olan tamaşa vasitəsilə tamaşaçılara Qarabağ adət-ənənələrinin təbliğ və tərənnümü ilə yanaşı maarifçilik, cəhalətin tənqidi və elmin təbliği təqdim olunur.
Tamaşa rejissor tərəfindən müəllifin ideya və süjet xəttinə toxunmayaraq milli klassikamızın müasir dövrə milli adaptasiyasıdır.
Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Müşviq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşu Şükür Həsənzadə, rejissor assistenti Ceyhun Yusifovdur.
Tamaşada aktyorlar Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva , Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Tural Yusifov, Behbud Əsgərov, Turan Nərimanov, Yusif Ziyadlı iştirak ediblər.
Leyla Turan








