Qazaxıstan-Azərbaycan ədəbi əlaqələri: Sayat Kamşıgerin “Qarabağ”poeması


Prof. Dr. Mərziyyə Nəcəfova

Qazax ədəbiyyatı Türk xalqları içərisində özünəməxsusluğu ilə seçilir və yadda qalır. Qazax ədəbiyyatı zəngin və son dərəcə folklora söykənən, bu gününü tarixi izləri üzərinə quran bir ədəbiyyatıdır. Azərbaycan–Qazaxıstan ədəbi (mədəni) əlaqələri çox zəngin və eyni zamanda qədim tarixi keçmişə malikdir. Təbii, bu keçmişilik çox uzaq tariximizə bağlıdır. Həmin bağlar öz kökləri etibarı ilə oğuz-qıpçaq folkoruna gedib çıxır. Azərbaycanda Qazaxıstan ədəbiyyatı tədqiqatçısı Prof. Nizami Tağısoy (Məmmədov) “Azərbaycan-Qazax ədəbi əlaqələri” adlı məqaləsində bu məsələnin köklərini araşdıraraq yazır: “Azərbaycan–qazax əlaqələri öz kökləri etibari ilə oğuz-qıpçaq folklor mədəniyyəti və ənənələrinə dirənir. Bunun bariz nümunəsini qazax arealında yaranan “Qorqud” (“Xorxut”) nəğmələrinin Azərbaycanda “Kitabi-Dədə Qorqud” halına gəlib formalaşmasında illüsrasiya etmək olar. Eyni zamanda bu əlaqələrin, hər iki xalq üçün əhəmiyyətli olan oğuz – Nizami və qıpçaq Afaq – daha doğrusu, Nizaminin sevimli xanımı Afaqla doğmalığı müstəvisində, yaxud türk xalqlarının epos mədəniyyətində mühüm yer tutan “Koroğlu”nun timsalında da sübuta yetirmək olar”. (Nizami Tağısoy, “Azərbaycan-qazax ədəbi əlaqələri”, “Xalq cəbhəsi”, 7 sentyabr, 2017-ci il, s.14).

Vahid Ömərovun bu baxımdan araşdırdığı tədqiqat da diqqət çəkir. Müəllif Azərbaycan və qazax türklərinin tarixən bir-biri ilə qohum olduqlarını vurğulayır və onu da qeyd edir ki, Azərbaycan və Qazaxıstan Prezidentlərinin bir-birinə olan doğma münasibətləri də hər iki xalqın gözəl dostluq əlaqələrindən xəbər verir. – “Bizim mədəniyyətimizi, tariximizi, keçmişimizi xatırlayarkən eyni dərəcədə qazax, həm də Azərbaycan xalqlarına məxsus “Dədə Qorqud” dastanı haqqında, “Koroğlu” dastanı barədə, xalqlarımızın tarixinin digər səhifələri haqqında iftixarla danışırıq.
Tariximizin, dilimizin, kökümüzün, mənəvi və əxlaqi dəyərlərimizin eyniliyi bizi həmişə yaxınlaşdırmış, doğmalaşdırmış və birləşdirmişdir.” – Müəllif yazır ki, Ümummilli lider Heydər Əliyev Qazaxıstan Prezidentinin şərəfinə Bakıda ziyafət verərkən demişdir. (Vahid Ömərov, “Azərbaycan-Qazaxstan mədəni-əlaqələri”, “Səs” qəzeti ).

Azərbaycan ədəbiyyatının illərlə yaralı yeri olan Qarabağ torpaqlarının azadlığı məsələsinə də qazax xalqı münasibət bildirmiş, ağrılarımızı ağrıları kimi yaşamışlar. Qardaş Qazaxıstanın yeni nəsil şairi, DGTYB Məsləhət Şurasının üzvü Sayat Kamşıgerin “Qarabağ” poeması bu gün Türk dünyasının birlik və bərabərliyinin bariz örnəyidir (Kitabın naşiri, layihə rəhbəri Əkbər Qoşalı, önsöz müəllifi Arzu Bağırovadır; DGTYB və RHİMİB-in ortaq layihə ilə kitablaşdırdığı poemanın dilimizə uyğunlaşdırılması Elşən Əzimə, redaktəsi Prof.Dr. Rəsmiyyə Sabirə məxsusdur). Poemanın ilk misralarının Qarabağın başının bəlalar çəkməsi (“Göylərindən Günəş sürgün”) ifadəsini və türk birliyini poetikləşdirməsi gözəl və qiymətli təəssürat yaradır:
Göylərindən Günəş sürgün
Görmüşük taleyin görkün.
Azərbaycanın ürəyi,
Qarabağ yurdudur türkün! (s.7)

Sonrakı bəndlərdə Zəfər qazanan Azərbaycanın “Könüldən ayrılmayan can”lığını ifadəsi edir. Müzəffər Ali Baş Komandanımızın, şanlı ordumuzun igidliyinin ədalətin məramı olmasını vəsf edir:
Dastan qoşur İlhamımız
Haqdan yanır çırağımız;
Tarix yazdı hər qəhrəman,
Ədalətdir məramımız. (s.8)


Poemada şair Qarabağ hadisələrini bütünlüyü ilə poetikləşdirmiş, hadisələri dərindən müşahidə edərək, Qarabağın tarixcəsindən yola çıxaraq dolğun və əhatəli bir mənzərə yarada bilmişdir:
Qarabağdır haqdan bizə ərmağan
Yollarında neçə-neçə can qurban.
Ruhu güclü Cavanşirlər övladı
Xanlıq qurub burda Pənahəli Xan (s.9)

Poemanın “Qarabağ tarixcəsi”bölümündə şair Qarabaın şəxsiyyətlərini, qəhrəman oğullarını, aydınlarını, şairlərini böyük bir ifixar hissi ilə xatırladaraq, Qarabağa olan sevgisi ilə yanaşı əvəzsiz vurğunluğunu, şeir-sənət fədaisi olduğunu da diqqətə çatdırır:

Dahilərin məskənidir bu torpaq,
Natavanın diyarıdır Qarabağ.
Aşıq Pəri burda nəğmə söyləmiş,
Zakirlərin dastanıdır bu torpaq. (s.10)

“Sarsılan güvən” bölməsində müəllif Qarabağ torpaqları üzərindən ilk əsən rüzgarın ruslar tərəfindən olmasını, Azərbaycanın ən gözəl məkanlarında ermənilərin yerləşdirilməsini, ən gözəl vəzifələrə ermənilərin gətirilməsinin ağrısını ürəy sızıltısı ilə poetikləşdirir. Bütün bunların Qarabağ savaşına gətirilməsində böyük təsirini vurğulayır. Yadellilərin Qarabağ torpaqlarında huzur pozmaları diqqətə çatdırılır:
Yadellilər yaman pozdu huzur,
Zaman-zaman qəzəbləri boğuldu.
Kəsdikləri duz-çörəyə baxmayıb,
Qəlblərində kin-küdurət yoğurdu... (s.13)

Şair sonrakı bənddə “qucaq açan Azərbaycan” ifadəsi ilə xalqın humanist xarakterini xüsusi olaraq dəyərləndirir və ermənilərin onlara qucaq açan bir xalqın qucağını qan göllünə çevirməsi ifadəsi ilə ədalətli və gerçək bir bənzətmə yaradır:

Qucaq açan Azərbaycan
Qan gölü-
Ermənilər yaman quduzlaşdılar...
Dünən gəlib bu yurda sığınanlar
İşğal edib sərhədləri aşdılar.

Azərbaycan xalqının yaşantılarını çox gözəl dəyərləndirən şair, onun nələr yaşamasına baxmayaraq hər zaman başı uca olmasını, qüdrətini, sınmamasını qürurla anladır:

Anlayıram, həyat dərin dəryadır.
Zaman – qayıq,
Mən qayıqda avaram.
Azərbaycan nələr gördü sınmadı.
Yenə dedi: Qüdrətliyəm, mən varam.(s.17)

Qarabağ savaşından bəhs edən şair qazax xalqının bu ağrıları ürəyində yaşatmasını, qəhrəman qazax gənci Yerbolun gəlib savaşa qoşulmasını qürur hissi ilə tərənnüm edib:

Qazax gəldi Qarabağ dağlarına,
Yerbol artıq ön cəbhəyə yetişdi.
Düşmən üstə atılanda Yerbolum,
Alpamışla Kabılan tək döyüşdü.
Nə tank onu qorxudammaz, nə toplar,
İgid Yerbol hər qorxudan uzaqdır.

O layiqdir bu şərəfə, bu şana,
Ər Tarğıntək qorxu bilməz qazaxdır.

İgid Yerbolun savaşda yaralanması, qospitalda müalicə alarkən belə döyüşçü dostlarını unutmaması və yenidən öncəbhəyə dönməsi bu igidin Azərbaycana olan qardaşlıq sevgisinin təzahürüdür. Yerbolun doqquz igidlə düşmən üzərinə getməsi, mühasirəyə düşməsi və və əlli düşməni məhv edən 9 igidin hər birinin qorxmazlığı böyük bir fəxarətlə izlənilmişdir. Özəlliklə Yerbolun mühasirə zamanı əsgərlərə söylədiyi son söz onun qorxmazlığının və Qazaxıstan –Azərbaycan qardaşlığının əvəzsiz ifadəsidir:
Öhdəliyi asan deyil Vətənin,
Qorxmaz gələcəyə ümidli insan.
Yerbol çönüb əsgərinə söylədi:
“Döyüşürük!
Təslim olmaz qəhrəman!”
Qəhrəmanlar geriyə addım atmaz,
Ölüm nədir? – İgidləri qorxutmaz.
Qorxmaz Azərbaycan və qazax gənci,
Şəhid olar, düşmənə təslim olmaz! (s.23)

Sayat Kamşıger bu bölümdə şəhidlərin unudulmayan əziz xatirələrini poetik biçimdə özünəməxsus şəkildə ifadə edir.

“Qənirə” adlanan bölümdə hər şəhidin xatirəsi əksin tapır.
Azərbaycan qadınının böyüklüyü, sədaqəti, dəyanəti şairin qələmindən sevgi və qürur hissi ilə ifadə edilir:
Ürəklərə dərd üstə dərd ələndi.
Hamı yurdun harayına tələsdi.
Ağ xalat geyindi bizim Qənirə,
Əsgərə bacıtək şəfqət göstərdi.
Qarabağ düşmənin əlində ikən,
Qənirə elə bil bir əsgər oldu...(s.28)

Poemanın sonrakı bölümlərində Azərbaycan ordusunun güclənməsi, artıq sülhlə torpaqların azad edilməməsi və Ali Baş Komandanın əmri ilə ordumuzun savaşa atılması misralarda yer alır. Azdlıq eşqini anladan misralar nəğmə qədər axıcıdır, şirindir:

Azadlığı eşqi ilə,
Bayraq qalxar göy üzünə.
El namusu deyiləndə
Qorxular çökməz gözünə.


Poemada şair Zəfər xəbərini verərkən, erməninin arxalı olduğu halda ordumuz tərəfindən ”İti qovan kimi” qovulmasını anlamlı şəkildə ifadə edir:

Arxalı köpəyi basmaq,
Hər nə qədər çətin işdi,
Azərbaycan xalqı yenə,
Dəmir yumruqtək birləşdi,
Tarixə Zəfər nəqş etdi! (s.37)

Zəfərə qədər Azərbaycan əsgərini mübarizəyə rulandıran poeziya örnəkləri yaratmağın önəmli olması və şairin “İrəli, əsgər, irəli!” bölməsində çox təsirli şəkildə əks edilmişdir.

Silahlanın!
Nəyimiz var, götürün.
Hazırlaşın Zəfər adlı bayrama!
İşğalçı pərişan-halını görün,
Onun Baş naziri və komandanı
İçib rəqs edirdi burda bir zaman...
İrəli, əsgərim, yalnız İrəli!
İşimiz haqq işi, bizimdir Zəfər!
Tarixin şərəfli, günün şərəfli.
İnsanlığın qürurusan, fəxrisən,
Düşmən ordusunu pozan müzəffər! (s.39)

Poemada “Gəncə çəkilişi” bölümündə 2020-ci ilin 10 oktyabr tarixində atəşkəsin elan olunması, buna baxmayaraq Ermənistanın silahı susdurmaması, Gəncədə insanların yatan vaxtı mərmilərin atılması bu bölümdə əksin tapır:
Ah, yenə də vurhavur! –
Düşmən hiylə işlətdi:
Oktyabrın on biri,
Gecə vurdu Gəncəni.

“Bavurum Azərbaycan” adlanan bölümdə Şuşanın alınması daha qabarıq şəkildə əksin tapır. “Şuşa alınmalıdır” – Komandanın əmridir, bu əmr hər əsgərin andıdı, yəminidir!” misraları bu bölmənin ana xəttini təşkil edir. Şuşa üzərində savaşa dağlarda-daşlarda iz qoyaraq gedən əsgərlər Şuşa tarixini yazarkən sarsılmaz seltək aşıb-daşırlar:
Daşlarda iz qoyan babalar kimi,
Oğullar iz qoyur vətən daşında
Şuşaya şığıyan əsgər axını
Sarslmaz seltəki aşıb-daşanda. (s.51)

“10 Noyabr”, “Xalqa müraciət” başlıqlı parçalarda Qarabağın, Zəngəzurun gündoğarının 44 gün savaşla azad olunması təsvir edilir. Azərbaycan xalqının xeyirxahlığı, hümanistliyi, ədalətli savaşının dillərə dastan olması diqqətə çatdırılır:

Xeyirxah xalq xoşbəxtliyə qovuşdu.
Dillərdədir aslanlartək savaşlar.
Qeyrətinə, zəhmətinə bu xalqın,
44 günlük savaş boyda sübut var. (s.60)

“Qələbə paradı” başlıqlı misralardan isə bir başqa sevinc, qürur, fəxarət hissi duyulur. Xalqımızın qardaş xalqları böyük fəxrlə Bakıda qarşılaması, paradın gözəlliyi, xoşbəxtliyə təşnə bir xalqın gözlərindəki sevinc qürur dolu ömür yaşadır. Türksoylu qardaşların Azərbaycanın Qələbə paradında bir araya gəlməsi sevincini ifadə edən poetik örnəklər poemanın əsas ideyasını – Turan birliyini də untmur:

Qardaş ölkə coşdu sirli gecədən,
Gecə Aya, səhər Günə boyandı.
Haqq incəldi, üzülmədi nəhayət,
Türklük ruhu silkələnib oyandı. (s.65)


Poema Türk dünyasının birliyi, bərabərliyi Turana gedən müqəddəs yolun gələcək uğurlarını bizlərə aşılayır. Bu, uzun şərəfli yolun davamıdır. Dostluğumuz tarixin sınaqlarından çıxıb, ona görə, bu dostluq aydınlarımızın yaradıcılığının ana xətti olub. Elə sözümü də Elmlər buna dair fikirlərlə tamamlamaq istəyirəm:
“Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyasında müstəqillik dövrü ədəbiyyatını ayrıca mərhələ kimi qeyd etmişdir. Təkcə Azərbaycan ədəbiyyatının deyil, ümumillikdə türk xalqlarının ədəbiyyatları üçün də keçərli olan və artıq 2016-cı ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk ölkələrinin ədəbiyyat institutlarının drektorlar şurasının yığıncağında yekdilliklə qəbul olunan yeni konsepsiyanın müəllifi də akademik İsa Həbibəylidir. Dövriyyəyə buraxlan konsepsiya türk ədəbiyyatlarının qarşılıqlı inkişaf və əlaqələrini təmin edən və tənzimləyən vahid elmi platforma kimi böyük əhəmiyyət kəsb edərək, ədəbiyyatşünaslıq elminin hadisəsi kimi qiymətləndirilməlidir.”(Ağahüseyin Şükürlü, “Müstəqilik dövründə Azərbaycan-Qazaxıstan ədəbi əlaqələri”, “525-ci qəzet”, 19, dekabr, 2016).


MANŞET XƏBƏRLƏRİ