Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib


9 Aprel 2026-cı il tarixində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzində (Daşkənd şəh.) “Əmir Teymur və Teymurilər dövrünün dünya tarixində və mədəniyyətində rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbir Özbəkistan Respublikasının Prezidentinin "Əmir Teymurun anadan olmasının 690 illiyinin geniş qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirilir.
Konfransın açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova belə mötəbər tədbirin elmi dialoqun genişlənməsi, mədəni mübadilənin inkişafı və xalqlar arasında humanitar əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platformaya çevriləcəyinə əminliyini ifadə edib.
Fondun prezidenti təşkilatın türk dünyasının zəngin mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq miqyasda tanıdılması istiqamətində sistemli fəaliyyət həyata keçirdiyini qeyd edib. Professor A.Raimkulova çıxışında Özbəkistanın Fondun tərkibinə tamhüquqlu üzvü kimi qoşulmasının və Türkmənistanın müşahidəçi statusu əldə etməsinin təşkilatın fəaliyyət imkanlarını daha da artırdığını bildirib.
Konfransın Əmir Teymur irsinin öyrənilməsi və qorunması istiqamətində yeni elmi əməkdaşlıqlara yol açacağını bildirərək, Özbəkistan rəhbərliyinə türk dünyasının ortaq irsinin araşdırılmasında göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə edib.
Konfransda müxtəlif ölkələrdən 300-ə yaxın alim, ekspert, diplomat və media nümayəndələri iştirak edir.
Tədbir çərçivəsində konfrans iştirakçıları Əmir Teymurun abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini dərin ehtiramla yad ediblər.
Konfransın sonunda Teymurilər irsinin beynəlxalq səviyyədə dərindən öyrənilməsinə və geniş təbliğinə yönəlmiş mühüm elmi tövsiyələr və birgə təşəbbüslər hazırlanacaq.


MANŞET XƏBƏRLƏRİ