Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son brifinqdə səsləndirdiyi fikirlər Azərbaycan tərəfinin sərt reaksiyasına səbəb olub. Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı açıqlamasına münasibət bildirərkən mövzu ilə əlaqəsi olmayan şəkildə Ümummilli Lider Heydər Əliyevin adını hallandırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, bu cür yanaşma həm Heydər Əliyevin irsinə, həm də Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Həmçinin bu tip açıqlamaların diplomatik etikaya uyğun olmadığı və məsuliyyətli yanaşma tələb etdiyi vurğulanıb. Azərbaycan tərəfi məsələ ilə bağlı Rusiyadan izahat gözlədiyini açıqlayıb.
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Zaxarovanın açıqlaması, xüsusilə ümummilli liderin adının hallandırılması diplomatik etik qaydalara zidd və yersiz addımdır:
“Paşinyanın Erməni Apostol Kilsəsi ilə bağlı atdığı addımlar Ermənistanın daxili işidir. Lakin nəzərə almaq lazımdır ki, bu kilsə ölkədə siyasi proseslərə aktiv şəkildə müdaxilə edən institutdur. Oxşar proseslər postsovet məkanının bir çox ölkəsində müşahidə olunub. Fərq ondadır ki, Ermənistanda kilsənin Rusiyanın təsir aləti kimi çıxış etdiyi iddia olunur.

Turab Rzayev
Paşinyanın kilsəyə qarşı addımları Rusiyanın bu institut vasitəsilə Ermənistanda təsirini qorumaq cəhdlərinə qarşı yönəlib. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin adının çəkilməsi tamamilə anlaşılmazdır. Paşinyan kilsənin Rusiya kəşfiyyatı ilə əlaqəli olduğunu iddia edirsə, bunun Azərbaycanın və ya Heydər Əliyevin adı ilə əlaqələndirilməsi əsassızdır.
Hesab edirəm ki, Xarici İşlər Nazirliyinin reaksiyası tam adekvatdır. Moskvanın onsuz da münasibətlərin gərgin olduğu bir dövrdə bu cür açıqlamalarla Bakını narazı salması vəziyyəti daha da mürəkkəbləşdirir. Azərbaycan tərəfi gərginlikdə maraqlı olmasa da, görünür, Kremlin yanaşması fərqlidir”.