ABŞ hərbçilərinin İsfahana sızma əməliyyatı - TƏFƏRRÜAT


ABŞ hərbçilərinin bu ayın əvvəlində İranın mərkəzində yerləşən İsfahan şəhəri yaxınlığında həyata keçirdiyi əməliyyatın bəzi təfərrüatları açıqlanıb.

Turkustan.az xəbər verir ki, İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminia İsfahanda baş verən hadisəni düşmənin məğlubiyyəti kimi qiymətləndirib.

Onun sözlərinə görə, İsfahanın cənubunda ABŞ-ın sızma cəhdinin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı İranın dörd hərbçisi həlak olub. Onların arasında Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Fakültəsinin təlimatçısı və komandanı general Məsud Zare də var.
Həlak olan digər hərbçilər polkovnik Seyid Səid Musəvi, polkovnik-leytenant Muin Heydəri və leytenant Milad Salarvənddir.

Məhəmməd Əkrəminia deyib ki, İran ordusunun komandanı general-mayor Əmir Hatəmi tərəfindən verilən əmrdə vurğulanıb ki, ölkəyə qarşı hər hansı quru hücumu qətiyyətlə cavablandırılmalı və heç bir təcavüzkarın sağ qalmasına imkan verilməməlidir.

Sözçü həmçinin izah edib ki, aprelin 5-də ABŞ tərəfindən İran ərazisinə sızma cəhdi olub və bundan sonra general Zare və bir qrup shərbçi dərhal hadisə yerinə gedib. Onun sözlərinə görə, İran hərbçiləri çiyindən atılan raketlə ABŞ-a məxsus Lockheed C-130 Hercules tipli təyyarəni hədəfə alaraq əməliyyatı uğursuzluğa düçar edib və nəticədə düşmən qüvvələri ərazidən qaçmağa məcbur olub.
Əkrəminia vurğulayıb ki, İran Silahlı Qüvvələri tam hazırlıq vəziyyətində qalır. O deyib ki, hazırkı atəşkəs şəraiti müharibə vəziyyətindən ciddi fərqlənmir, buna görə də döyüş hazırlığı qorunub saxlanılır.

Xatırladaq ki, aprelin 5-də ABŞ-ın İran səmasında vurulan təyyarəsinin pilotlarını xilasetmə əməliyyatı keçirlib. Bu zaman İran qüvvələri ilə ABŞ hərbçiləri arasında toqquşma yaşanıb.
ABŞ prezidenti Donald Tramp İran ərazisi üzərində vurulan Amerika F-15E qırıcı təyyarəsindən iki ekipaj üzvünün uğurla xilas edildiyini bildirib./modern.az


MANŞET XƏBƏRLƏRİ