Orta məktəbləri polislər mühafizə edəcək? - Ekspert DANIŞDI


Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbinə edilən silahlı hücum Azərbaycan cəmiyyətində də geniş müzakirələrə səbəb olub.

Turkustanaz bildirir ki, bu kontekstdə ölkəmizin orta təhsil müəssisələrinin mühafizəsi ilə bağlı vəziyyət yenidən aktuallaşıb.

Məlumat üçün bildirək ki, 2025-2026-cı tədris ili üçün Azərbaycan təhsil müəssisələrində mühafizə xidmətinin gücləndirilməsi məqsədilə 7 milyon manatdan çox vəsait ayrılıb.

Bəs görəsən, Azərbaycanda orta təhsil müəssisələrinin mühafizəsi necə təşkil edilir? Bu sahədə hansı addımlar atılıb? Uşaqların rahat tədris prosesində iştirakı necə qorunur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Türkiyədə baş verən hadisə bir neçə ay əvvəl Bakıda "İdrak" liseyində də baş vermişdi:

"Təəssüf ki, ölkəmizdə və xaricdə heç kim bu cür hadisələrdən sığortalanmayıb. Bu cür xoşagəlməz proseslərin əsas səbəbi yeniyetmələrin sosial şəbəkələrdə aludə olduqları müharibə oyunlarıdır. Bu oyunlar psixoloji cəhətdən uşaqlara təsir edir. Digər tərəfdən, Azərbaycanda və Türkiyədə baş verən hadisələrdə oxşarlıq var. Həmin şəxslər özlərini kiməsə bənzətməyə çalışırlar. Hətta öncədən sosial şəbəkələr üzərindən paylaşımlar edərək, kimlərəsə oxşamaq, ölüm və qətl hadisələri kimi məsələlərdə özlərini məşhurlaşdırmaq üçün təşəbbüslər irəli sürürlər. Sonda ağır nəticələr yaşanır".

Məzahir Məmmədli: Ən azından iri məktəblərdə bir silahlı polisin olması çox vacibdir

Ölkəmizdə orta təhsil müəssisələrinin mühafizəsinə toxunan M. Məmmədlinin fikrincə, xüsusilə şagird sayı az olan məktəblərdə mühafizəçilər əsasən yaşlı kişilər və qadınlardır. Onlar ancaq şagirdlərin məktəbə giriş və çıxışına nəzarət edirlər.

"Paytaxt Bakıda və regionlarda yerləşən iri məktəblərdə isə kameralaşma demək olar ki, başa çatıb. Lakin bununla yanaşı, xüsusi mühafizə olunan məktəblərin sayı çox azdır. Özəl məktəblər bu məsələni şirkətlər vasitəsilə həll edir, amma ümumitəhsil müəssisələrində yalnız xüsusi təyinatlı mühafizə qrupları ilə müqaviləsi var. Bunu isə Elm və Təhsil Nazirliyi həyata keçirir", - deyə müsahibimiz bildirib.

Ekspert təklif edir ki, məktəblərin mühafizəsində Daxili İşlər Nazirliyinin xüsusi silahlanlanmış polis əməkdaşlarının iştirakına keçid olunmalıdır:

"Ən azından iri məktəblərdə bir silahlı polisin olması çox vacibdir. Düşünürəm ki, yaşanan məlum hadisələrdən sonra Daxili İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi arasında müqavilə şəkilində mühafizə üçün əməkdaşlar ayrıla bilər".


MANŞET XƏBƏRLƏRİ