Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının Qırğızıstanda qırğız dilində “Men ubakıttan utuldum” (“Mən zamana uduzdum”) adlı şeirlər kitabı nəşr olunub.
Turkustan.az xəbər verir ki, kitab Qırğızıstan Yazıçılar Birliyi Oş vilayəti bölməsinin tövsiyəsi və həmin bölmənin rəhbəri, Oş Dövlət Universitetinin müəllimi Bermet Zakirovanın rəyi əsasında işıq üzü görüb. Bu nəşr iki qardaş xalq arasında qurulan ədəbi körpülərin möhkəmləndiyini göstərən, sözün sərhəd tanımadığını sübut edən mənəvi bir görüş, qələm adamlarının ədəbiyyata və ulu sözə olan ehtiramının təzahürü kimi qiymətləndirilir.
Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Muqimcon Nurboyevdir. Şeirləri qırğız türkcəsinə Aykın Mamatova uyğunlaşdırıb.
Xatırladaq ki, əslən Kəlbəcər rayonundan olan Namiq Dəlidağlının indiyədək “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər”, “Sevgi sukunti” (“Sevgi sükutu”) (Özbəkistan) adlı şeir kitabları, Şuşa fatehlərindən olan şəhid Sahib Musayevin qəhrəmanlığından bəhs edən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik toplusu, eləcə də “Namiq Dəlidağlı – Sözdə görünən adam” portret cizgiləri kitabı işıq üzü görüb. O, həmçinin dörd publisistik toplunun həmmüəllifidir.
Namiq Dəlidağlı eyni zamanda bir çox kitabın redaktoru, tərtibçisi və ön söz müəllifidir. Onun şeir və məqalələri ABŞ, Cənubi Koreya, Türkiyə, Pakistan, Orta Asiya, eləcə də bir sıra Avropa ölkələrinin mətbuatında ardıcıl dərc olunur. Şeirləri həm Azərbaycanda, həm də xaricdə nəşr edilən müxtəlif ədəbi toplularda yer alıb. “Men ubakıttan utuldum” şeirlər toplusu müəllifin ölkə xaricində nəşr olunan sayca ikinci kitabıdır.
