İstanbuldakı Topqapı Mədəniyyət Məhəlləsindəki Azərbaycan Evinin təmir və yenidənqurmadan sonra açılışı olub


Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türk dünyası Mədəniyyət Məhəlləsindəki Azərbaycan Evi təmir və yenidənqurmadan sonra Novruz Bayramı tədbirləri çərçivəsində təntənəli mərasimlə ictimaiyyətə təqdim edilib.
Tədbirdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nuri Aslan, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı Baş konsulluğumuzun konsulu Mürşüd Məmmədov, dövlət nümayəndələri, bu şəhərdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, Qeyri-Hökumət təşkilatlarının başçıları, yerli Azərbaycan diasporasının təmsilçiləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Samir Abbasov çıxışında “bir millət, iki dövlət” prinsipini vurğulayaraq Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin daha da genişləndirilməsinin və milli dəyərlərimizin təbliğinin əhəmiyyətindən danışıb. O, yenidən qurulan Azərbaycan Evinin İstanbul kimi tarixi və mədəniyyətlərin qovuşduğu bir şəhərdə təqdim olunmasının önəmini qeyd edərək, bu məkanın ölkəmizin tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə maraqlanan hər kəs üçün açıq olduğunu bildirib.
Nuri Aslan isə çıxışında Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi qardaşlıq münasibətlərinə və ortaq dəyərlərə diqqət çəkib. O, yeni yaradılan Azərbaycan Evinin İstanbulun zəngin mədəni və turizm marşrutuna əlavə dəyər qatacağını, eyni zamanda ziyarətçilərə qardaş ölkə Azərbaycanı daha yaxından tanımaq imkanı verəcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Evinin girişində üçrəngli bayrağımızın fonunda yerləşdirilən Dövlət Xəritəsi qonaqları salamlayır. Məkanda dövlətçiliyimiz, tariximiz, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və milli mədəniyyətimizə dair guşələr yer alır. Burada Heydər Əliyevin “Biz bir millətin iki dövlətiyik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə yanaşı, portretləri də nümayiş olunur.
Azərbaycan Evində milli musiqi alətləri, geyim nümunələri, xalçalar, kəlağayılar, əl işləri və tarixi silah nümunələri sərgilənir, pəncərələr isə milli şəbəkə motivləri ilə bəzədilib. Kitabxana bölməsi də dövlətçilik, tarix və mədəniyyətə dair nəşrlərlə zənginləşdirilib.
Xatırladaq ki, İstanbulda yerləşən “Türk Dünyası Mədəniyyət Məhəlləsi” açıq hava muzeyində də türkdilli xalqların mədəniyyətini əks etdirən müxtəlif eksponatlar nümayiş olunur.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.


MANŞET XƏBƏRLƏRİ