Qazaxıstan Respublikasının Xarici İşlər nazirinin müavini Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib


3 aprel 2026-cı il tarixində Qazaxıstan Respublikasının Xarici İşlər nazirinin müavini cənab Alibek Bakayev Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüşüb.

Görüş zamanı Türk dünyasının ortaq mədəni irsinin qorunması və beynəlxalq müstəvidə təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Tərəflər Qazaxıstanın mədəni irsinin Fondun layihələrində daha geniş təmsil olunması, maddi mədəni nümunələrin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün yeni mexanizmlərin yaradılmasını müzakirə ediblər. Həmçinin 2026-cı il üçün planlaşdırılan birgə təşəbbüslərin müasir texnologiyalardan istifadə edilməklə və daha praktiki nəticələrin əldə olunması hədəfi ilə həyata keçirilməsi məsələsi dəyərləndirilib.

Fondun prezidenti professor xanım Aktotı Raimkulova qeyd edib ki, Qazaxıstan Türk Mədəniyyəti və İrsi Fondunun qurucu dövlətlərindən biri kimi təşkilatın fəaliyyətinə hər zaman böyük dəstək verir. O, Fondun türk xalqlarını birləşdirən ortaq dəyərlərin qorunması istiqamətindəki fəaliyyətinin Qazaxıstanla sıx əməkdaşlıq şəraitində davam edəcəyini vurğulayıb.

Cənab nazir Alibek Bakayev öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirərək, Qazaxıstan Xarici İşlər Nazirliyinin Fondun həyata keçirdiyi proqramlara hər tərəfli dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Sonda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gələcək mərhələlərdə daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb, ikitərəfli əlaqələrin davam etdirilməsinə hazır olduqlarını ifadə ediblər.


MANŞET XƏBƏRLƏRİ