Aşıq İnsafə Əhmədova - 60
Sazın hikməti əsrlərin sınağından çıxmış bir nur kimidir. Saz xalqın yaddaşını dilləndirir, köklərə bağlılığı qoruyur, ruhu saflaşdırır. Sözün şöhrəti isə sazın simlərində can tapanda daha ucalır, daha təsirli olur. Bu müqəddəs vəhdət Azərbaycan aşıq sənətinin əbədi yaşarlığını təmin edən əsas qüvvədir. Elə bu sənətin qədim ocaqlarından biri olan Qazax rayonu, xüsusilə də İncə dərəsi, zaman-zaman neçə-neçə ustad aşıqlar yetişdirərək saz-söz aləminə öz möhürünü vurub. Ta qədimlərdən Türklərin həyat tərzini, mədəniyyətini, fikir xəzinəsini özündə daşıyan saz duyğuların ifadəsində əvəzsiz rol oynayıb. Saz türk dünyasının ən əzəmətli musiqi alətlərindəndir desək, hesab edirəm daha düzgün olar. Onu döyüşlərdə də səsləndiriblər, toylarda da, el şənliklərində də. Saz çox müdrik həmsöhbət, həmdərddir. Ona duyğularını etibar etmək, dərdini onunla bölüşmək, baş-başa verib danışmaq belə olar. Bu zaman saz öz səsi, avazı ilə kədərinə məlhəm olub, sevincinə sevinc qatacaq. Şifahi xalq ədəbiyyatının çox zəngin qolu olan aşıq ədəbiyyatı məhz sazın, saz havalarının, aşıq mahnılarının üzərində qurulub. Hər havanın və mahnının da öz tarixi var. Saz ata-babalarımızın əsrlər boyu qoruyub saxladığı, bu alət vasitəsi ilə öz tarixini, mədəniyyətini folklorumuzda əbədiləşdirdiyi əvəzsiz musiqi alətidir. Bu gün o, hamı ilə öz dilində danışır və milli Azərbaycan musiqisinin gözəlliyini, zənginliyini bütün dünyaya bəyan edir. Türk dünyasının birliyinin, əzəmətinin rəmzi, qürur mənbəyi olan saz nə yaxşı ki, bu gün də bizimlədir və nə yaxşı ki, etibarlı əllərdədir.
İncə dərəsinin yaddaşında yaşayan ustadların – aşıq Avdı, aşıq Cəlal, aşıq Yəhya, aşıq Sadıq kimi sənətkarların nəfəsi bu gün də duyulur. Onların arasında xüsusi çəkisi ilə seçilən, səsi ilə könülləri titrədən bir insan da vardı – Sabir kişi. O, sazın sirrini dərindən bilən, zil səsi ilə yadda qalan, sənətkarların belə hesablaşdığı bir sənət bilicisi, el ağsaqqalı idi. Bu zəngin irs isə zamanın axarında itib-batmadı, öz davamını tapdı. Bu davamın adı İnsafə oldu.
1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açan İnsafə Əhmədova həyatın sadə yollarından keçsə də, ruhən hər zaman sazın sehrinə bağlı yaşadı. Orta məktəbin 8-ci sinfini bitirib Maşınqayırma texnikumunda təhsil alsa da, onun əsl məktəbi atasının ocağı, sazın dili, sözün hikməti idi. Atasından aldığı bu mənəvi miras sanki onun taleyinə çevrildi.
İnsafə xanımın sənətə gəlişində xalası oğlu, şair Mübariz Qaragözlü də mühüm rol oynadı. Onun dəstəyi və yönləndirməsi ilə İnsafə Əhmədova təkcə saz çalan deyil, sazı yaşadan sənətkarlardan birinə çevrildi. O, atasının yolunu davam etdirərək qədim, az qala unudulmaq üzrə olan aşıq havalarını dirçəldib yenidən xalqın yaddaşına qaytardı. Onun səsi şirin, məlahətli və ürəklərə toxunan bir səsdir. İfa tərzi isə peşəkarlığı, duyğusallığı və səmimiyyəti ilə seçilir. Kəmərli kənd Mədəniyyət evində 20 ildən artıq bədii rəhbər kimi fəaliyyət göstərən İnsafə Əhmədova yalnız bir ifaçı deyil, həm də mədəniyyət daşıyıcısı oldu. Bayram şənliklərində, hərbçilərlə görüşlərdə, müxtəlif mədəni-kütləvi tədbirlərdə onun ifası insanların qəlbini riqqətə gətirir, sazın sehrini bir daha yaşadırdı.
Onunla uzun illər çiyin-çiyinə çalışan, Kəmərli kənd mədəniyyət evinin direktoru kimi fəaliyyət göstərmiş Yetər Tüyürlü isə İnsafə Əhmədova haqqında belə deyir:
“İnsafə təkcə saz çalan deyil, sazı yaşadan sənətkardır. Onun ifasında elin nəfəsi, keçmişin izləri var. Hər dəfə səhnəyə çıxanda o, sanki sazla danışır, saz da onun dilini anlayır. Belə sənətkarlar nadir olur.”
İnsafə xanım Azərbaycan Aşıqlar Birliyinin üzvü kimi də sənətə sədaqətini sübut edib. Ailədə iki övladın böyüdüyü bir ocaqdan çıxan İnsafə Əhmədova atasından gələn istedadın ən parlaq davamçısı oldu. Qardaşı olsa da, sazın yükünü, sözün məsuliyyətini daşıyan məhz o oldu.
Bu gün biz onun 60 illik yubileyinə doğru boylanarkən, yalnız bir sənətkarın ömür yoluna deyil, bütöv bir sənət ənənəsinin yaşamasına şahidlik edirik. İnsafə Əhmədova sazı ilə keçmişi bu günə bağlayan, sözü ilə könüllərə yol tapan, sənəti ilə yaddaşlara həkk olunan bir aşıqdır. Onun ömrü sazın simlərində titrəyən bir nəğmə kimidir. Köklü, duyğulu və əbədi bir nəğmə.
60 illik ömür yolunada, əslində biz bir insan taleyindən çox, sazın taleyini görürük. İnsafə Əhmədova sazın simlərində keçmişin izlərini qoruyan, sözün nəfəsində elin yaddaşını yaşadan sənətkardır. Onun barmaqları simlərəAşıq İnsafə Əhmədova-60 toxunduqca zaman dayanır, köhnə havalar yenidən doğulur, unudulmuş aşıq mahnıları yenidən dil açır. Səsi isə elə bir səsdir ki, sanki İncə dərəsinin mehindən, dağların səssizliyindən, elin sevinc və nisgilindən yoğrulub.
İnsafə xanımın ömrü sazla yazılan bir dastandır, desəm daha doğru olar. Səsləndirdiyi hər aşıq mahnısı bir xatirə, hər ifası bir tarix, hər çıxışı bir ömür parçasıdır. O, sadəcə oxumur, yaddaşı danışdırır.
Zaman keçəcək, nəsillər dəyişəcək, amma belə sənətkarların səsi heç vaxt itib-batmayacaq. Çünki onların sənəti torpaq kimi dərin, kök kimi möhkəm, saz kimi əbədidir.
60 illik yubileyiniz mübarək olsun, əziz aşıq İnsafə Əhmədova! Sazınızın səsi daim ucalardan gəlsin, sözünüz el yaddaşında əbədi yaşasın…
Qalib Rəhimli.