Yeni nüvə silahı yarışı: Supergüclər hansı oyunu qurur?


ABŞ soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir.

Bunu ABŞ-nin energetika naziri Kris Rayt Nümayəndələr Palatasının Büdcə Təxsisatı Komitəsinin dinləmələrində bildirib. Onun sözlərinə görə, ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası yeni və inkişaf edən təhdidlər fonunda təhlükəsiz, etibarlı və effektiv nüvə qarşısının alınması missiyasını yerinə yetirməyə davam edir.

Nüvə silahının istehsalının artması qlobal təhlükəsizlik mühitinə necə təsir edə bilər? Bu vəziyyət strateji silahların məhdudlaşdırılması üzrə beynəlxalq razılaşmaların gələcəyini hansı istiqamətdə dəyişə bilər?

Mövzu ilə bağlı politoloq Taleh Əliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərin görə, böyük dövlətlər arasında qlobal səviyyədə razılaşma olmazsa, nüvə silahı istiqamətində yeni yarışmanın başlaması və qarşıdakı dövrdə dünyanın yeni nüvə silahları ilə silahlanmasının şahidi ola bilərik:

"ABŞ ilə Rusiya arasında nüvə silahının azalması ilə bağlı imzalanan müqavilənin Amerika tərəfindən uzadılmamasının başlıca səbəbi üçüncü nüvə dövləti olan Çinin bu sazişə qoşulması ilə bağlı tələblər idi. Çin tərəfi isə ABŞ və Rusiya ilə müqayisədə nüvə arsenalının daha çox olduğunu bildirərək, bu proqrama qoşulmaq istəmir”.

Taleh Əliyev: ABŞ nüvə sənayesini yeniləmək istiqamətdə müasir avadanlıqlardan istifadəyə üstünlük verir

“Müasir nüvə silahları daha qabaqcıl texnologiyalar əsasında hazırlanır” deyən T.Əliyev qeyd edib ki, bu baxımdan ABŞ-nin əsas rəqibi Rusiya deyil, Çindir. Ona görə də ABŞ özünün nüvə sənayesini yeniləyir və bu istiqamətdə müasir avadanlıqlardan istifadə etməyə üstünlük verir.

Politoloq bildirib ki, bu prosesin bəşəriyyət üçün yeni nüvə riski yaratması şübhəsizdir.

"Bu prosesə digər nüvə dövlətlərinin qatılması və özünəməxsus nüvə silahları yaratması da mümkündür. Biz qarşıdakı dövrdə bunun şahidi ola bilərik", - deyə Taleh Əliyev əlavə edib.


MANŞET XƏBƏRLƏRİ