Türkiyə Şanlıurfanın Siverek rayonundakı liseydə baş verən silahlı hücumun şoku hələ sovuşmamış, ölkə dünən Kahramanmaraşda yerləşən bir orta məktəbdə törədilən qırğınla yenidən sarsılıb.
Turkustan.az xəbər verir ki, səkkizinci sinif şagirdi İsa Aras Mersinli beş silah və yeddi maqazinlə məktəbə gələrək iki sinif otağına daxil olub və fərq qoymadan atəş açıb. Hücum nəticəsində doqquz nəfər həyatını itirib, 20 nəfər yaralanıb.
Hadisənin araşdırılması davam edərkən hücumçunun atası, polis müfəttişi Uğur Mersinli saxlanılıb, daha sonra isə ifadəsi alınıb. Məhkəmədə o bildirib:
“Oğlum İsa Arasın bu hadisədə istifadə etdiyi silah və sursat mənə məxsusdur. Mənim yeddi lisenziyalı odlu silahım və iki ov tüfəngim var və bunlar qanuni olaraq mənim adıma qeydiyyatdan keçib. Oğlum bu silahlardan beşini hadisə yerinə aparıb.”
Ata qeyd edib ki, silahlar yataq otağında saxlanılır və hamısı kilidli sandıqlardadır:
“Silahlar və sursatlar xüsusi sandıqlarda yerləşdirilib, maqazinlər isə silahlara taxılı vəziyyətdə olmur. Onları istifadə edərkən müxtəlif sandıqlardan çıxarıram. Sandıqlar avtomatik kilidlənir. Oğlumun bunları necə açdığını bilmirəm, çünki yanında sandıqları açdığımı xatırlamıram.”
Ata oğlunun texnologiyaya meylli olduğunu bildirib:
“Oğlum çox bacarıqlı internet istifadəçisi idi, hətta öz VPN-i var idi. İngilis dilində sərbəst danışırdı. Çox ağıllı idi, amma yeniyetməlik dövrünə xas problemlər və imtahan stressi yaşayırdı. Kompüter oyunları oynayırdı, lakin otağına daxil olanda hər şeyi bağlayırdı.”
Ata əlavə edib ki, oğlu son aylarda psixoloji dəstək alırdı:
“Təxminən iki aydır ki, onu evimizə yaxın özəl psixoloqa aparırdım. Psixoloq onun sosial uyğunlaşmada çətinlik çəkə biləcəyini və nəzarətə ehtiyacı olduğunu demişdi. Sonuncu görüş üç həftə əvvəl olub, lakin son vaxtlar getmək istəmirdi.”
“O, kompüter və telefondan əsasən ingilis dilində istifadə edirdi. Mən bu dili bilmədiyim üçün nə etdiyini izləyə bilmirdim. Tez-tez müharibə oyunları oynayırdı. Soruşanda isə konkret cavab vermirdi.”
Ata bildirib ki, hadisədən əvvəl oğlunu atıcılıq poliqonuna aparıb:
“Təxminən bir ay əvvəl dostları ilə atəş məşqi etmək istədiyini dedi. Bazar ertəsi polis atıcılıq poliqonuna getdik, mən öz silahımla atəş açdım və ona da bir neçə dəfə atəş açmağa icazə verdim.”
Aytən Yaşar/ Turkustan.az