Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev vəfat edib.
Turkustan.az Lent.az-a istinadla tanınmış aktyor haqqında məlumat verir.
- Rasim Balayev kimdir?
Rasim Balayev görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü və Xalq artistidir.
- Rasim Balayev nə zaman və harada anadan olub?
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub.
- Rasim Balayev harada təhsil alıb?
Rasim Balayev 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
- Rasim Balayev neçə yaşından aktyor kimi fəaliyyətə başlayıb?
Rasim Balayev 1972-ci ildə (24 yaşında) “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə aktyor “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda da filmlərə çəkilib.
- Rasim Balayev ilk dəfə hansı filmdə rol alıb?
Rasim Balayev ilk dəfə “Ulduzlar sönmür” filmində çəkilib. Aktyor sonradan “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərdə müxtəlif obrazlarda rol alıb.
- Rasim Balayev aktyorluqdan başqa hansı işlə məşğul olub?
Rasim Balayev onlarla filmdə müxtəlif obrazları səsləndirib.
- Rasim Balayev hansı vəzifələrdə çalışıb?
Rasim Balayev 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri olub.
- Rasim Balayev hansı mükafatlara layiq görülüb?
Rasim Balayev 1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
- Rasim Balayev niyə həbsxanaya düşüb?
Rasim Balayev gənc yaşlarında dava-dalaşa görə saxlanılıb. Bu hadisə xuliqanlıq kimi qiymətləndirildiyi üçün o, Gəncə həbsxanasında 3 aya yaxın cəza çəkib.
- Rasim Balayev psixi dispanserdə yatıb?
Rasim Balayevin atasının ölüm xəbərindən sonra bir müddəti psixi dispanserdə qaldığı bildirilir. Həmin vaxt onun ikinci oğlu dünyaya gələndə xəbər göndərir ki, uşağın adını Asim qoysunlar, ölsəm, adının əvvəlinə “R” hərfi əlavə edərsiniz.
- Rasim Balayev “Nəsimi” roluna necə çəkildi?
Rasim Balayev dispanserdə olarkən rejissor Həsən Seyidbəyli və yazıçı İsa Hüseynov “Nəsimi” roluna aktyor axtarıblar. Həmin günlərdə efirdə Rasim Balayevin hansısa görüntüsü təqdim edilir və Seyidbəyli Tədris Teatrında gördüyü oğlanı xatırlayır. İsa Hüseynovla birgə Rasimi filmə çəkmək barədə söhbət başlayır. Lakin bu barədə xəstəxanada yatan Rasim Balayevə məlumat çatanda gənc aktyor deyir ki, mənim ömrümə az qalıb, sizi yarıyolda qoymaq istəmirəm. Həm də, “Nəsimi” roluna seçiləcəyinə inanmır. Bundan sonra Həsən Seyidbəyli səhiyyə nazirinə zəng edir və Rasim Balayev müayinə olunaraq Mərdəkandakı əsəb sanatoriyasına yerləşdirilir. Ssenari ilə də burada tanış olur.
- Rasim Balayev nə zaman və harada vəfat edib?
Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.
- Rasim Balayev harada dəfn olunacaq?
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunacaq.