Trampın açıqlaması nəyə işarə idi? 2 gün ərzində nələr olacaq? - ŞƏRH


ABŞ prezidenti Donald Trump İranla danışıqlar prosesi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

O bildirib ki, yaxın 2 gün ərzində mühüm hadisələr baş verə bilər və yeni mərhələyə keçid ehtimalı yüksəkdir.

Məlumata görə, Vaşinqton və Tehran arasında danışıqların davam etdirilməsi nəzərdən keçirilir və yaxın günlərdə yeni görüşün keçirilməsi gözlənilir.

Lakin buna baxmayaraq, tərəflər arasında əsas məsələlər üzrə ciddi fikir ayrılıqları qalmaqdadır. Xüsusilə şərtlər və tələblər üzərində razılığın əldə olunmaması danışıqlar prosesini çətinləşdirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Hazırkı vəziyyət fonunda həm diplomatik həll variantı, həm də gərginliyin davam etməsi ehtimalları paralel şəkildə gündəmdə qalır.

Maraqlıdır görəsən, Donald Tramp bu açıqlaması ilə nəyi nəzərdə tuturdu? Yaxın 2 gün ərzində nələr baş verə bilər?

Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi

Oqtay Qasımov

Biz Donald Trampdan vaxtaşırı maraqlı açıqlamalar eşidirik və onun bugünkü bəyanatı da yenə diqqət çəkdi. O bildirdi ki, yaxın iki gün ərzində sürprizlər olacaq. Hesab edirəm ki, bu açıqlama hazırda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında davam edən intensiv danışıqlarla bağlı ola bilər. Bu gün Pakistan ordusunun komandanı da məhz ABŞ tərəfinin təklif və mesajlarını çatdırmaq, həmçinin mövcud məsələləri müzakirə etmək üçün İrana səfər edib.

Ehtimallar ondan ibarətdir ki, tərəflər yaxın zamanda növbəti görüş keçirə və bəzi məsələlər üzrə müəyyən razılaşmalar əldə edə bilərlər. Bundan əlavə, Donald Tramp Çin səfiri ilə də görüşüb və ABŞ-ın bəzi narahatlıqlarını Çin tərəfinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, Çin İrana silah tədarükünün məhdudlaşdırılması ilə bağlı müəyyən zəmanətlər verib. Doğrudur, bu məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini demək çətindir.

Lakin ümumilikdə belə görünür ki, həm Çinlə aparılan müzakirələr, həm də İranla danışıqlar çərçivəsində müəyyən ortaq məqamlar tapıla bilər. Xüsusilə Hörmüz məsələsində Çin və ABŞ mövqelərinin müəyyən qədər yaxınlaşması ehtimalı var. Çünki Çin enerji təchizatının mühüm hissəsini məhz bu marşrut vasitəsilə əldə edir və boğazın açıq qalmasında maraqlıdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Donald Tramp tez-tez bu tip açıqlamalar verir və onların bir qismi sonradan ya reallaşmır, ya da gözlənildiyi kimi nəticələnmir.

Bu baxımdan, hazırkı bəyanatla bağlı qəti fikir söyləmək hələlik çətindir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ