ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində mühüm addım atıla bilər. Hazırda tərəflər mövcud atəşkəs rejiminin daha iki həftə müddətinə uzadılması imkanlarını müzakirə edirlər.
Turkustan.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi müzakirələrin gedişatına bələd olan mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti bildirib ki, nə Vaşinqton, nə də Tehran hərbi əməliyyatların yenidən başlamasını istəyir.
Qeyd olunur ki, davam edən münaqişə İranın infrastrukturuna ciddi ziyan vurmaqla yanaşı, dünya bazarında enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb olub. Bu iqtisadi zərbələr hər iki ölkəni geri addım atmağa məcbur edir.
Digər tərəfdən, Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tahir Andrabi mövzu ilə bağlı ehtiyatlı danışıb. O bildirib ki, İslamabad hələlik ABŞ və İran arasında keçiriləcək sülh danışıqlarının ikinci raundunun dəqiq tarixini açıqlaya bilmir. Diplomata görə, hələlik nə amerikalılar, nə də iranlılar yeni görüşlə bağlı rəsmi razılıq verməyiblər./Publika.az