Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri


Kamal Adıgözəlov

XI məqalə

Azərbaycanın iqtisadi və enerji diplomatiyasının inkişaf etdirilməsi

Müasir mərhələdə xarici siyasətin kifayət qədər mürəkkəb struktur və funksional xarakteristikalara malik olduğu məlumdur. Xüsusilə XXI əsrin geosiyasi gerçəklikləri bu istiqamətdə bir çox yeni məqamları ortaya çıxarıb. Bu səbəbdən mütəxəssislər xarici siyasətdə iqtisadi və enerji diplomatiyasının əhəmiyyətindən getdikcə daha çox bəhs edirlər. O cümlədən bu aspektlərin hər birinin yeni məzmun aldığı vurğulanır. Bu prosesin fonunda yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında iqtisadi və enerji diplomatiyasının ayrıca yer tutması tamamilə normal haldır. Və hətta bir zərurətdir. Məsələnin bu tərəfinin siyasi-nəzəri təhlili olduqca vacibdir.

Yeni mərhələ və iqtisadi faktor: artan aktuallıq

Sovet İttifaqının və Şərq blokunun dağılması ilə müstəqillik əldə etmiş respublikalar üçün uğurlu xarici siyasət konkret dövlət quruculuğu kursu çərçivəsində bütün istiqamətlərdə fəaliyyətin səmərəliliyini tələb edirdi. Burada təbii ki, məntiqi ardıcıllıq və sistemlilik həlledici məqamlar kimi öz yerini tutmalı idi. Həmin sırada hər bir müstəqil ölkə üçün xarici siyasətin prioritetlərinin bir-biri ilə daxili məntiqi və siyasi bağlantısı olan istiqamətlərdən ibarət olması bir şərt kimi qarşıda dururdu.

Bu aspektdə yeni tarixi mərhələdə "qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi", "türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi" və "strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması" kimi prioritet istiqamətlərin qarşılıqlı əlaqələri aydın görünür. Eyni zamanda, onlarla səsləşən və müəyyən mənada hamısını əhatə edən istiqamət də dəqiq müəyyən olunmalı idi. Bu istiqamət aşağıdakı kimi formulə edilib: "Azərbaycanın iqtisadi və enerji diplomatiyasının inkişaf etdirilməsi".

Adından da göründüyü kimi, 10-cu istiqamət, faktiki olaraq, öncə vurğulanan istiqamətləri tam əhatə edir. Onların hər biri ayrılıqda iqtisadi və enerji diplomatiyasına birbaşa aidiyyəti olan sferalardır. Qonşu ölkələr, daha geniş miqyasda türk dövlətləri və sonra Avropa, Rusiya, Yaxın Şərq, Asiya-Sakit okean regionu istiqamətlərində strateji tərəfdaşlıq məsələləri birbaşa iqtisadi və enerji diplomatiyası ilə bağlıdır.

Vurğuladığımız sistemlilik və məntiqi bağlılıq kontekstində xarici siyasətin iqtisadi və enerji diplomatiyası istiqaməti üzərində geniş dayanaq. Öncə ayrı-ayrılıqda, sonra isə ikisinin sintezində bir sıra özəlliklərə nəzər salaq.

Xarici siyasətdə iqtisadi diplomatiya

"İqtisadi diplomatiya" anlayışı politologiyada və iqtisadi nəzəriyyələrdə geniş təhlil edilir. Onun üç tərkib hissəsindən bəhs edilir. Birincisi, ixracın artırılması, ikincisi, xarici investisiyaların cəlb edilməsi, üçüncüsü, beynəlxalq iqtisadi təşkilatlarda iştirak (bax: 1). Deməli, mahiyyətcə, iqtisadi diplomatiya xarici siyasətin ayrılmaz tərkib hissəsidir. O, tarixən fərqli məzmun və məqsəd alıb. Lakin ticarəti bütövlükdə xarici siyasətin aparıcı faktorlarından biri kimi qəbuletmə mərhələsi də olub. Yəni, ən müxtəlif tarixi dönəmlərdə iqtisadi diplomatiya dövlətlərarası münasibətləri formalaşdıran başlıca istiqamət kimi qiymətləndirilib.

Bu dinamika daxilində iqtisadi diplomatiyada dövlətin öz iqtisadi maraqlarını xaricdə təmin etməsi tendensiyası XX əsrin əvvəllərindən daha da güclənib. Buna politologiyada proteksionizm siyasəti deyirlər (bax: 2, s. 55).

Bunları nəzərə alaraq politoloqlar iqtisadi diplomatiyanı dövlətin dünya miqyasında milli maraqlarını təmin etmək mexanizmlərindən və iqtisadi maraqları diplomatik üsulla qorumaq istiqamətlərindən biri kimi xarakterizə edirlər (bax: 3, s. 34-36).

Bunlardan başqa, politoloqlar müasir iqtisadi diplomatiyanın üç başlıca tərkib hissəsini ayırırlar. Onlar kommersiya diplomatiyası və ictimai təşkilatların fəaliyyəti, ticarət və sərmayə üzrə ikitərəfli müqavilələr və struktur siyasəti və beynəlxalq təşkilatların fəaliyyətidir (bax: 4).

Yuxarıda vurğulanan məqamlar kontekstində Azərbaycanın da müstəqillik mərhələsində xarici siyasətində iqtisadi diplomatiyanın yeri və rolu araşdırılır. Göstərilir ki, bu istiqamətdə əsas yeri neft faktoru tutub. Eyni zamanda, sonrakı mərhələlərdə iqtisadi diplomatiyanın əhatə dairəsi genişlənib və hazırda çoxaspektli bir proses kimi çıxış edir (bax: məs., 5).

Vurğulanan məqamlardan belə nəticə hasil olur ki, müasir mərhələdə iqtisadi siyasət bütövlükdə dövlətin həyatında və fəaliyyətində mühüm yer tutur. Bu məqamın xarici siyasətin strategiyasında düzgün nəzərə alınması dövlətçiliyin uğurunu təmin edir. Təcrübə göstərir ki, indiki mərhələdə iqtisadi diplomatiya müstəqil dövlətin milli, regional və qlobal miqyaslarda yeri və rolunu, onun geosiyasi və geoiqtisadi mövqeyini müəyyən edən başlıca faktordur. Azərbaycan Prezidenti İlham Əliyev həmin istiqamətdə məharətli diplomatik fəaliyyəti ilə çox böyük uğurlar əldə edib. Azərbaycan iqtisadi diplomatiya sayəsində milli ilə yanaşı, regional və qlobal miqyaslarda elə uğurlar əldə edib ki, postsovet məkanında onu təkrar edə bilən ikinci dövlət yoxdur.

Həm də İlham Əliyevin iqtisadi diplomatiyası bütövlükdə iqtisadi sistemin bütün tərkib hissələrini əhatə edir. Bu baxımdan Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf strategiyasının müddəaları çox önəmlidir. Orada, faktiki olaraq, dövlətin qarşıdakı illərdə iqtisadi inkişafının başlıca istiqamətləri öz əksini tapıb. Bununla bağlı hazırlanmış sənəddə göstərilir ki, "İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır" (bax: 6).

2030-cu ilə qədər strateji inkişaf kursunda 5 Milli Prioritetdən birincisi aşağıdakı kimi ifadə olunur: "dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat" (bax: əvvəlki mənbəyə). Bu, yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiyanın hansı məqsədi qarşısına qoyduğunu dəqiq ifadə edir. Aydın olur ki, başlıca məqsəd dayanıqlı və rəqabətədavamlı iqtisadiyyat formalaşdırmaqdan ibarətdir. Yəni, yeni mərhələdə iqtisadi diplomatiya həm dayanıqlı, həm də dünya miqyasında istənilən rəqabət şəraitində uğurlu ola biləcək iqtisadi infrastruktur yaratmağa xidmət etməlidir.

Etiraf edək ki, kifayət qədər mürəkkəb bir vəzifədir. Lakin təcrübə göstərir ki, Prezident İlham Əliyev ən çətin vəzifələrin öhdəsindən gəlir və dövləti yüksəlişə aparır. Bu baxımdan dayanıqlı və rəqabətədavamlı iqtisadi sistemin daha da mükəmməl bir səviyyəyə yüksəldiləcəyi şübhə doğurmur. Artıq bu istiqamətdə yeni layihələrin və diplomatik addımların atıldığı müşahidə edilir. Həmin sırada enerji layihələri, enerjinin daşınması marşrutlarının şaxələnməsi və qlobal əhəmiyyətli iqtisadi tədbirlərin təşkili ciddi yer tutur.

Nümunə kimi COP29-un bu ilin payızında Azərbaycanda gerçəkləşməsi prosesinin uğurla aparılmasını göstərə bilərik. İndi dünya KİV-ləri və siyasi dairələri bununla bağlı fikirlər ifadə edirlər. Hər kəs hadisəni Azərbaycanın iqtisadi diplomatiyasının böyük uğuru kimi qiymətləndirir. Çünki COP29 müasir dünyada iqtisadiyyata ciddi təsir edən iqlim dəyişikliklərini müzakirə meydanı olacaqdır. İqlim dəyişikliyi iqtisadiyyatda elə bir faktora çevrilib ki, onu strateji mənzərəni müəyyən edən məqamlardan biri kimi qiymətləndirməyə tam əsas yaranıb.

Bununla bağlı ekspertlər Azərbaycanın COP29 çərçivəsində indidən "Şimal-Cənub maliyyə mexanizmi" adlandırılan bir təklifini vurğulayırlar. Bu mexanizmə görə, maliyyə sabitliyi, güzəştli şərtlərlə sərmayə yatırımı, sərmayəçilər üçün sərfəli qazanc mənbəyi və ticarət baxımından qazanclı sərmayələrin qoyuluşu təmin ediləcək (bax: 7).

Deməli, Azərbaycan diplomatiyası artıq yeni tarixi mərhələdə uğurlar üçün fəaliyyət göstərir ki, bu da konkret layihələrdə öz ifadəsini tapır. Bu çərçivədə Azərbaycanın enerji diplomatiyasının yeni mərhələdə qarşıya qoyduğu məqsədlər son dərəcə önəmlidir.

Enerji diplomatiyası yeni mərhələdə

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin payızında İtaliyanın Çernobbio şəhərində keçirilən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda ölkənin enerji strategiyasının üç mərhələsindən bəhs etmişdi (bax: 8). Dövlət başçısı üçüncü mərhələni "yaşıl enerji", "bərpaolunan enerji" faktoru ilə əlaqələndirmişdi.

Bu təsnifdən keçən cəmi iki il müddətində Azərbaycan "yaşıl iqtisadiyyat" diplomatiyası çərçivəsində "Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi" layihəsinin icrası və bütövlükdə "yaşıl enerji" koalisiyasının formalaşdırılması ilə bağlı bir çox layihələrin təşəbbüskarı və aktiv iştirakçısı olub. O cümlədən müxtəlif böyük şirkətlərlə birgə Azərbaycanda elektrik enerjisi, külək enerjisi, hidrogen enerjisi, Günəş enerjisi istehsalı ilə bağlı konkret addımlar atılıb.

Bu istiqamətdə Azərbaycanın enerji diplomatiyası Avropa ölkələri ilə əlaqələri yeni səviyyəyə yüksəldə bilib. Mərkəzi Asiyadan başlayan marşrutla Gürcüstan vasitəsilə Avropa ölkələrinə bərpaolunan enerjinin ötürülməsi ilə bağlı layihələr artıq reallaşmaqdadır. Məsələn, Qara dənizin dibi ilə Rumıniyaya, oradan da başqa Avropa dövlətlərinə elektrik enerjisinin ötürülməsi – "Qara dəniz kabeli" layihəsi dünyanın diqqətini çəkməkdədir.

Bu kimi addımların sayəsində Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş statusunda tanıdığını bir daha təsdiqləyir. Başqa beynəlxalq layihələr də mövcuddur. Burada çox maraqlı olan bir məqam Azərbaycanın "Bir kəmər, bir yol" layihəsi ilə özünün enerji layihələrini birləşdirən diplomatik xətti uğurla reallaşdırması ilə bağlıdır.

Həmin diplomatik fəaliyyət bütövlükdə Orta Dəhliz coğrafiyası ilə başqa yolların qarşılıqlı əlaqəsində enerji proyektləri ilə nəqliyyat-logistika imkanlarını birləşdirməkdən ibarətdir. Bu, yeni tarixi mərhələ üçün çox vacib bir hadisədir.

Məsələnin mahiyyəti Azərbaycanın ümumi halda yeni tarixi mərhələdə iqtisadi diplomatiya ilə enerji diplomatiyasını uğurla sintez edə bilməsindən qaynaqlanır. Belə ki, vahid siyasi kurs çərçivəsində bir neçə istiqaməti real əsasda sintez edə bilmək dərin düşünülmüş diplomatik addımlar tələb edir. Azərbaycan məsələyə yeni mərhələdə bir neçə faktorun prizmasından baxır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar.

Birincisi, Çindən başlayan marşrut üzrə Yeni İpək Yolu layihəsi kontekstində nəqliyyat-logistika dəhlizinin inkişafı. Buraya müxtəlif xarakterli layihələr daxildir ki, Türk Dövlətləri Təşkilatı (TDT) ilə Rusiya istiqaməti inteqrasiyasını nəzərdə tutur. Rusiya tərəfdən konkret olaraq Şimal-Cənub marşrutunun TDT-nin nəqliyyat-logistika imkanları ilə uyğunlaşdırılması planlaşdırılır. Belə bir addım yekunda böyük bir geosiyasi məkanda bir neçə ölkənin Orta Dəhliz kontekstində birgə fəaliyyətini təmin etməlidir.

İkincisi, xüsusi olaraq geniş bir məkanda enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır. Buraya Mərkəzi Asiyadan başlayaraq Xəzərin dibi ilə enerjidaşıyıcılarının Azərbaycana çatdırılması daxildir. Konkret desək, Qazaxıstan və Türkmənistan enerjidaşıyıcılarının Avropaya Azərbaycan vasitəsilə ötürülməsi aktual məsələ kimi qarşıda durur. Çox güman ki, yeni tarixi mərhələdə Azərbaycanın iqtisadi və enerji diplomatiyası bu məqamda koordinasiyalı şəkildə həyata keçiriləcək.

Üçüncüsü, informasiya və kommunikasiya texnologiyaları üzrə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi istiqamətində diplomatik fəallıq artırılmalıdır. Buraya TDT məkanı da daxil olmaqla geniş məkanda Azərbaycan diplomatiyasının fəaliyyəti daxildir. Başlıca məqsəd Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa geosiyasi məkanında etibarlı informasiya və kommunikasiya mühiti yaratmaqdan ibarətdir. Bunun üçün xüsusi layihələr həyata keçirilməlidir. Prosesdə Azərbaycan ayrıca təşəbbüslər göstərir. İnformasiya təhlükəsizliyi təbii olaraq bir çox dövlətin milli təhlükəsizliyinin bir parçası olur. Onun təminatı isə xarici siyasətdə yeni mərhələnin özəllikləri prizmasından həyata keçməlidir.

Bu baxımdan Qırğızıstan, Türkmənistan, Tacikistan və Qazaxıstan rəhbərlərinin Azərbaycana səfərləri əhəmiyyətlidir. Onların hər biri ilə başqa sahələrlə yanaşı, informasiya və kommunikasiya texnologiyaları sferalarında da əməkdaşlıqla bağlı müvafiq sənədlərin imzalanması yeni tarixi mərhələnin ruhuna tamamilə uyğundur.

Dördüncüsü, bərpaolunan enerjiyə xüsusi diqqətin yetirilməsi müşahidə edilir. Bu istiqamətdə layihələr Avropanın enerji təhlükəsizliyini nəzərə almaqla həyata keçirilir. Məsələnin dünya miqyasında əhəmiyyətli tərəflərindən biri bundan ibarətdir. Belə ki, hazırda Qərb enerji böhranından xilas olmağın yollarını axtarır. Müxtəlif variantlar irəli sürülür. Məsələn, Amerika Hindistandan başlayan və Qafqazdan keçməyən hipotetik və mücərrəd bir layihə təklif edib. Ekspertlər bunun rentabelli olmadığı haqqında rəylərini bildiriblər. Digər tərəfdən, Azərbaycanın da daxil olduğu real bir marşrut artıq mövcuddur. Bu iki layihənin rəqabəti fonunda dünya Azərbaycan variantının daha səmərəli olduğunu danışır.

Əslində, Avropa üçün məhz Azərbaycan variantı daha sərfəlidir. Çünki Azərbaycan dəfələrlə, çoxlu sayda layihələri həyata keçirməklə sübut edib ki, verdiyi vədlərə tam əməl edir. Bir dəfə də olsun Azərbaycan real olmayan layihəyə girişməyib. Nəticədə, Bakı Avropanı enerji ilə daha çox təmin etməyə başlayıb. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Avropaya enerji nəqli xeyli artacaqdır. Brüsseldə də Bakının verdiyi sözü yerinə yetirdiyini bilirlər. Bu səbəbdən təcrübəsi olmayan Hindistanın mücərrəd və sınaqdan çıxmamış variantı vaxt itirməkdən başqa bir iş deyildir.

Beşincisi, Azərbaycan yeni tarixi mərhələdə enerji layihələri, onların daşınması marşrutu və təhlükəsizliyin təmini üzrə yeni yanaşmaları ehtiva edən kompleks fəaliyyət proqramını artıq həyata keçirir. Yəni, konkret olaraq, layihələrdə xarici siyasətdə iqtisadi aspektlə xüsusi enerji diplomatiyası aspekti sintez halında özünü göstərir. Bu iki aspekti birləşdirən ortaq məqam isə milli təhlükəsizliyin təminidir.

Beləliklə, yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasət kursunda iqtisadi diplomatiya ilə enerji diplomatiyasını birləşdirən kifayət qədər faktlar və faktorlar mövcuddur. Azərbaycan Prezidenti bu istiqamətdə konkret addımlar atır. Burada strateji məqam həm bütövlükdə iqtisadi diplomatiyanı, həm də enerji diplomatiyasını dövlət quruculuğunun milli maraqları çərçivəsində qarşıya çıxa biləcək çağırışlar fonunda inkişaf etdirməkdən ibarətdir.

Buna nail olmağın iki miqyası özünü göstərir. Birincisi, ikitərəfli əməkdaşlıq formatlarından istifadə ilə bağlıdır. İkincisi, regional təşkilatlar çərçivəsində iqtisadi və enerji sferalarında əməkdaşlığı inkişaf etdirməkdir. Bu iki miqyas hazırda qarşılıqlı əlaqədə nəzərə alınır. Konkret nəticələr alındıqca, həmin diplomatiya və siyasətin mahiyyəti daha da aydınlaşacaq. Bütövlükdə isə Azərbaycanın yeni tarixi mərhələdə xarici siyasətinin prioritetləri sırasında iqtisadi və enerji diplomatiyasının strateji tərəfi daha böyük səmərə verəcək.

Bu istiqamətin əhəmiyyətinin başqa tərəfi də çox maraqlıdır. İndi mütəxəssislər, siyasətçilər və politoloqlar yeni mərhələdə sırf iqtisadi qazancın deyil, insan faktorunun ön sıraya çıxdığından bəhs edirlər. Bu proses sürətlə gedir və insan kapitalının hər bir layihədə mərkəzi yer tutduğu aydın olur. Nümunə kimi COP29-un gündəliyini göstərə bilərik. Ən yüksək texnologiyalar, böyük fayda verən iqtisadi layihələr indi ilk olaraq "yaşıl iqtisadiyyat" müstəvisində qiymətləndirilir. Azərbaycanın xarici siyasətinin prioriteti kimi iqtisadi diplomatiya ilə enerji diplomatiyasının sintezi məhz insan kapitalı kontekstində rellaşdırılır. Yəni, hər iki diplomatik fəaliyyət istiqaməti insanın önəm kəsb etməsi mövzusunda birləşirlər. Bu isə Azərbaycanın xarici siyasətində yeni tarixi mərhələdə humanitarlığın daha da güclənəcəyi anlamına gəlir.

Bütün bunlar yeni mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetlərinin hər birinin ilk növbədə insan faktorunu nəzərə alaraq müəyyən edildiyi qənaətinə gəlməyə imkan verir. Bakı stratejidə bu xətti daha da gücləndirmək və genişləndirməklə dünyada ən humanitar siyasəti olan dövlətlərdən biri kimi tanınacaqdır. Bu, müasir mərhələdə dayanıqlı inkişafla humanitar tərəqqini birləşdirə bilən ölkələrdən biri olmaq deməkdir. Ümumiləşdirərək, belə bir nəticəyə gələ bilərik ki, Azərbaycanın xarici siyasət prioritetləri Azərbaycan dövlətinin geosiyasi, iqtisadi və enerji aspektlərində dünyanın aparıcı kəsimi sırasına daxil olmasına geniş imkanlar yaradacaqdır!

Mənbələr

Баранай, П. Современная экономическая дипломатия // Публикации Дипломатического Экономического Клуба. Актуальные проблемы экономики. – 2009. – С. 1-10, [Elektron resurs]. URL: https://www.dec.lv/mi/Baranay_Pavol.pdf (müraciət tarixi: 15.05.2024). Зонова, Т.В. Экономическая дипломатия // External Economic Relations. Внешнеэкономические связи. – 2005. – №6. – С. 54-62. Мавланов И.Р. Экономическая дипломатия: учебное пособие для студентов вузов. – 2-е изд., испр. и доп. – Москва: "Аспект Пресс". – 2016. – 528 c. Bergeijk, Peter A.G. van. Economic Diplomacy and the Geography of International Trade. – UK: Edward Elgar Publishing, 2014, – 223 pp. Магеррамов, А., Рустамбеков, Г. Экономическая дипломатия как инструмент реализации национальных интересов [Elektron resurs] // Кавказ и глобализация. – 2011. – Том 5. – Вып. 1-2. – с. 65-75. URL: http://www.ca-c.org/c-g/2011/journa1_rus/c-g-1-2/06^Шт1. (müraciət tarixi: 15.05.2024). Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər // 2 fevral 2021. [Elektron resurs]. URL: https://president.az/az/articles/view/50474 (müraciət tarixi: 15.05.2024). Азербайджан предложит создать новый финансовый механизм Север-Юг на COP29// Trend, 29.04.2024. [Elektron resurs]. URL: https://www.trend.az/business/3892104.html (müraciət tarixi: 15.05.2024). Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib. Dövlətimizin başçısı forumda çıxış edib və xarici kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb. 2 sentyabr 2022. [Elektron resurs]. URL: https://president.az/az/articles/view/57093 (müraciət tarixi: 15.05.2024).


MANŞET XƏBƏRLƏRİ