Bir daha Himnimiz haqqında


No description available.
Kamil Şahverdi

III yazı

(əvvəli BU LİNKDƏ)

...Açığını deyim ki, dirijorun "hazır ol" işarəsindən sonra musiqiçilərin üzlərində qəribə ifadə yaranmışdı. Bəlkə də bu mənim subyektiv müşahidəm idi. Hər halda həmin anda mənə belə gəlirdi. Orkestr yüksək ruh yüksəkliyi ilə, şövqlə "Azərbaycan Marşı"nı ifa etməyə başladı. Hamı nəfəsini çəkib diqqətlə əsəri dinləyirdi. Əsər tamamlananda qeyri-adi hadisə baş verdi. Orkestrim bütün üzvləri bir nəfər kimi ayağa qalxıb alqışlamağa başladılar. Bu çox nadir hallarda baş verən hadisə idi. Bununla misiqiçilər ifa etdikləri əsərə öz münadibətini bildirdi. Ümumiyyətlə musiqi əsəri ilk qiymətini orkestrdən alır. Orkestrin musiqiçiləri əsərin dinləyicilər tərəfindən necə qəbul olunacağını elə ilk ifada biruzə verirlər. "Azərbaycan Marşı"nı ifa etdikdən sonra orkestrin bütün üzvləri ayağa qalxaraq əsəri alqışlamaları onun göstəricisi idi ki, bu ölməz musiqiyə biganə qalmaq mümkün deyil. Orkestrin bu hərəkətindən sonra zalda əyləşənlərin hamısı onlara qoşularaq alqışlamağa başladılar. Bütün filarmoniyanı alqış sədaları bürüdü.

İçtimai dinləməyə təqdim olunmuş əsərlərin ifasından sonra kimissiya üzvləri məşvərət üçün direktorun kabinetinə keçdilər. Bu məqamda Tofiq Quliyev Aydın K. Azimə yaxınlaşaraq onu təbrik etdi və əlini sıxaraq ucadan dedi: " Aydın, səni təbrik edirəm. Çox gözəl işləmisən əsəri. Çox xoşuma gəldi. Yüksək peşəkarlıqla otkestrləşdirmisən. Əhsən sənə."

Ətrafdakılar Tofiq Quliyevin xoş sözlərindən sonra bir-bir Aydın K. Azimə yaxınıaşaraq onu təbrik edirdilər. Maraqlı səhnə idi. Sanki, "Azərbaycan Marşı" himn kimi qəbul olunmuşdu...

Çox keçmədən komissiya üzvləri məşvərət otağından çıxdılar və sədr Firudin Cəlilov elan etdi ki, sabah komissiya öz işini davam etdirəcək, himn üçün təqdim olunan əsərlərin mətnləri müzakirə olunacaq və sonra komissiya öz qərarını elan edəcək.

Axşam evdə televiziyada Xəbərlər proqramını izləyırdim. Proqramın sonunda filarmoniyada keçirilən tədbirlə bağlı geniş reportaj nümayiş olundu. Tanınmış jurnalist Telli Pənahqızı tədbir haqqında ətraflı məlumat verdi və elan etdi ki, komissiya yekdilliklə Tofiq Quliyevin redaktəsində Azərbaycan SSR-nin himninə üstünlük verərək mayın 27-də məsələni Milli Məclisdə səsverməyə çıxarmaq haqqında qərar qəbul edib. Sözün açığı mən bu reportajı izləyəndən sonra düşündüm ki, yəqin hamı dağılaşandan sonra komissiya yenidən yığılıb balə qərara gəlib. Çünki, filarmoniyada özüm öz quıağımla eşitdim ki, Firudin Cəlilov sabah mətnləri müzakirə etdikdən sonra qərar veriləcəyini söyləmişdi. Dərhal Aydın K. Azimə zəng etdim. Aydın müəllim də dediklərimdən çox təəccübləndi. Özü baxmamışdı xəbərlər proqramına, ona görə də inanmaq istəmirdi dediklərimə. İsrarla deyirdi ki, bəlkə yanlış anlamışam. Bir müddət keçəndən sonra yenidən Aydın müəllimlə zəngləşdik. Mən bildirdim ki, sabah tezdən işə gedib məsəlıni aydınlaşdıraram və çalışıb efir vaxtı alaram. Əgər Cövdət Hacıyevi efirə gətirə bilsək çox yaxşı olar. Çox keçmədi ki, Aydın müəllim mənə zəng etdi və Cövdət Hacıyevin efirə gəlməyə razılıq verdiyini bildirdi. Bu xəbər məni bir tərəfdən çox sevindirdi, digər tərəfdən isə çox həyəcanlandlrdı. Qorxurdum ki, birdən mənə efir vaxtı verməsələr, onda necə olacaq?..

Sonra Gülnarə Qurbanovaya (Şıxəli Qurbanovun qızı) zəng etdim. Ona da məlumat verdim. Gülnarə Qurbanova da xəbərlər proqramında bu reportajı görmüşdü. O da çaşqınlıq içərisində idi. Gülnarə Qurbanova komissiyanın bütün təşkilati işləri ilə məşğul olurdu. Komissiyanın iclaslarını təşkil edir, iclasa dəvət olunanları xəbərdar edir, iclasların vaxtını və yerini təyin edirdi. Həm də komissiya ona işçi qrupu yaratmağı həvalə etmişdi və mən də həmin qrupun üzvü idim. Gülnarə Qurbanovaya da məlumat verdim ki, efir vaxtı almağa çalışaram və Cövdət Hacıyevlə Aydın K. Azimi də dəvət edib müzakirə apararacağıq. O da öz növbəsində Milli Məclisdə məsələ qaldıracağını bildirdi.

Bu qarışıq düşüncələrlə gecəni birtəhər yola verib səhərin açılmasını səbrsizliklə gözləyirdim. Səhər tezdən televiziyaya gəlib Telli Pənahqızını görmək üçün xəbərlər proqramı redaksiyasına yaxınlaşdım. Redaksiyadan bildirdilır ki, Telli Pənahqızı dünən növbətçi olub, ona görə də bu gün işə gəlməyəcək.

Belə olan halda Dövlət teleradio verilişləri komitəsinin sədr müavini Nahid Hacızadənin yanına getməyi və məsələni ona bildirməyi qərara aldım. Onsuz da efir üçün rəhbərliyə müraciət etməli idim. Amma Nahid müəllim bir həftə qabaq məni ciddi danlamışdı. Hər zaman sakit, təmkinli olan sədr müavini bəlkə də həyatında ilk dəfə belə əsəbləşmişdi. Ciddi bir səhvə yol vermişdim. Nahid Hacızadə də məni möhkəm tənbeh etmişdi. Səhv etdiyimi və bu ciddi tənbehin əsaslı olduğunu anlayırdım. Bütün bunlar bir həftə bundan qabaq baş vermişdi.

"Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına" ilk dəfə efirə gedəndə ciddi problem yaşandı.

Türkiyədən adını unutduğum bir musiqi qrupu gəlmişdi Bakıya. Mən də onları televiziyaya çəkilişə dəvət etmişdim. Həmin qrup repertuarlarından 5-6 türkü və sonda Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı "Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına" mahnısını ifa etdilər. O zamanlar bu mahnı haqqında eşitsək də onu dinləmək hər kəsə nəsib olmamışdı. Mən də mahnını lentə aldığıma və Azərbaycanda ilk dəfə efirə verəcəyimə görə çox qürurlu idim. Türkiyədən gələn qrup mahnının sözlərində bəzi dəyişiklik etmişdi.

Kafkaslardan aşacağız

Türklüye şan qatacağız

Türkün şanlı bayrağını

Turan elə asacağız.

Bu bəndi Türkiyədın gələn qrup belə oxumuşdu:

Kafkaslardan aşacağız

Türklüye şan qatacağız

Türkün şanlı bayrağını

Moskvadan asacağız.

Mahnlnı lentə alanda mən bilərəkdən düzəliş etmədim. Başa düşürdüm ki, bu yanlışlıqdır, amma özlüyümdə guya bununla 70 illik istilanın hayıfını çıxırdım. Gənclik maksimalizmi şüurumu üstələmişdi. Müstəqilliyimizi yeni qazanmışdıq, eyforiyada idik.

Adətən bütün verilişlər efirə getməzdən əvvəl Nahid Hacızadə onlara baxırdı və düzəlişlərini edirdi. Hər verilişin raport dəftərçəsi olurdu, bir növ verilişin pasportu, sonda sədr müavini onu imzalayırdı. Onun imzası olmadan verilişlər efirə gedə bilməzdi. Mən də Türkiyədən gələn sənətçilərin çəkildiyi verilişi hazırlayıb gətirmişdim Nahid Hacızadəyə göstərməyə. O məndən veriliş tərkibini soruşdu, mən də məlumat verdim ki, maraqlı türkülər ifa ediblər, sonda da "Çırpınırdı Qara dəniz" mahnısını oxuyublar. Hətta sevinə-sevinə bildirdim ki, ilk dəfə Azərbatcan efirində səslənəcək bu möhtəşəm əsər. Nahid Hacızadə dediklərimdən məmnun oldu və Əhməd Cavadın məşhur şeirini əzbərdən söylədi. Verilişə baxmadan efirə imzaladı. Mən də verilişi proqram şöbəsinə təhvil verdim. Veriliş iki gündən sonra efirə gedəcəkdi. Mən kanalda qürurla hər kəsə məlumat verirdim ki, verilişə baxsınlar, ilk dəfə "Çırpınırdı Qara dəniz" efirdə səslənəcək.

Növbəti gün Nahid Hacızadə məni yanına çağırdı. Otağına girən kimi üstümə qışqırdı və çox əsəbi halda məndən izahat tələb etdi. Mən onu heç vaxt belə vəziyyətdə görməmişdim. Qip-qirmızı qızarmışdı. Yumruğunu masaya elə çırpirdı ki, masanın üstündə qalaqlanmış kitablar, vərəqlər dağılaraq yerə düşürdü. Nahid Hacızadə dəfələrlə təkrar edirdi: "Mən sənə etibar elədim, verilişə baxmadım. Səndən soruşdum, dedin hər şey çox yaxşıdır. Sənə kim ixtiyar verib şeirdə dəyişiklik edəsən? Bu efirə getsəydi cavabını kim verəcəkdi?.."

Həqiqətən də mən ciddi səhvə yol vermişdim. Nə qədər üzürxahlıq etsəm də, Nahid Hacızadə sakitləşmirdi. Sonda bildirdi ki, verilişi efirdən çıxartmışam, get izahat yaz.

Mən otağa qalxıb izahat yazdım. İzahatımda bu əsərin ilk dəfə efirə gedəcəyi sevincindən dəyişdirilmiş sözə fikir vermədiyimi qeyd etdim. Daha sonra mahnıdan həmin bəndi kəsib çıxartdım. Bir neçə saatdan sonra yenidən Nahid Hacızadənin qəbuluna gəldim və düzəliş etdiyimi ona bildirdim. Xahiş etdim ki, verilişi efirdən çıxartmasın, mənim səhvim ucbatından tamaşaçını Üzeyir bəylə Əhməd Cavadın məşhur mahnısını eşitməkdən məhrum etməsin. Nahid Hacızadə artıq sakitləşmişdi. Məni qarşısında əyləşdirib xeyli tənbeh etdi, nəsihət verdi. Növbəti gün veriliş efirə getdi. Yarımçıq da olsa, tamaşaçılarımız "Çırpınırdı Qara dəniz" mahnısını ilk dəfə efirdən dinlədilər...

Bu hadisədən bir həftə sonra növbəti problemlə bağlı Nahid Hacızadənin yanına getmək məcburiyyətində idim. Bilirdim ki, yenə məni danlayacaq, bəlkə də heç dinləməyəcək. Amma getmək zorunda idim, başqa əlac yox idi. Qapını döyüb içəri keçəndə Nahid Hacızadə həmişəki kimi nəsə yazırdı. Mən onu hər zaman yazı yazan görmüşəm. Başını qaldırıb məni görən kimi soruşdu: " Yenə nə olub? Nə törətmisən yenə?"

Cavab verdim ki, Nahid müəllim, bu dəfə mən törətməmişəm, ciddi bir yanlışlıq olub, gəldim sizə məlumat verim. Başladım hadisələri olduğu kimi danışmağa. Sonda bildirdim ki, axşam xəbərlər proqramında ciddi səhvə yol verilib, bu da əməlli başlı narazılıq yaradıb...

(ardı var)


MANŞET XƏBƏRLƏRİ