Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsi və qanunsuz əldə edilən sərvətin leqallaşdırılması ittihamları ilə 4 aylıq ev həbsi seçilməsinin dərhal ardından xaricdə Azərbaycana qarşı qeyri-etik çərçivədə təbliğat aparan və “söyüş blogerləri” qeyri-adi dərəcədə aktivləşiblər.
Turkustan.az Bakupost.az-a istinadən xəbər verir ki, R.Mehdiyevin həbsi ilə dərhal hərəkətə keçən sözügedən blogerlər bütün təbliğat imkanlarını səfərbər ediblər və PA-nın sabiq rəhbərini qorumaq üçün dolayısı vasitələrdən istifadə edirlər. Ona görə “dolayısı” ki, R.Mehdiyevin birbaşa müdafiəsinin mümkünsüzlüyü hər kəsə bəllidir və bu addımla onlar özlərini ifşa edə bilərlər. Buna baxmayaraq, bəzən niyyətlərini, istəklərini və hədəflərini tam göstərən yalanlarla özlərini ifşa da edirlər.
Məsələn, onlardan biri iddia edir ki, 14 oktyabrda ölkənin güc strukturlarının rəhbərləri də daxil olmaqla, bəzi yüksəkçinli məmurlar Ramiz Mehdiyevin villasına gedərək, ondan kömək istəyiblər, deyiblər ki, bu gün axşama doğru sizin ev dustaqlığı xəbərinizi yaymağa məcburuq. R.Mehdiyev isə razılıqla bərabər, “bəzi tövsiyələrini” də verib.
Bu cür feyk-xəbəri dilə gətirməyin özünü belə təsəvvür etmək çətindir. Görün, Ramiz Mehdiyevi xilas etmək, onun olmayan imicini qorumaq üçün hansı yollara əl atırlar.
Ramiz Mehdiyevi “dövləti xilas etmək üçün özünü qurban verən şəxs” kimi necə təqdim etmək olar?
Halbuki Ramiz Mehdiyevlə bağlı Səbail Rayon Məhkəməsinin 13 oktyabrda artıq qərar qəbul etdiyi barədə məlumat vardı. Digər tərəfdən, bu gün mötəbər, hakimiyyətə yaxın mənbədən yayılan məlumatda əslində DTX-nin uzun müddətdir bu istiqamətdə fəaliyyət göstərdiyi, 13 avqust 2025-ci ildə, yəni ən ağır maddələrlə ittiham irəli sürülməzdən tam iki ay öncə artıq məhkəmə qərarı aldığı və bunun da nəticəsində dövlətə xəyanət və dövlət çevrilişi ilə bağlı danışıqların ələ keçirildiyi ictimailəşdi.
Və yaxud, bu hadisə ətrafında danışarkən, bütün diqqəti ölkənin birinci və ikinci şəxsinin üzərinə fokuslaşdırmağa çalışmaq təşəbbüsü də göstərilir. Guya “Rusiyanın adamı” elə ölkə rəhbərliyidir və s. Onillərlə davam edən münaqişəni həll edən, ölkənin suverenliyini tam təmin edən, separatçı ocağını tamamilə məhv edən, hazırda düşmənin dağıtdığı, yerləbir etdiyi əraziləri quran-tikən, 300 ildir bölgəyə yerləşən Rusiyanı Cənubi Qafqazda sıxışdırıb, Türkiyəni əsas oyunçuya çevirən, Azərbaycanı regional aktor səviyyəsinə qaldıran, türk ölkələrinin gələcək birliyinin özüllərini tökən bir lider haqda bu iftiranı səsləndirmək yalnız inanılması zor iş deyil, həm də özünüifşadır. Ancaq mühacir-söyüşcül blogerlər görünür, ifşa olunmaqdan qətiyyən narahat deyillər.
Onlar ən müxtəlif “variantlar” uydururlar: hansısa siyasətçi və deputatın adından qondarma “status” paylaşıb, onu geniş müzakirəyə çıxarırlar. Çox qəribədir ki, onların dövriyyəyə buraxdıqları feyklər “ayaq açıb yeriyir”.
Bunun səbəbi nədir?
Bir müddət öncə xaricdəki söyüş blogerlərini Ramiz Mehdiyev və Əli Həsənov cütlüyünün yaratdığı haqda ciddi iddia ortaya atılmışdı və Ramiz Mehdiyevin həbsindən sonra bu iddia daha da genişləndi. Hazırda sözügedən blogerlərin həyəcanlanması, ağına-bozuna baxmadan, müxtəlif feyklər uyduraraq, diqqəti Ramiz Mehdiyevdən yayındırma cəhdi və nəzərləri ölkənin birinci şəxsinə yönəltmə çabaları bir daha təsdiqləyir ki, onlar “atalarını” itirmələrindən çox narahatdırlar. Böyük ehtimalla, Ramiz Mehdiyevin “çevriliş” komandasından sifariş alan bu blogerlər isterikaya düşüblər. Onlar illərdir bunun üçünmü yetişdirilmişdilər? Buna görəmi uzun müddətdir onların sosial şəbəkələrdə geniş təsir imkanları üçün külli miqdarda pul xərclənmişdi?
Ramiz Mehdiyevin istintaqı çox sirləri aça bilər.