Bir daha Himnimiz haqqında


No description available.
Kamil Şahverdi

III yazı

"Allah bir daha bu millətə İstiklal Marşı yazdırmasın"

Mehmet Akif Ersoy

Türkiyə Cümhuriyyəti İstiklal Marşının söz müəllifi.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri 1992-ci il mayın 25-də keçiriləcək içtimai dinləmə tədbirində səslənəcək əsərləri ifa etməyə hazırlaşırdı. Himn üçün təqdim olunmuş dörd əsərin hamısı Üzeyir bəyə məxsus idi. Bəstəkarlar hazırladıqları əsərlərin partiturasını, notlarını Bəstəkarlar İttifaqına təhvil vermişdilər. Bütün təşkilati işlərə Bəstəkarlar İttifaqının birinci katibi Tofik Quliyev rəhbərlik edirdi. Əsərlərin notlarını da o qəbul edirdi. Yadıma gəlir, Aydın K. Azimlə Bəstəkarlar İttifaqına gəldik, partituranı və notları Aydın müəllim Tofik Quliyevə təqdim etdi. Tofik müəllim partituranı səhifə-səhifə açıb maraqla nəzərdən keçirdi və sonra zarafla dedi: "Aydın, neçə gündür səni gözləyirəm. Hamı təhvil verib, bircə sən qalmışdın. Düşündüm, bəlkə fikrini dəyişmisən, iştirak etmək istəmirsən?"

Aydın K Azim cavabında dedi ki, Tofiq müəllim, artıq məndən asılı deyil, iştirak etsəm də, etməsəm də indi hər yerdə "Azərbaycan Marşı" səslənir.

Tofiq Quliyev gülümsəyərək-Amma hər səhər saat 6-da radioda himn səslənir-dedi.

Daha sonra Tofiq müəllim əlavə etdi ki, iştirakçıların hər birinə 1000 manat qonorar ödəniləcək. Gülümsəyərək daha sonra dedi: " Düzdür, bu boyda iş üçün elə böyük pul deyil. Amma yenə də Allah bərəkət versin."

Beləcə, 5-10 dəqiqə bəstəkarlar zarafatlaşıb sağollaşdılar.

1989-cu ildə Yisif Səmədoğlu Aydın K. Azimdən iki həftəyə əsəri hazırlayıb lentə alaraq ona çatdırmağı xahiş etmişdi. O dövrdə bu olduqca çətin məsələ idi. Amma Aydın müəllim bunun öhtəsindən gələcəyini bildirmişdi. Bu yerdə bəzi məqamlara toxunmaq istəyirəm. Yazının əvvəlki hissələrində qeyd etmişəm ki, Azərbaycanda ilk dəfə 1989-cu ildə bəstəkar Sərdar Fərəcov Üzeyir bəy Hacıbəylinin məlum olmayan iki marşını "Ədəbiyyat və incəsənət" qəzetinin 14 iyul sayında çap etdirmişdi. Aydın K. Azim də "Azərbaycan Marşı"nı qəzetin həmin sayında görüb üzərində işə başlamışdı. Sərdar Fərəcov isə marşları tanınmış türk musiqişünas Etem Üngörün "Türk marşları" kitabından götürmüşdü. 1965-ci ildə Etem Üngör ilk dəfə Üzeyir bəyin "Milli marş" və "Azərbaycan marşı" əsərlərini çap etdirmişdi. Etem Üngörə qədər "Azərbaycan Marşı"nın sözləri dəfələrlə Türkiyədə, Almaniyada müxtəlif dərgilərdə çap olunsa da, notları ilk dəfə 1965-ci ildə "Türk marşları" kitabında işıq üzü görmüşdü. Bu olduqca qiymətli və tarixi fakta yazının sonrakı hissəsində qayıdacağam. Çünki, tanınmış musiqişünas Etem Üngör elə bir iş görmüşdü ki, bunun üzərindən bir necə cümlə ilə keçmək mümkün deyil. Onun göstərdiyi xidməti ətraflı və geniş izah etməyə çalışıcağam.

Etem Üngör əsərin yalnız melodiyasını, yəni bir səsli variantını çap etmişdi. Aydın K. Azim bu bir səsli varıntın üzərində işləmiş və əsəri bu gün eşitdiyimiz hala gətirmiş. Bunları xatırlayaraq yazmaqla bildirmək istəyirəm ki, əgər bir başqa bəstəkar bu işlə məşğul olsaydı, bəlkə də səslənmə tamamilə fərqli ola bilərdi. Çünki hər bəstəkarın öz dəsti xətti, orkestrə münasibəti, orkestrləşdirmə üsulu var. Aranjimandan, orkestrləşdirmədən çox şey asılıdır. Aydın K. Azim Üzeyir bəyin ruhunu, nəfəsini qoruyub saxlamaqla mükəmməl bir iş ortaya qoya bilmişdi. Yisif Səmədoğlu əsəri iki həftəyə tam hazır edib lentə yazdırmağı xahiş edəndə Aydın K. Azim "Azərbaycan Marşı"nın klaviri üzərində işi yenicə tamamlamışdı. Yəni əsəri fortepiano və səs üçün harmonizə etmişdi. Adətən əsərin harmonik strukturu qurulur və klavir hazırlanır. Bundan sonra partituta yazılır. Partitura orkestrdə bütün alətlərin səslərini, xoru özündə birləşdirən not yazısıdır. İtalyan dilində partitura paylaşım, bölgü mənasını daşıyır. İki həftəyə Aydın müəllim partituranı hazırlamalı, daha sonra bütün alətlərin və xorun səslərini ayrı-ayrılıqda yazmalı, orkestr bunu məşq edib hazırlamalı və sonda əsər lentə alınmalı idi. Bütün bunları iki həftəyə hazırlqmaq heç də inandırıcı görsənmirdi. İş çox, vaxt isə çox az idi. Buna baxmayaraq Aydın K. Azim yubanmadan işə başladı. Səhv etmirəmsə bir gecəyə partitura hazırlandı. Səsləri köçürmək üçünsə məndən xahiş etdi ki, kimisə tapıb danışım. Bu ayrıca bir peşədir. O zaman Azərbaycanda bu işlə 2 ya 3 nəfər məşğul olurdu. Onlara səsköçürənlər (perepisşik qolosov) deyirlər. Yəni musiqi mirzələri. Bu olduqca ağır və çətin bir işdir. Təsəvvür edin ki, orkestrdə hər alətin partiyası ayrıca yazılır. Tutaq ki, orkestrdə 20 birinci violin (skripka) var, 20 ikinci violin. Hər iki nəfərin qarçısında pyupitr var (notları qoymaq üçün qurğu). Deməli birinci və ikinci violin qruplarının hər biri üçün onların partiyası yazılmış 10 nüsxə köçürülməlidir. Orkestrdə olan bütün alətlər üçün bu şəkildə ayrı ayrılıqda notlat köçürülüb onlara təqdim olunur. Xor üçün də həmçinin. İndi bu elə də çətin deyil. Bir nüsxə yazıb sonra onu surətçıxaran avadanlıqda istədiyin qədər çoxaldırsan. O dovrdə bütün bunlar əl ilə köçürülürdü. Musiqiçilər bunları yaxşı bilir. Mən oxucuları ətraflı məlumatlandırmaq üçün və hər kəsin əməyini qeyd etmək üçün ən xirda detalları belə yazmağı özümə borc bilirəm.

Dövlət simfonik orkestrində skripkaçı Rauf Əlöfsətzadə ilə görüşdüm, partituranı ona göstərdim və soruşdum ki, səsləri neçə günə köçürə bilər? O cavab verdi ki, əlində işi var, bir həftəyə bitirəcək sonra da azı on günə bu işi görər. Mən dönə-dönə ondan xahiş etdim ki, əlindəki işi təxirə salsın və təcili bu işə başlasın. Xeyli yalvar, yaxardan sonra onu razı sala biıdim. Rauf Əlöfsətzadə iki gün, iki gecə bütün səsləri köçürüb təhvil verdi. Aydın K. Azim notları orkestrə və xora çatdırdı ki, onlar məşqlərə başlasınlar.

Aydın müəllim notları Tofiq Quliyevə təqdim edəndə bütün bu olub keçənlər bir daha gözümün önünə gəldi...

1992-ci il mayın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasında qalabalıq idi. Milli Məclisin (Milli Şuranın adı dəyişdirilərək Miıli Məclis olmuşdu) himn komissiyasının üzvləri, deputatlar, nazirlər, elm və sənət xadimləri, ziyalılar, siyasətçilər, himn üçün təqdim olunan əsərlərin içtimai dinləməsinə toplaşmışdılar. Komissiyanın sədri Firudin Cəlilov bundan bir həftə qabaq, 18 may 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdu. Açığını bildirim ki, bu təyinat bizdə "Azərbaycan Marşı"nın himn kimi qəbul olunacağına müəyyən ümidlər yaratmışdı. Çünki, Firudin Cəlilov hökumətdə humanitar sahəyə rəhbərlik edəcəkdi. Biz də sadəlövcəsinə düşünürdük ki, məsələnin həlli xeyli asanlaşacaq...

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri səhnədə əyləşmişdi. Komissiya üzvləri, tədbirə gələnlər zala keçib yerlərində oturandan sonra dirijor Əli Cavanşir orkestrin önünə keçdi və "hazır ol" işarəsini verdi. İlk olaraq Azərbaycan SSR-nin himni ifa olundu. Xorsuz əlbəttə ki, orkestr versiyası. Bu əsər çox möhtəşəmdir. Üzeyir bəy Azərbaycan SSR-nin himnini 1944-cü ildə yazıb. Təntənəli mahnı janrında (üç bənd, üç nəqarət) yazılmış himnin sözləri Səməd Vurğun və Süleyman Rüstəmə məxsusdur. 1978-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilərkən himnin mətnində Hüseyn Arif müəyyən dəyişiklik etmişdir. Həmçinin Stalinin adı mətndən çıxarılmışdır. Bu himnin, həmçinin SSRİ himninin çox maraqlı tarixi var. Bu haqda da yazının növbəti hissələrində geniş məlumat verəcəyəm.

1978-ci ildə yeni Konstitusiyanın qəbulu ilə əlaqədar Niyazi himni yenidən redaktə etmişdi. Niyazinin böyük ustalıqla etdiyi redaktədə əsər çox möhtəşəm və parlaq səslənirdi. Ona qədər himn nəfəs alətləri orkestrinin və xorun ifasında səslənirdi. Niyazi isə onu böyük simfonik orkestr və xor üçün işləmişdi. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan SSR-nin himni təntənəli mahnı formasında yazılsa da, ritm və janr etibarı ilə marşdır. Maraqlıdır ki, bir çoxları "Azərbaycan Marşı"nın marş olduğunu iddia edib onun himn kimi qəbul olunmasına etiraz edirdilər. Əslində isə Azərbaycan SSR-nin himnini marş hesab etmək olar. "Azərbaycan Marşı" marş adlansa da, janr, forma və quruluş etibarı ilə marşa aidiyyəti yoxdur. Bu başqa movzudur və bunun da üzərindı ayrıca dayanmağı düşünürəm.

Beləliklə Tofiq Quliyevin təqdim etdiyi variant səsləndi. Otkestr əsəri yüksək peşəkarlıqla ifa etdi. Sözün açığı əsər demək olar ki, Niyazinin redaktəsində olduğu kimi səslənirdi. Elə bir ciddi dəyişiklik hiss olunmurdu. Cüzi şəkildə mis nəfəs alətlərinin səslənməsi qabardılmışdı ki, bu da öz növbəsində ifaya əzəmət qatırdı.

Növbəti ifa Vasif Adıgözəlovun təqdim etdiyi Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "And xoru" idi. Hamımıza yaxşı tanış olan "And xoru" da xorsuz, orkestr variantında səsləndi. Vasif Adıgözəlov əsəri peşəkarlıqla işləmişdi. Orkestr əsəri məharətlə ifa etdi. Daha sonra Musa Mirzəyevin himn üçün işlədiyi "Ey Vətən" xoru səsləndi. Əlbəttə ki, xorsuz. Bu əsər də peşəkarlıqla işlənmişdi. "Ey Vətən" xoru fortepiano və xor üçün yazılıb. Ona görə də orkestrin ifasında əsəri eşitmək çox maraqlı idi. Orkestr bu əsəri də gözəl ifa etdi. Nəhayət növbə sonuncu əsərə, "Azərbaycan Marşı"na çatdı...

(ardı var)


MANŞET XƏBƏRLƏRİ