Oğuz atalar sözləri və məsəllərdə Tanrıçılıq görüşləri



İŞIQLI ATALI

I YAZI

Oğuz atalar sözləri və məsəllərdə Tanrıçılıq görüşlərinin araşdırılması mahiyyətcə Oğuz türk düşüncəsi üstə köklənən, qədim türk məişətindən soraqları özündə yaşadan, köklü-köməcli, sanballı deyim siqlətli qənaətlərin çağımızın idrak ölçüsündən açımıdır. Bu örnəklərdə əcdad düşüncəsinin dastanlaşmış aqibətinə bütöv şəkildə baxmaq imkanı yaranır. Xarakterin, Tanrısal yönün biryolluğu, ömrün müxtəlif məqamları haqqında yetkin ifadəlilik, təbiət, təsərrüfat, məişət həyatındakı zəngin müşahidəçilik, əcdadın davranışlarına, düşüncəsinə uyğun gələn canlıların totemləşdirilməsi və s. baxışlar bugünümüzdə sabah üçün milli özünüdərk baxımından ciddi qənaətlər yaradır. “Tanrıçılıq görüşləri” adı altında bu baxışlar ümumiləşdirilir: xalqın özünəməxsusluğu, yetkinliyi, davranış fərqliliyi onun başqa xalqlardan fərqli sifətini yaradır.

Oğuz atalar sözləri və məsəllərdə bu kimi cəhətlərin qədimdən bəri yazıda, habelə, başlıcası, düşüncədə yol gəldiyinin, mahiyyətcə gen yaddaşında qaldığının, tarixin yeni dönəmində belə əhəmiyyətli hissəsinin xarakterlərdə yaşadıldığının şahidi oluruq. Araşdırma üçün faktlar həm ayrı-ayrı “Oğuznamə”lərdə, həm də konkret buradakı mənbəyə əsasən izlənilə bilər. Hələlik sözügedən mövzunu əsasən özlüyündə əhatə edən “Oğuznamə” ilə yetərlənirik. Bu “Oğuznamə” XV-XVI yüzillərdə üzü köçürülən əlyazmasıdır, təxminən iki min atalar sözü və məsəldən ibarətdir. Kitabı tərtib edən, müqəddimə, lüğət və şərhlərin müəllifi S. Əlizadə bu haqda yazır, ərəb əlifbası ilə yazılmış “Əmsali–Məhəmmədəli” yaxud “Məcməül-əmsali-Məhəmmədəli” adlı, vərəqləri çoxdan saralmış atalar sözü və zərbi-məsəllər toplusunun birinci səhifəsi “Haza kitabi – Oğuznamə” (Bu, Oğuznamə kitabıdır”) sözləri ilə başlanır: “Buradakı Oğuz atalar sözü və məsəlləri biri-birinin ardınca düzülmüşdür. Doğrusu, ilk dəfə həmin əlyazma ilə tanış olarkən ürəyim az qala dayandı. Sanki qiymətli incilərlə dolu mücrünü salıb sındıracağımdan qorxdum... Məni təəccübləndirən ulu babalarımızın bu müdrik dəfinəsinin ümumi sanbalı, misilsiz elmi-mədəni dəyəri idi. Onlar əsrlərin, minillərin zülmətini yarıb keçmişdi... , yanğısı ilə nur saçan şamlar tək bu gün də ömrümüzün mənasını işıqlandırmağa qadir idi”.

Sözügedən kitabın dəyərliyi onun araşdırma mövzumuza uyğun olaraq ümumiləşdirmə, əsas mənbə siqlətində olmasıdır. Bütün seçilən örnəklərdə (atalar sözü və məsəllərdə) bu və ya başqa ölçüdə (şəkildə) Tanrıçılıqdan danışılır. Kitabın hicri 1009, miladi XVI yüzilin sonlarında, XVII yüzilin əvvəllərində əslində başqa mənbədən üzünün köçürüldüyü düşünülür. S.Əlizadə müşahidəsini bölüşür, “Kitabi-Dədə Qorqud”la “Oğuznamə” üçün müştərək örnəklər var: “Qonşu haqqı-Tanrı haqqı”, “Qadir Tanrı verməyincə ər bayımaz”, “Allah-Allah deməyincə işlər önməz” və s.

“Oğuznamə” mətnlərinə uyğun yerlərdə Allahla bağlı anlayışların sonradan əlavə edilməsi, əvəzlənməsi ilə bağlı Tanrıçılıq görüşlərinin ifadəsi olan atalar sözü və məsəlləri təqdim etdikcə məsələ aydınlaşacaq.

Kitabda “Allah” anlayışı ilə bağlı çoxlu atalar sözü verilib. Bir neçəsi: İlk atalar sözlərindən birində deyilir: “Atalar ayıtmış: “Həq təala müsəlmanların ğürbətdə xəstəlıqdan və yigitlikdə ölümdən və pirligdə yoxsulluqdan saqlasun”, “Allah işin bilir”, “Allah yüzi yoxsullığın göstərməsün”, “Allah-təala qullarını qaşıq bir düşmən şərrindən saqlasun”, “Allah sağ gözü sol gözə möhtac eyləməsün”, “Allah öldürmədigin kimsə öldürəməz”, “Od qoyup, otluğa Allah-allah dimə” və s.

“Ər oldur dura; durana var” atalar sözündə türk düşüncəsində ərin – kişinin Tanrısallıq keyfiyyətinə vurğu edilir. Yenilməzlik, mərdlik, halallıq, sədaqətlilik, təmənnasızlıq və s. kimi müsbət keyfiyyətlərin daşıyıcısı olan türk kişisi həmişə ətrafdakıların sevgisini, etibarını qazanıb.

“İmanlu qullarda yatluluq yoqdur”.

Burada mahiyyətcə bəndə sayılanın Allaha olan qeyd-şərtsiz təslimçiliyindən, hər an taleyini bəlirləyənə sadiqliyindən danışılır. Ancaq Tanrıçılıqda Türk insanının Tanrısı ilə bir olması var, Tanrısının qulu deyil, əslində dostudur.

Ər – Kişi Tanrı kimi. “Etdügün eymək ərlük degildir”.

Burada türk kişisinin – ər sayılanın, özünü ər sayanın gördüyü bütün gözəl işləri adi qeyri-adilik sayılır; özünü öymək ərə xas keyfiyyət sayılmır. Çünki ər üçün bu kimi işlər onun əslində həyat tərzidir. Türk düşüncəsində lovğalanan ər – ər deyil. Məsəldə türk ərinin tanrılıq keyfiyyəti üzə çıxır. Tanrıya xaslıq – ərin, kişinin sözü, əməli bütövlüyünün təsdiqi kimi meydana çıxır. Deməli, türk düşüncəsində ərlik odur ki, gözəlliklərini başqaları görsün, öysün, bundan qətiyyən lovğalanmasın.

“Eyüdən yaramazlıq gəlməz”.

Türk insanı düşüncədə olduğu kimi əməldə də yaxşılıqdan yoğrulmalıdır. Düşüncə ilə əməl arasında uçurum olmamalıdır. Ata sözünün mayasında duran hikmət budur. Yəni türk insanı özündə tanrılıq keyfiyyəti daşıdığı, özünün tanrılığına inandığı dərəcədə sifətini dəyişə, pis adam ola bilməz.

“Oğlan evləncək: “Bəy oldum” sanur”.

Yuxarıda təqdim olunan türk əri üçün keyfiyyət göstəricisi burada da şübhəsiz, ölçüdür. Tanrısallıq daşıyıcısı olmaq - əcdadın qərarında dəyişməz olacağına inamdır. Bəy olmaq ailə dəyərinə tabe olmaq deməkdir. Deməli, ailəçilik adlı müqəddəs dəyərin qoruyucusu olmaq, bir an da məsuliyyətdən yayınmamaq gərəkdir.

Kitabdakı örnəklər əlifba sırası ilə verilməyib, ona görə də uyğun misalların təqdimində adda-buddalıq yaranır.

“İstəyən Tanrısın bulur”.

Ata sözündə Tanrıya münasibət ifadə olunur.

Tanrı obrazı insanın ağlında yaranır, obrazlaşır, yaşadılır.

“İtin issi var isə tavşanın Tanrısı var”.

“Əgri otur, toğru söylə”.

Burada doğruçuluğun önə çəkilməsi türkün fitrətən doğruya, həqiqətə meyillənməsi anlamındadır. Türk birsifətliyi, yalnız düz danışmaq üstə köklənməsi mahiyyətcə onun həyat tərzi olub.

“Ümməti – Məhəmmədin sözi kəsadlığa düşməsin”.

Məsəlin - diləyin İslam dininə yönəlik deyildiyi aydındır. Tanrıçılıq ruhunu ifadə edən, sonradan bu cür islamlaşan deyimlər az deyil. “Oğuznamələr”də bu yöndə məsəllər ikili xarakterdədir. Bu da xalqın öncədən Tanrıçılıq ruhunda yaşadığını, sonradan İslamçılıq dönəmində həmin haldan tamamilə çıxmadığını, çıxa bilmədiyini göstərir. Ancaq dinin ardıcıl şəkildə ağıllara yeridilməsi sonucunda Tanrıçılıq məzmunlu alqışlar, inanclar altşüurda yaşamağa başlayır.

“Eşəgin dişini, kosanın yaşını, Allahın işini yenə Allahdan başqa kimsə bilməz”.

Öncəki iki obrazın (eşşək, kosa) başına gələcəkləri yalnız Allahın bilməsi inancı İslam dönəminin təəssüratıdır. Alın yazısı mifinin yayğınlaşdığı zamanda Allahın insanın həyatda gördüyü nə varsa, hamısına (hətta “eşəgin dişini, kosanın yaşını, Allahın işini” bilməsi) nəzarət etməsi, başına gələcəkləri öncədən bəlirləməsi qənaəti Tanrıçılıq düşüncəsinin sozaldığını göstərir.

Ata - ana verdigü könüllü, Tanrı verdigi doyumluqdur.

Məsəldə Tanrı obrazının türk mifoloji düşüncəsində hər şeydən ucada durduğu inamı tam yəqinləşir. Tanrı insana nə verirsə, tam verir. Söhbət burada imkandan və gerçəkləşən ömürdən gedir.

Məsəldə Tanrı-Allah təzadı duyulurmu? Təsəvvür etmək olur ki, Tanrı obrazı ilə bağlı ağıldakı qənaət Allahçılıq (İslamçılıq) dönəmində nisbətən fərqli ifadə oluna bilərdi. Məsəlin ilkin biçiminin necə olduğunu təxmin etmək çətindir, ancaq islamçılıq dönəmində Tanrı adının işlənməsi əski düşüncənin ağıllarda oturuşduğunun göstəricisi kimi nəzərə alına bilər.

Ötən qüdrət oyunıdır, bilməyənə qaz gəlür,

Tanrunun nəimətü çoq, biməyənə az gəlür.

Məsəlin mayasında Türk Tanrıçılığı ilə İslam Allahçılığının ortamı var; belə ki, Türk Tanrıçılığında dünya yaradılışında iştirak edən əcdad özü hər şeyin mahiyyətcə yiyəsidir. Bir tərəfdən Tanrı nemətlərinin çoxluğunu görmək, şikayət etməmək düşüncəsi, başqa tərəfdən nə varsa, insanın nəyə əli, imkanı çatırsa, dinsayağı “şükür etmək” ölçüsü görünür.

Oğuz yumindan baymışdır.

Yum – alqış, xeyir-dua anlamındadır. Məsəldə Oğuzun yetdiyi məqamdan dolayı arxayınlaşmasına işarə olunur. Həm də yumun Oğuz dünyasında həyatın ruhsal (mənəvi) özülündə durduğu təsəvvür olunur. Oğuz burada mahiyyətcə el, yurd anlamında dərk olunur.

Ər ğeyrətçün toğar.

Oğuz dünyasında ərin – kişinin ərdəmliyi önə çəkilir. Oğuz dünyagörüşündə ərin – kişinin döyüşkənliyi, vicdan əsasında yaşaması, halallığa əsaslanması hər şeydən öndədir. Bu, əslində Oğuz təsəvvüründəki Tanrı keyfiyyətləridir. Tanrıdan Oğuz bunu istəyir, həm də istədiyi kimi olur. Təsadüfi deyil ki, Oğuz insanı öz yaratdığı dünyada Tanrılığını sübut edir. Tanrılığına inanmayan Türk isə Oğuz sayılmır.

Buna oxşar başqa məsəllər də var:

Ərə bir hünər yetər.

Azacıq aşım – ağrısız başım.

Məsəldə Oğuzun – Türkün mənasız davranışlardan çəkinməsinin gərəkliyi vurğulanır, kökündə əcdadın – Türk insanının qida mədəniyyətinin ifadəsi özünü göstərir. Çox yemək – xəstəlikdir, gödənin (qarının) əsiri olmaqdır. Az yemək – qaydalı yemək deməkdir, xəstələnməməkdir, əksinə, sağlamlıqdır. Öncələr sağlıq mədəniyyəti sarıdan işlənən ifadənin sonralar işlənmə çevrəsi genişlənmiş, əcdad həyatının bütün sahələrinə aid edilmişdir. Burada artıq insanın davranışlarını yüz ölçüb bir biçməsinin qaçılmazlığı diqqətə çəkilir.

Ayıq-oyuq, dəli-tolu.

Yerində oyur-oyur oynayan, xüsusən gənc türk insanı fitrətən yenilməyi sevməyən olmuşdur. Məsələn, Dəli Domrulun ilikin dönəmdəki halı Tanrıçılıq dönəmi sayıla bilər, çılğındır. Dəli-doluluq Oğuz insanının halındadır, igidliyin başlıca nişanəsidir. Burada hər cür təhlükələri gözünün altına almaq, əslində saymamaq, təhlükəni aşmaq, ölümlə öcəşmək, həm də türk xislətinə uyğun olaraq öldürməyi sevməmək var.

Yerində oyur-oyur oynayan döyüşkən türk həm də ayıqdır. Türkün Tanrılıq keyfiyyətlərindən biri də yurd qoruyuculuğudur.

Məsəllərin çoxunda nəsihətçilikdən ötə hökmlülük var. Bunun da kökündə türk xarakteri durur – Tanrıçılıq ruhundan gələn.

Türk xarakterində vaizlik, hər yetənə nəsihətçilik yoxdur. Türk ruhu ardıcıl ömürləşdirməyi sevir, yaşantıların ipə-sapa düzülməsi aqibətdəndir.

Enmədigin yerə çıqma; Ağac qurur, dövran dönür; Ata baqma, tona baqma, cana baq,

Gir könül içindəki soltanqa baq; El atdığı daş uzak gedər.

Bu örnəklərdə dünya görmüş bilginlərin ruhu yaşayır. Hər cür özgələşmə çeşidlərinə qarşı dura biləcək bu qənaətlər çağımızda da ardıcıl fikir yiyələrinin, bu ruhda yeni örnəklərin yaranmasını istəyir.

Eşəgin bərk bağla, andan Tanrıya ismarla.

Məsəldə hər şeyin taleyinin Tanrının əlində olmasına inamla yanaşı habelə insanı məsulluğa kökləmək var.

Əcdadın ağlında dünyanı indiki ölçüdə anlamaq şübhəsiz, yox idi, ola bilməzdi, ancaq fitrətin həmişə öndə olub. Bu örnəklərin çoxundakı firti duyumlar yüzillər, minillərdir doğruluğunu qoruyub saxlayır.

Udsuz ev, qutsuz ev.

Ud – qədim türkcədə “Abır-həya”, “Qut” isə “Tanrı, ruh, güc” anlamındadır. Qafiyəcə də gözəl alınan məsəldə İnsan-Tanrı bağının olduğu ortadadır. Udun – abır-həyanın yiyəsi, gerçəkləşdiricisi türk insanıdır, bu ölçüyə uyğun yaşanan evdə Qut, yəni Tanrı var. Tanrı qutludur, yəni ruhludur. O deməkdir ki, insan – qutludur, yəni tanrılıdır. Göründüyü kimi, əski türk düşüncəsində İnsandan qıraqda Tanrı yoxdur.

(Ardı var)


MANŞET XƏBƏRLƏRİ