Azərbaycan və Ermənistan arasında sülh prosesində ABŞ-nin iştirakı regionda yeni geosiyasi dinamika yaradıb. “Tramp yolu” adlandırılan Zəngəzur dəhlizi üzrə razılaşma Cənubi Qafqazda maraqlar toqquşmasını daha da gücləndirib. ABŞ-nin 99 il ərzində bu marşruta nəzarət edəcəyi barədə razılaşma həm Moskva, həm də Tehranın narahatlığına səbəb olub.
Turkustan.az Teleqraf-a istinadla Aİ bu kontekstdə ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, amerikalı analitik Pol Qobl ilə müsahibəni təqdim edir:
- ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına vasitəçilik etdi. Bu vasitəçiliyə "Tramp yolu" adlandırılan Zəngəzur dəhlizi üzrə razılaşmanın əldə olunması da daxildir. Razılaşmaya əsasən, ABŞ 99 il bu marşruta nəzarət edəcək. Bu prosesdən gözləntiniz maraqlıdır, sizcə, bunlar regionun geosiyasi mənzərəsinə necə təsir göstərəcək?
- Bu, tamamilə hadisələrin necə inkişaf edəcəyindən asılıdır. ABŞ-nin bu nəzarətinin konkret olaraq nəyə gətirib çıxaracağı, ümumiyyətlə, tam şəkildə həyata keçirilib-keçirilməyəcəyini hələ heç kim dəqiq bilmir. Bəllidir ki, bu, hərbi xarakter daşımayacaq, amma ABŞ-nin regionda istənilən formada mövcudluğu Cənubi Qafqazın geosiyasətini dəyişəcək. Mən hələ də hesab edirəm ki, Türkiyənin dəstəyi ilə Azərbaycanın (Qərbi) Zəngəzurda mövcudluğunun genişlənməsi və dərinləşməsi prosesi davam edəcək. Bakı, nəhayət, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirmək üçün tarixi torpaqlarını bərpa etməyə yönələcək.
- ABŞ-nin Rusiyanın da maraqlarının olduğu bölgəyə daxil olması və belə bir tarixi razılaşmada yer alması birmənalı qarşılanmadı. Durumu bu yerə gətirib çıxaran amillər hansılardır?
- Moskva istənilən razılaşmaya, xüsusilə də öz nəzarətində olmayan müqaviləyə qarşı çıxır. Cənubi Qafqazdakı gərginliklərin əsasını Rusiya qoyub və uzun illərdir “parçala, hökmranlıq elə” siyasətindən istifadə edir. Bu vəziyyətin dəyişəcəyini gözləmirəm, xüsusilə də Azərbaycan, Mərkəzi Asiya, Türkiyə və İranın artan rolunu nəzərə aldıqda. Rusiya nəzarət edə bilmədiyi hər şeyi özünə təhlükə kimi görür, bu isə regional ölkələrin gücünün əsasını təşkil edir.
Hazırda Azərbaycan regionun aparıcı gücüdür. Moskva bundan narazıdır, amma Bakıya qarşı açıq şəkildə çıxış etmək imkanına malik deyil. Bu səbəbdən də Putin üzr istədi. Amma bu, hekayənin sonu deyil. Gözləntim budur ki, Moskva İranla əməkdaşlıq etməklə Azərbaycanı zəiflətməyə çalışacaq.
- İran da bu yolun açılmasına etiraz edənlər arasındadır, hətta Tehrandan o açıqlama verilib ki, ABŞ əsgəri bölgədə görünsə, oranı Tramp üçün məzarlığa çevirəcəklər. İran nədən narazıdır və baş verənləri pozmaq iqtidarındadırmı?
- Əgər ABŞ, NATO və hətta Türkiyənin (Qərbi) Zəngəzurda hərbi mövcudluğu yaranarsa, İran hərbi addım ata bilər. Hazırda isə Tehran iki istiqamətdə fəaliyyət göstərəcək: birincisi, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Araz çayının cənubundan keçən alternativ marşrutu təşviq etmək; ikincisi, Azərbaycan ərazisindən keçən Şimal–Cənub ticarət dəhlizini genişləndirərək Zəngəzur dəhlizinin əhəmiyyətini azaltmağa çalışmaq. Bunun uğurlu olacağına şübhə edirəm, amma Tehran məhz bu istiqamətdə hərəkət edəcək.