AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
III yazı
Əli Təbrizlinin “millət”lə bağlı gəldiyi qənaət böyük ölçüdə doğrudur. Yəni eyni bir dövlətin çatısı altında yaşamaq o demək deyil ki, türklər kimi böyük bir tarixi şüuru, mədəni şüuru, dövlətçilik şüuru, milli dil şüuru olan bir millət azsaylı farsların diktator rejimi altında assimliyasiya olsunlar. Doğrudur, Pəhləvilər və İslam rejimləri uyğun olaraq irançılıq və şiəçilik ideyalarından istifadə edərək bunun üçün çox çalışıblar və çalışırlar da. Ancaq türklər heç bir zaman əsasən, Türk kimliklərini Fars kimlikləri ilə dəyişdirmədilər və dəyişdirməyəcəklər də.
Sadəcə, irançılıq və şiəçilik bəzi Türk təbəqlərinə zaman zaman öz təsirini gəstərmişdir ki, bu da uyğun olaraq “İran milləti” və “müsəlman-şiə” kimliyi “birliyi”dir. Hər halda Türk milləti ilə yanaşı özünü “İran milləti”nin içində də görüb, “iranlı” sayan türklər müəyyən qədər fars-iran millətçilərinə uduzmuş olurlar. Çox yazıqlar ki, Təbrizli də Türk milləti ilə yanaşı özünü “İran millət”inə daxil etməklə, bu yanlışdan yan qaça bilməmişdir. Şübhəsiz, buna əsas səbəb də, “İran” anlayışının həm coğrafi, həm də dövlət adı altında şüurlara yeridilməsi idi. Yəni irançıların apardığı siyasət nətisəcində istər-istəməz bu dövlətdə və coğrafiyada yaşayan bütün xalqlar (ərəblər, turklər, bəluclar, kurdlər, turkmənlər, farslar və b.) “İran milləti” və “İran dovləti” anlayışlarına yerləşdirlir.[1]
Bütün bunlarla yanaşı, Təbrizli hesab edirdi ki, Azərbaycan xalqı Türkdür və onu “Azərbaycanlı”, ya da “Azəri” adlandırmaq doğru deyil. O, yazırdı: “İran türklərini yalnız Azərbaycan adındakı qəfəsdə tutanların hiyləsini indilik bütün İranda olan Türk qardaşlarımız açıqca gözə almamışlar və bu gün də Rusiyada, Avropada, İranda bizə Türk yerinə azərbaycanlı adını zorla və israrla təlqin edənlərin hədəfi budur, bizə təlqin etsinlər ki, Türk sadəcə Azərbaycanda ola bilər, yaınız o yerdə olduğu zamanda Türk deyil, bəlkə Azəri adını ala bilər”.[2]
Onun fikrincə, ümumiyyətlə, “İran” coğrafiyasındakı türkləri ancaq Azərbaycan çərçvəsində görmək, üstəlik də onlara “Azərbaycanlı”, ya da “Azəri” demək, türklərin coğrafiyasını və sayını azaltmaqla bağlıdır. O, yazırdı: “Özgələri bizə Türk deməkdən cəkinmirlər, vəli özümüzünkülər cin bismillahdan qorxan kimi üşünürlər, cünki ya özlərinə etimad nəfsləri yoxdur və ya başqa yerlərdən dəstur və ya əmr almaqdadırlar”.[3]
Ümumiyyətlə, Əli Təbrizlinin əsas məqsədi bütün türklərin, o cümlədən Azərbaycan türklərinin milli tarix şüurunun və mədəni şüurunun yenidən bərpasıdır ki, müəyyən nöqsanları nəzərə almasaq əsasən doğru təsbitlər ortaya qoya bilmişdir. Burada vacib olan Türkün öz keçmişini öz şüuru ilə dəyərləndirə bilməsi, tarixdə buraxdığı səhvləri bir daha təkralamamasıdır. Eyni zamanda, türk öz dilini və kimliyini bir an olsun belə, unutmamalı və daima assimilyasiya qarşı mübarizə aparmalıdır.
Əli Təbrizli çox haqlı olaraq qeyd edirdi ki, Azərbaycan türkləri hansı dinə, partiyaya etiqad edib etməməsindən asılı olmayaraq milli məsələlərdə ortaq yol tutmalıdır. Onun fikrincə, vaxtilə başımıza gələn məğlubiyyətlərin səbəbi də məşrutiyyəti, demoktratiyanı, sosial-demokratizmi və digər məsələləri doğru təhlil edə bilməməyimizdir. O, yazırdı: “Məşrutə dövründə oz əlimizlə Türk törəsi olan Qacarı yıxdıq, habelə firqədə milli adla üzərimizə rus qiyafəsində Kommunistlər cıxdı və sonra ruslar bizim üstümüzdə Amerikalılarla müamilə edib, bizi köhnə düşmənimizin əlinə tapşırdılar”.[4]Eyni zamanda, o, yazırdı ki, indi də ingilis və rusların əlaltıları Azərbaycanda köhnə oyunlarına davam edirlər: “İngilisin köhnə framasonları, rusların təzə framasonları, milli maska altında məzlumlar sırasında, bugün “Varlıq” adı altında darlıq törətməkdədirlər. Və indi bu hiylələri və bu fürsətçi qəhrəmanları göz evinə alaraq baxalım ki, bugünkü nəsil, dünənki nəslin saymazlığından və duymazlığından nə cürə təcrübələr almalıdır”.[5]
Təbrizlinin dediklərində həqiqət payı çoxdur, ancaq Qacarların yıxılmasında yanlız günahkar başda Səttarxan olmaqla Türk məşrutəçiləri deyil, eyni zamanda Türk törəsindən çox uzaqlamış Qacarlar da suçlu idilər. Ümumilikdə, Türk törəsindən uzaqlaşma bütün sahələrdə özünü ortaya qoymuşdu və bunun acı sonluğu olaraq yalnız Türk dövlətləri çökmədi, eyni zamanda Türk xalqları da ağır bir vəziyyətlə üz-üzə qalası oldular. Artıq Əli Təbrizlinin timsalında yenidən toparlanaraq Türk törəsinə dönüşün əsil mahiyyəti daxili tələbatdan irəli gəlirdi.
Eldar Qaradağlı hesab edir ki, Əli Təbrizlinin şillə kimi bu sözləri, iddialı dostlarının düşüncə ölçüsündən daha geniş idi. O, yazırdı: “Milli iradə aydınlıq iradəsi deməkdir. Aydınlıq iradəsi isə iç çirkabını, köləlik qorxusunu, özgəlik əxlaqını öldürməklə şərtlənir. Ə.Təbrizli və M.T.Zehtabi kimi düşünürlərimiz bunu bacardılar. Onlar düşmən tələsinin ipucunu yiyəsiz qafalarda buldular. Onlar “Nə mutlu, Türkəm” deyənə, (Atatürk) fəlsəfəsinin öz malları olduğunu bildilər. Bu isə fars qardaşlığına, İran xalqları dostluğuna qarşı yaramazlıq hesab olundu! Çünki belə dostluğun ən gərəklisi rus ayısına, fars dayısına ufanmaqdır. Başqa deyimlə, bu dostluğun başlıca şərti, beyin çalarlarının irançılıq bataqlığına cummasıdır. Zehtabilər, Təbrizlilər Fars faşizminin gözlərinə baxa-baxa “göy yerə gəlsədə, mən mənəm, sən də sənsən!” sözünü deyib, millətin ürəyində yaşamağı bacardılar. Onlar milləti sadə bir toplum kimi deyil, bir sevgi kimi, bir varlığın anlamı kimi, bir sönməz ruh kimi sevdilər. Onlar bizim yerlərdə olan qutsallığı torpağa və ulusa aşırmağı bacardılar. Milləti özlərinə deyil, özlərini millətə həsr edən bu ədiblərimizin ruhu ulusumuzun beyninə yeridi”.[6]
Təbrizlinin şeirlərində də Azərbaycan türklüyünün yenidən dirilişi və toparlanması məsələləri xüsusi yer tutmuşdur. Məsələn, o, “Ərdəbil” şeirində Səfəvilər dönəmində milli-mənəvi əhəmiyyət kəsb etmiş Ərdəbilin yenidən o ruha dönməsinə, eyni zamanda bütün Türk xalqlarının birliyinə çağırış etmişdir:
Ey olan tarixlərə zinət, gülüstan, Ərdəbil,
İftixar olsun ol canım da qurban, Ərdəbil
Tarixi tutmus ayaqdan-başa şanü söhrətin,
Sən ilə məşhur idi dünyada İran, Ərdəbil.
İndi bilməm nə oldu ki, gözdən, nəzərdən düsmüsən,
Olmusan itgin bu İran içrə viran, Ərdəbil.
Sən idin çesmi-çırağı ölkənin, ey şəhrimiz,
Fəxr edərdi sən ilə Azərbaycan, Ərdəbil!
Birləşə Türkiyə və dünyada hər nə Türk var:
Qırğızıstanü bu türkü Özbəkistan, Ərdəbil!
Ölmərəm görsəm ki, olmuş cümlə bu millətləri
Bir-birinə mehribanü canü canan, Ərdəbil!.[7]
Şübhəsiz, Əli Təbrizlinin türkçülük və turançılıq ruhu yeni nəsil Azərbaycan türklərinin milli ruhunun dirçəlişində və şəkillənməsində mühüm rol oynamışdır. Xüsusilə də, onun Türk dünyagörüşündən çıxış etməsi və görüşlərini Türklük nüvəsi əsasında formalaşdırması çox önəmli idi. Başqa sözlə, onun digər çağdaşlarından əsas üstünlüyü milli fəlsəfədən, Türk fəlsəfəsindən və dünyagörüşündən çıxış etməsi idi. Təbrizlinin Türk dünyagörüşünü daha dərindən mənimsəməklə yanaşı, onu ifadə etməkdə doğru yol seçməsi, milli fəlsəfənin yenidən dərki baxımdan çox önəmli olmuşdur.
Ədəbiyyat:
Ağcaköylü Abdullah. Bilinmeyen Büyük Bir Türkçü ve Türkçeci Tabrizli Ali. – “Türk kültürü”, sayı 1, yıl 1, Kasım 1962
Ağcaköylü Abdullah. Tebrizli Aliden seçme şiirler. - “Türk kültürü”, sayı 2, yıl 1, Aralık 1962
Ələkbərli Faiq. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). III cild. Bakı, “Elm və təhsil”, 2024, 800 s. (Tamamlanmış və əlavələrlə yenidən işlənilmiş ikinci nəşri)
Qaradağlı E. Azərbaycan mərkəzli türkçü düşüncə. İstanbul, ÇAV, 2012
Məmmədli Pərvanə, Nəsib Nəsibli. Fikir və əməl böyüklərimiz./Təbrizli Əli/. Bakı, Nurlar NPM, 2014
Təbrizli Əli. Ədəbiyyat və miliyyət. Tehran, Atropat kitab evi, 1360
Oxtay, Əlirza Nabdil. Əsərləri. Bakı, “Qoliot Qkup”, 2009
Onullahi S. İranda milli məsələnin qoyuluşu// Güney Azərbaycan: Tarixi, siyasi və kulturoloji müstəvidə (Məqalələr toplusu). Bakı, Azərnəşr, 2010
https://ali-shamil.tr.gg/%26%23399%3Bli-T%26%23601%3Bbrizi.htm
[1] Yenə orada, s.91-92