Nəsib Nəsibli: Türklük və Bütövlük yolçusu


No description available.

Nəriman Əbdurrəhmanlı

Arif Əmrahoğlunun təqdimatı ilə tanıdım...

Əvvəlcə, tələbəlik illərimdə getdiyim bir tədbirdə atasını, əslən Bolnisi rayonu Aşağı Qoşakilsə kəndindən olan təəssübkeş ziyalımız, ovaxtkı V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) müəlllimi Loğman Nəsibovu tanımışam...

Son dərəcə istiqanlı, təmkinli, nəzakətli insan olan Loğman müəllimlə tez-tez Milli Kitabxana həndəvərində rastlaşır, ayaqüstü hal-əhval tutur, bəzən də Sahil bağında gəzişir, elmdən, gün-güzərandan, daha çox da Borçalıdan söhbət eləyirdik. O söhbətlərin birində də oğlu Nəsibin yenicə universitetin tarix fakültəsini bitirdiyini, Akademiyanın Şərqşünaslıq İnstitutunda işlədiyini söyləmişdi.

Səksəninci illərin ortalarında isə Bakıya səfərlərimin birində, Akademiyanın Nizami adına Ədəbiyyat İnstututunda işləyən köhnə döstum, mərhum Arif Əmrahoğluna baş çəkəndə məni artıq rastıma çıxan məqalələrindən imzasını tanıdığım Nəsib Nəsibzadəylə (o vaxt soyadı beləydi) tanış elədi. Elə ilk görüşdəcə təxminən yaşıdım olan (sonralar öyrəndim ki, 1956-cı il sentyabrın 15-də, Bakının qurtuluşu günü dünyaya gəlib) artıq namizədlik dissertasiyasını uğurla müdafiə eləmiş, yüksək erudisiyalı, təəssübkeş, istiqanlı oğlanı özümə “bir köynək yaxın” saydım.

Onda, yaddaşım aldatmırsa, Nəsib İran İslam Respublikasına, su-elektrik stansiyasının tikintisində tərcüməçi kimi işləməyə getmək üçün hazırlaşdığını söyləmiş, hətta tarix fakültəsini bitirmiş adamın fars dilinə bələdliyi məni xeyli təəccübləndirmişdi.

Onda Arif Əmrahoğlu özünəxas tərzdə, hərarətlə, inandırıcı dəlil-sübutlarla Nəsib Nəsibzadənin insani keyfiyyətlərindən də, elmi potensialından da, milli təəssübkeşliyindən də ağızdolusu danışmışdı...

2. Milli mübarizənin intellektualı

İkimiz də Bakıya 1988-ci ildə - Ermənistanın torpaq iddialarının açıq müstəviyə keçdiyi, nəticədə Azərbaycanda milli oyanışın vüsət aldığı, xalqın meydanlara çıxıb müstəqillik şüarları səsləndirdiyi bir vaxtda - qayıtmışdıq.

Onda Elmlər Akademiyası milli mübarizənin mərkəzi, mərhum Aydın Səlimzadənin rəhbərlik elədiyi “Elm” qəzetisə ruporu idi. Artıq Şərqşünaslıq İnstututundakı elmi işinə dönmüş, dərhal da Azadlıq hərəkatının intellektual qolunun əsas simalarından birinə çevrilən Nəsib Nəsibzadə maarifləndirməni hər şeydən vacib sayırdı. O vaxt həmin qəzetdə çalışan yazıçı Mahir N. Qarayevin dəqiq ifadə elədiyi kimi, “ADR deyəndə on adamdan doqquzu paytaxtı Berlin olan Almaniyanı düşünürdü və ilk olaraq Nəsib Nəsibzadə “Elm” qəzetində “Azərbaycan Demokratik Respublikası” adlı silsilə araşdırmasını dərc etdirib, bugünkü “çağırsa ellər gedərəm davaya” təfəkkürlü cahılların atalarına xatırlatdı ki, vaxtilə bizim Azərbaycan Demokratik Respublikası adlı məmləkətimiz olub, bütün Şərqdə ilk müstəqil ölkəni quran kişilər – Rəsulzadələr, Topçubaşovlar, Yusifbəylilər, Rəfibəyovlar, Xoyskilər… bizə 114 min kvadrat kilometrlik bir ərazi qoyub gediblər!”

Onda Nəsib Nəsibzadə, sözün əsl mənasında, gecəsini gündüzünə qatıb Azərbaycan Demokratik Respublikası ilə bağlı olan, az qala 70 il gizlədilmiş arxiv sənədlərini üzə çıxarır, dövlət müstəqilliyimizin bərpa olunması ilə bağlı ideoloji əsası, dövlətçilikdə varislik prinsiplərinin elmi-tarixi zəminini işləyib hazırlayırdı. Onun Müsavat Partiyasının bərpasına çalışması, 1989-1992-də Azərbaycan Milli Demokratik Partiyası “Yeni Müsavat”a başçılıq etməsi, Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi kimi fəaliyyəti də yalnız bu məqsədi güdürdü, bütün düşüncələri isə 1990-cı ildə işıq üzü görən “Azərbaycan Demokratik Respublikası” adlı məqalələr və sənədlər toplusunda öz əksini tapmışdı.

Amma o gördüyü işlər hələ uzun araşdırma yolunun yalnız başlanğıcıydı...

3. Türkçülük və bütövlük ideolojisi

Mən bilən, mərhum Əbülfəz Elçibəyin ən uğurlu təyinatlarından biri o vaxt artıq EA Tarix İnstitutunun şöbə müdiri olan Nəsib Nəsibzadəni İran İslam Respublikasına səfir göndərməsi idi: orada dövlət siyasətinin prinsipinə çevrilmiş fars şovinizminə qarşı yalnız onun kimi millətçi, türkçü və yüksək hazırlıqlı bir intelektual duruş gətirə bilərdi.

Həqiqətən də yenicə müstəqillik qazanmış, ərazisinin bir hissəsi işğala məruz qalmış, təcavüzkar qonşusu və onun hiyləgər havadarları ilə əhatə olunmuş dövlətimizi İrandan gözlənən təzyiqlərdən qorumaq, üstəlik, Güney Azərbaycandakı soydaşlarımızın vəziyyətini nəzərə alıb balanslaşdırılmış siyasəti təmsil eləmək heç də asan deyildi. Amma Nəsib Nəsibzadə çalışdığı iki ilə yaxın qısa bir müddət ərzində diplomatik qabiliyyətini də aydın büruzə verdi.

Ola bilsin ki, bu diplomatık fəaliyyəti onun elmi araşdırmalarını da yönləndirdi. Hər halda, “Azərbaycanın xarici siyasəti (1918-1920)(1996), “Bölünmüş Azərbaycan, bütöv Azərbaycan” (məqalələr toplusu, 1997), “İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri)” (1997) kimi sanballı monoqrafiya və topluları məhz o dövrdə araya-ərsəyə gəlməsi heç də təsadüf deyil.

Həmin vaxt artıq aktiv siyasətdən uzaqlaşmış, doktorluq dissertasiyasını uğurla müdafiə eləmiş, bütün enerjisini elmi araşdırmalara yönəltmiş, Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışan Nəsib Nəsibli həyatının başlıca missiyası olan türkçülük və bütövlük ideolojisini daha da irəliyyə aparmağa çalışırdı. Onun o dövrdə qələmə aldığı məqalələrində, eləcə də müsahibələrində və şərhlərində bu missiya qırmızı xətt kimi nəzərə çarpır.

“Onillərlə bizə “Anamın kitabı” nağılını danışdılar, - o müsahibələrinin birində deyirdi, - Azərbaycanı işğal etmək istəyən üç dövlət varmış, bunların arasında Rusiya “ən inkişaf etmişi idi”, ona görə Azərbaycan “pislər arasından ən yaxşısını” seçdi və “Rusiya ilə birləşdi.” Nəticə, Azərbaycan üçün İran və Türkiyə ən pis variantdır, onlardan uzaq durmalı, Rusiyadan öyrənməlidir”.

4. Geosiyasi gerçəkliklər və Azərbaycan

Nəsib Nəsibli Azərbaycanın tarixən məhkum olduğu Rusiya sindromundan qurtulması üçün dünyaya daha çox açılmasını başlıca şərtlərdən biri sayırdı...

Azərbaycan taleyüklü məsələlərdə xarici siyasətini Moskva ilə deyil, dünyadakı geosiyasi gerçəkliklərlə uzlaşdırmalı, işğal olunmuş ərazisi ilə buxovlandığı zəncirləri parçalamalı idi. Onun 1997-1998-ci və 2002-2003-cü illərdə ABŞ-nin Çikaqo və Con Hopkins universitetlərində araşdırmalar aparması da məhz o geosiyasi strategiyanı daha dərindən mənimsmək cəhdi sayılmalıdı.

Professor Nəsib Nəsibli “Azərbaycanın geopolitikası və neft” (2000) kimi sanballı monoqrafiyasını məhz həmin dövrdə qələmə alıb. Monoqrafiyada Azərbaycanın keçmişində və gələcəyində neftin yeri, geopolitikasında neft kəməri məsələsi, Qafqazların geopolitikasında neftin yeri, Azərbaycan-İran münasibətləri, İranın Azərbaycan və Azərbaycan nefti ilə bağlı siyasəti, neft və demokratiya, Azərbaycan idealı, Qarabağ problemi... kimi fundamental problemlər məhz qlobal hadisələr nəzərə alınmaqla araşdırılıb.

O, həmin dövrdəki şərhlərində, müsahibələrində və dialoqlarında da Azərbaycan-İran münsibətlərinə xüsusi yer ayırırdı. Sonralar isə Məsud Pezeşkianın İran prezidenti seçlməsi ilə ən azı soydaşlarımız üçün taleyüklü problemlərin - təhsil sistemində ana dilinin öyrədilməsi, Urmu gölünün qurtarılması, Azərbaycan sərvətlərinin İranın başqa bölgələrinə daşınmasının qarşısının alınması – çözlüləcəyinə ümid bəslədiyini qeyd eləyirdi.

Tarix professor Nəsib Nəsiblinin irəli sürdüyü başlıca müdəaların düzgünlüyünü təsdiqlədi, güneydəki soydaşlarımızın problemləri ilkin mərhələ kimi müzakirə mövzusuna çevrilməyə başladı, Azərbaycan dövləti balanslı siyaəti nəticəsində işğal olunmuş əraziləri azad etdi, Moskvanın nüfuz dairəsindən çıxa, qarşı tərəfi ədalətli sülhə zorlaya bildi.

5. On ilin hesabatı

Professor Nəsib Nəsibli 2005-ci ildə 3-cü çağırış Milli Məclisə keçirilən seçkilərdə millət vəkili mandatı qazandı, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi fəaliyyət göstərdi.

Millət vəkili kimi o, Türkiyə-Ermənistan münasibətlərinin perspektivlərindən tutmuş ali təhsil müəssisələrinin, o cümlədən, universitetlərin paytaxtdan kənara köçürülməsinin vacibliyinə, Neft Fondundan ayırmaların neftdən asılılığa səbəb olmasınadək vacib problemlər qaldırsa da, şübhəsiz, başlıca qayğılardından biri Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti idi, hətta bununla bağlı parlamentdə dinləmələr keçirilməsinə belə çalışmışdı.

Bütövlükdə isə professor Nəsib Nəsibli parlamentdəki beşillik fəaliyyəti ilə yaddaşlarda ziyalı, savadlı, vətənpərvər, fars, rus, ingilis və fransız dillərində mükəmməl danışan ziyalı, insan kimi çox mədəni, həm də hər zaman öz mövqeyi olan, Güney türklərinin və Türk dünyasının dəyərlərini uca tutan, həssas məsələlərə reaksiyası diqqət çəkən, milli təəssübkeşliyi ilə seçilən, həmişə hadisələrə və məsələlərə dövlətçilik prizmasından münasibət bildirən, opponentlərinə qarşı aqqressivlik nümayiş etdirməyən, etikadankənar hərəkətə yol verməyən, daim cəmiyyətdəki problemləri qabardan millət vəkili kimi yadda qaldı.

Bu fəaliyyəti vaxt imkanlarını daraltsa da professor Nəsib Nəsiblini araşdırmalardan soyuda bilmədi: elmi-pedaqoji işə qayıdandan sonra “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti” (2011) adlı dərs vəsaiti, “Güneyli-Quzeyli məsələlərimiz” (2013) məqalələr toplusu işıq üzü gördü. Xüsusilə ikinci kitabında o, Azərbaycanda Türk varlığı, Türkçülüyümüz və Azərbaycançılığımız, Pan-İranizim və Türklük, Güneydə milli hərəkatın keçmişi və indisi, milli hərəkatın demoqrafik, sosial-iqtisadi imperativləri, millətləşmə prosesində şiəliyin yeri... kimi geniş spektrli məsələləri araşdırıb, türkçü düşüncə ilə bağlı konsepsiyasının konturlarını cızıb...

6. Tariximizə yeni baxış

2015-2016-cı tədris ilində Türkiyəyə üz tutan, əvvəlcə Trabzon universitetində, 2017-ci ildən isə Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində mühazirələr oxuyan, eyni zamanda elmi araşdırmalar aparan professor Nəsib Nəsibli türkçülük və bütövlük ideolojisini uğurla davam etdirdi.

Onun Ankarada işıq üzü görən “Güney ile Kuzey Azerbaycan sorunları” (2017), “Kuzey Azerbaycan İstiklalden İkinci İşgale (1918-1920)(2018) monoqrafiyaları məhz bu missiyasının elmi-tarixi şərhi idi. “Güneydə Türkçülük hərakatının tarixini XXI əsrin əvvəllərindən hesablamaq doğru olmazdı., - professor Nəsib Nəsibli Güneydəki oyanışla bağlı deyirdi. - Bu tarix daha qədimə gedir, ən azı, böyük fikir adamlarının hadisələrdə çox diqqət çəkən fikirlərini, yaddaşlarda yer almış əsərlərini, deməmək mümkün deyil. Bunu da XXI əsrin əvvəlləri ilə məhdudlaşdırmaq doğru olmazdı, o fikirlərin ən azı yüz illik bir tarixi var; müxtəlif şəkillərdə, ya ədəbi formada, ya siyasi formada, ya bəyanat şəklində, ya siyasi məqalə,ya kitab nümunəsində özünü göstərib”.

Professor Nəsib Nəsibli eyni zamanda Quzeydə Sovet dövrü Azərbaycan tarixçiliyinin bəlalarından qurtulmaq, Güneydə isə tarix şüuru kimlik problemini çözmə missiyasını aşıb, tarixdən dərs alma missiyasına fokuslanmaq zərurətini qeyd eləyirdi. Nəticədə 2019 və 2021-ci ildə Ankarada, 2022-ci ildə isə Bakıda işıq üzü görən “Azərbaycan tarixi: Millət-Dövlət-Siyasət” adlı fundamental araşdırmasında tariximizə fərqli nəzərlə baxış ortaya qoydu.

Klassik tarixçilik hər şeydən əvvəl ‘necə oldu?’ sualına cavab axtarır. Bu, bir növ təsvirçi mirzəçilikdir... – O, öz konsepsiyasnı belə şərh eləyir. - Halbuki, modern tarixçilik üçün ‘nədən belə oldu?’ sualı daha maraqlıdır. Mən çalışdım tarixi-politoloji metoddan istifadə edərək, ayıq, modern düşüncəli və sorğulama kültürünə malik soydaşlarımızı narahat edən aktual suallara cavab verim. Bu suallar hansılardır; biz kimik, haradan gəlib haraya gedirik? Niyə bu gündəyik? Çağdaş Azərbaycanın iki parçası arasında ortaq və fərqli cəhətlər hansılardır?”

7. Böyük irsin davamçısı

2021-ci ildə vətənə dönən, elmi-pedaqoji fəaliyətini Bakıda davam etdirən professor Nəsib Nəsibli öz üzərinə “türkçülüyün unudulmuş peyğəmbəri” Əli bəy Hüseynzadənin mirasına sahib çıxmaq, müqəddəs irsini davam etdirmək missiyası da götürdü…

Onun “Quzey Azərbaycanın birinci (1918) və ikinci dəfə müstəqilliyinin (1991) qazanılması uğrunda həyatını qurban vermiş insanların əziz xatirəsinə, Güney Azərbaycanda milli haqlar uğrunda mübarizə aparanlara ərməğan” etdiyi “Türkçü düşüncənin əsasları” (2023) monoqrafiyası türkçülüyün mahiyyəti, millətləşmə prosesinin tələbləri, millət-dövlət bayrağı, millətin adı, milli tarixçilik, dil məsələləri, millət qorucuları və tarixdəki qəhrəmanlarımız, milli siyasi elita problermlərimiz, millət-dövlət münasibətləri, bayrağımızdaki çağdaşlaşma və islam kimi köklü məsələlər araşdırılır.

Artıq Türkçü Düşüncə Birliyinə rəhbərlik edən professor Nəsib Nəsibli Türk millətinin problemlərini ortaya çıxarmaq, bu problemlərin çözüm yollarını tapıb milli gündəmə daşımaq məqsədilə davamlı “Türkçülük Çalışmaları” simpoziumunun keçirilməsi üçün böyük təşkilati iş apardı. Birinci simpoziumda (2023) türkçülüyün başlıca problemləri müəyyənləşdirildi, ikincisi dil, üçüncüsü isə tarix məsələlərinə həsr olundu, məruzələr toplu halında işıq üzü gördü.

“Türkiyə heç bir zaman Azərbaycana bu qədər yaxın olmamışdı, - professor Nəsib Nəsibli günümüzün gerçəkliyini belə ifadə edir. - Türkiyənin özəlliklə Üçüncü Qarabağ Savaşında siyasi və hərbi gücüylə Azərbaycanın yanında olması qardaşlığın sözdən işə keçməsinin rəmzinə çevrildi. Ayətüllah Şəriətmədari, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyevin dilə gətirdikləri bir millət, iki dövlət düsturunun gərçəkləşdiyi nadir dönəmlərdən biri oldu. Güney Azərbaycan da heç zaman bu qədər Türkiyəyə yaxın olmamış, Türk Dünyasının bir parçası şüurunu daşımayıb, heç bir zaman gözünü bu qədər Türkiyəyə və Türk Dünyasına dikməyib”.

Professor Nəsib Nəsiblinin türkçülük və bütövlük yolundakı missiyası isə hələ bitməyib, daha qətiyyətlə davam eləyir...


MANŞET XƏBƏRLƏRİ