CİDDİ TƏHLÜKƏ: Dabaq xəstəliyi sürətlə yayılır - Ət və süd bahalaşır? - ŞƏRH


Son günlər Azərbaycanda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin geniş yayılması narahatlıq doğurur. Kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər və fermerlər vəziyyətin getdikcə ağırlaşdığını bildirirlər.

Yoluxucu və sürətlə yayılan bu xəstəlik heyvanların kütləvi şəkildə xəstələnməsinə səbəb olur ki, bu da ölkədə ət və süd məhsullarının qıtlığına və qiymətlərin bahalaşmasına yol aça bilər. Aidiyyəti qurumlar profilaktik tədbirlərin gücləndirildiyini açıqlasa da, fermerlər daha ciddi dəstəyə ehtiyac olduğunu deyirlər.

Görəsən, mövcud vəziyyət ölkədə kəskin ət qıtlığına və bahalaşmaya səbəb ola bilərmi, yoxsa bu sadəcə ictimaiyyətdə yaranan bir panikadır? Turkustan.az olaraq bu sualları iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq.

Qızılı qəbul edən müəllim və valideynlər barədə dəhşətlər üzə çıxdı - Günay  Hüseynova | Tribunainfo.Az

Günay Hüseynova

Düşünmürəm ki, qiymət artımına səbəb olmaq üçün qəsdən panika yaradılır. Bəli, dabaq xəstəliyi heyvandarlıq sahəsinə aiddir, lakin bu sahə kənd təsərrüfatının tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda iqtisadiyyata birbaşa təsir edən vacib sahələrdən biridir.

Kiçik sahibkarlar var ki, hər həftəsonu xırda və iri buynuzlu heyvanlarını bazara çıxarıb satış həyata keçirirlər. Bu gəlirlə kredit borclarını ödəyir, ailələrinin gündəlik ehtiyaclarını qarşılayırlar. Yəni heyvandarlıq, bir çox ailə üçün maliyyə məsələlərinin həllində əsas mənbə rolunu oynayır.

Ona görə də düşünmürəm ki, kimsə bilərəkdən belə bir vəziyyət yaratsın. Qida Təhlükəsizliyi Agentliyi və Baytarlıq Xidməti də xəstəliyin yayılması faktını rəsmi olaraq təsdiqləyib. Bu baxımdan, xəstəliyin süni şəkildə yayılması və ya qiymət artımına səbəb olmaq məqsədilə ortaya atılması iddiaları əsassız və absurddur.

Üstəlik, ölkəmizdə azad sahibkarlıq prinsipləri hökm sürür. Bu da o deməkdir ki, heyvandarlıqla məşğul olan şəxslər məhsulun qiymətini bazardakı tələb və təklifə uyğun olaraq sərbəst şəkildə müəyyən edə bilirlər. Əvvəlki illərdə də qiymət artımları olub və buna heç bir inzibati müdaxilə edilməyib. Əlbəttə, qiymətlərdə kəskin və süni artım olarsa, dövlətin müdaxiləsi qaçınılmazdır. Bu isə tamam başqa məsələdir.

Mövcud vəziyyətdə mən həqiqətən də xəstəliyin yayılmasının real olduğunu düşünürəm. Təbii ki, bu da bazarda tələb-təklif balansına təsir göstərə bilər. Ancaq yaxın zamanda Pakistanla heyvan ətinin idxalı ilə bağlı bir razılaşma əldə olunub. Bu kimi razılaşmalar – təkcə Pakistanla yox, Rusiya və digər ölkələrlə də – idxal olunan ət vasitəsilə daxili bazarda qiymətlərin müəyyən qədər tənzimlənməsinə şərait yarada bilər. Əgər bu idxal prosesində də hər hansı problem yaranarsa, o zaman qiymət artımı, təəssüf ki, müvəqqəti olaraq qaçınılmaz ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ