ABŞ prezidenti Donald Trampın keçmiş baş müşaviri Stiv Bannon Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffa HƏMAS-ın danışıqlardakı mövqeyi ilə bağlı yalan məlumat verdiyini iddia edib.
Turkustan.az xəbər verir ki, o, həmçinin MKİ direktoru Con Ratkliffin istefa verməli olduğunu bildirib.
Daily Mail-ə istinadən yayılan məlumata görə, Bannon bu fikirləri “Müharibə Otağı” podkastında səsləndirib və Trampın yaxın çevrəsindəki yüksək vəzifəli şəxsləri sərt tənqid edib.
Onun sözlərinə görə, MKİ Vitkoffa gündə üç dəfə Qəzza ilə bağlı məlumat təqdim edib, lakin bu məlumatların həqiqəti əks etdirmədiyini deyib:
“Bu, sadə kəşfiyyat səhvi deyildi. O, orada oturdu və gündə üç dəfə ona yalan danışdılar. Vitkoffa HƏMAS-ın heç vaxt razılığa gəlməyəcəyi bildirildi.”
Bannon, həmçinin bu yalan məlumatların İsrailin baş naziri Benyamin Netanyahu və İsrailin kəşfiyyat xidməti Mossad-la əlaqəli olduğunu iddia edib.
O, MKİ direktoru Ratkliffə çağırış edərək bildirib:
“Ratkliff bu gün istefa verməlidir. Əgər etməsə, onda Konqresdə açıq dinləmələr keçirilməlidir. Gəlin, onun danışıqlarda nə dediyini göstərək. Gəlin, ABŞ prezidentinə, xüsusən də İsrailin İrana qarşı 12 günlük hücumları başlanmazdan əvvəl söylədiklərinə qayıdaq – çünki bu, yalan idi.”
Aytən Yaşar/ Turkustan.az