Bazarlar bağlanıb, ət tapılmır: Qiymət bahalaşacaq


Hazırda ölkədə heyvanlar arasında yayılan dabaq xəstəliyi səbəbindən ət tədarükündə ciddi problemlər yaranıb.

Bir çox bölgədə heyvan bazarları bağlandığından, əksər bazarlarda ətin tapılması çətinləşib. Belə vəziyyət xaricdən, xüsusilə Ukraniya və Monqolustandan gətirilən dondurlmuş ətin bazarlara çıxmasına şərait yarada bilər. Bu hal bazarda ətin qiymətinə necə təsir edəcəyi suallarını gündəmə gətirir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, dabaq xəstəliyi ətin qiymətinə təsir göstərəcək:

“Bu gün ölkədə iribuynuzlu heyvanlar arasında epidemioloji vəziyyət var. Bu, ətin qiymətinin artmasına təsir göstərə bilər. Bir tərəfdən, bazarların bağlanması və təchizatla bağlı problemlər yaranır, digər tərəfdən isə kənd təsərrüfatında heyvanların xəstə olması ət satışını məhdudlaşdırır. Əlbəttə ki, bu halda xaricdən gətirilən ətə tələb artır. Bu hesabla düşünürəm ki, yalnız Ukrayna və Monqolustandan deyil, bir sıra digər ölkələrdən də ətin idxalı artacaq”.

Ekspert qeyd edib ki, xarici ölkələrdən idxal olunan ət əhalinin ehtiyacını ödəyə bilər:

“İdxal yolu açıq olarsa, ətə olan təlabat müəyyən qədər ödənə bilər. Amma bəzi hallarda qiymət artımının qarşısı alınsa da, yerli ətin qiyməti yenə artacaq və qeyd etdiyim kimi, idxal edilmiş ətin qiyməti azala bilər. Düşünürəm ki, bu vəziyyət aradan qalxana qədər ölkədə müəyyən qiymət artımı müşahidə olunacaq, çünki başqa ölkələrdən ətin idxalına zaman tələb olunur, bu çərçivədə artım müşahidə oluna bilər”.


MANŞET XƏBƏRLƏRİ