Qəzza zolağında davam edən gərginlik fonunda Azərbaycan Ordusunun bölgəyə sülhməramlı missiya göndərməsi xüsusi maraq doğurur. Maraqlıdır, Azərbaycan belə bir addımı Türkiyə və ya digər müsəlman ölkələri ilə birgə ata bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan ordusunun bu sahədə kifayət qədər təcrübəsi var:
“Sülhməramlı kontingentimiz əvvəllər Əfqanıstanda və Avropada xidmət aparıb. Həmin dövrdə Azərbaycan hərbçiləri Türkiyə ordusunun tərkibində fəaliyyət göstərib və bu, onlara ciddi təcrübə qazandırıb. Hazırda da ordumuzun tərkibində daim təlimlərdə iştirak edən, hazırlıq prosesindən keçən sülhməramlı qüvvələr mövcuddur. Bu, hər ölkənin ordusunda olan potensial deyil, lakin Azərbaycan belə bir qüvvəyə malikdir”.
Polkovnikin sözlərinə görə, Azərbaycan sülhməramlıları həm Türkiyə, həm də digər müsəlman dövlətlərinin tərkibində bu missiyanı icra edə bilər:
“Güman edirəm ki, Azərbaycan istənilən dövlətin, o cümlədən Türkiyənin tərkibində bu vəzifəni yerinə yetirməyə qadirdir. Hətta Azərbaycan Ordusu sərbəst şəkildə də Qəzzada və digər münaqişə zonalarında sülhməramlı missiyanı icra edə bilər”.
Bununla belə, Rövşən Məhərrəmov vurğulayıb ki, sülhməramlı qüvvələrin hər hansı əraziyə yerləşdirilməsi dövlətlərin öz qərarı ilə həyata keçirilə bilməz:
“Belə missiyalar yalnız Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə reallaşır. Əgər BMT bu istiqamətdə qərar qəbul etsə, Azərbaycanın müzəffər ordusunun sülhməramlı qüvvələri Türkiyə və digər dövlətlərlə birgə bu missiyanı yerinə yetirəcək”.