Bazarlar bağlanır, ət qəhətə çəkilir: Toyuq bahalaşır? - RƏSMİ CAVAB


Son zamanlar ölkədə heyvanlar arasında yayılan xəstəlik ət bazarına da ciddi təsir göstərib.

Dabaq xəstəliyinin artması nəticəsində mal və qoyun ətinin satışı azalıb, bir çox bölgələrdə isə ət tapmaq müşkülə çevrilib.

Bu vəziyyət əhali arasında narahatlıq yaradıb, insanlar sağlamlıqlarını qorumaq məqsədilə daha təhlükəsiz hesab etdikləri toyuq ətinə üstünlük verməyə başlayıblar.

Lakin bazarlarda toyuq ətinin də qıtlığı müşahidə olunur, bu vəziyyətin qiymətlərə necə təsir edəcəyi maraq doğurur.

Bəs toyuq ətinin qiyətinin artması gözlənilirmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Azərbaycan Quş Əti və Yumurta İstehsalı və İxracatı Assosiasiyasının sədri Mürvət Həsənli bildirib, toyuq ətində qiymət artımı gözlənilmir:

“Hələlik toyuq ətinə elə ciddi tələbat yaranmayıb. Əgər tələbat artsa belə, ölkədəki fabriklər kifayət qədər istehsal gücünə malikdir və qısa müddətdə bazarın ehtiyacını ödəyə biləcək vəziyyətdədir. Fabriklər arasında rəqabət olduğu üçün qiymətlərin qalxması da gözlənilmir.

Bundan başqa, yemlərin qiyməti hazırda aşağı olduğuna görə, toyuq ətində qiymət artımı ehtimalı azdır. Ümid edirik ki, qırmızı ət (qırmızı ət deyərkən mal, qoyun və donuz əti nəzərdə tutulur) tezliklə bazarlara qayıdar və vəziyyət tam bərpa olunar. Hazırda nə toyuq ətində, nə də yumurtada qiymət artımı gözlənilmir”.


MANŞET XƏBƏRLƏRİ