İŞIQLI ATALI
II YAZI
(önü ötən sayımızda)
Ata binmək can üstündə can bəsləməkdir.
Atın türkün həyatındakı rolu onun təsərrüfat həyatından tutmuş mədəni həyatına kimi hər sahədə gərəkliyini ifadə edir. At – türkün dostu, can yoldaşı ölçüsündə də öyülüb. Bu, o deməkdir ki, türkün Tanrıçılıq baxışlarının ardıcıl formalaşmasında ata münasibət də ciddi rol oynayıb: atın ilk növbədə savaşlardan türkü sağ çıxarması imkanı, vasitəsi olması, eləcə də həyatının bütün sahələrində “sağ əli” - təsərrüfat həyatında əvəzsiz yardımçı olması diqqət çəkir.
Türk sanki atın belində olarkən özünü Tanrısına daha yaxın sayıb. Atın özünün “canlı” yox, “can” sayılması onun ruhlu sayılması anlamındadır. “Can üstündə can” hər ikisinin mahiyyətcə eyni statusda görülməsinə, qəbul edilməsinə işarədir. “Koroğlu” dastanında Koroğlunun Qırata öygüsü bunu sübut edir. At yiyəsini duyur, onun qırımından nə istədiyini anlayır.
Habelə türk mifoloji düşüncəsində atın obrazlaşdırılması ardıcıl olaraq təbiətin mənalandırılması ilə bağlıdır. Bu, artıq totemləşdirmədir.
Əkən biçər, qonan köçər.
Məsəldə türkün oturaq və köçəri həyatına işarə var: burada türkün “köçəriliyi” Avropamərkəzçiliyin inad etdiyi kimi deyil, mahiyyətcə türkün öz böyük, tarixi arealında – öz məskənində köç etməsi kimi nəzərdə tutulmalıdır.
“Əkənin biçməsi” – uzunmüddətli məskunlaşmanı, təsərrüfat həyatının daha geniş ölçüdə yaranmasını, türk həyatının oturaqlığını, “qonanın köçməsi” – müəyyən səbəblərdən (münasibətlər, təsərrüfat həyatının uğursuzluğu və s.) bir yerdə çox oturaqlaşmadığına işarə edir.
Bütün hallarda məsəlin mahiyyəti türkün öz yurdunda – həyatında rast gəlinən əhvalları tam ifadə etdiyini göstərir.
“İşi işləyən könüldür”.
Burada əcdadın hər bir işə ürəklə yanaşması nəzərdə tutulur. Əcdadın həyata, təbiətə yanaşması ürəkdəndir, yaradıcıdır.
Türkün ürəkli (könüllü) davranışının kökündə duran özgürlüyüdür – Tanrısal davranışıdır. Burada onun qətiyyəti ifadə olunur, bunu da yaradan fitrətən inamlı olmasıdır.
“Oğruləyin dustdən yegdir düşmən”.
Məsəldə dost sayılan oğrunun mahiyyətcə düşmən olduğu vurğulanır. Tanrıçılıqda insanın tanrısallığı – onun içdən təmiz olmasına inamla bağlıdır. Bu keyfiyyətlərə malik olmayanın tanrısallığı baş tutmaz.
Düşmənlik türk idrakında ilk növbədə özünə yağılıq kimi anlaşılır. Özünə dost olmayanın, özünün yaxşı-pis keyfiyyətlərini tanımayanın başqasına, başqalarına yaxşı – dost olmasına inam olmur.
“Ulilar sözin tutmayan ulayu qalır”.
Ulunun – qədimin sözünün tutulması – Tanrının sözünün tutulması kimi anlaşılır. Ulu sözü – Törə sözüdür, dəyişməzdir. Ulunun Tanrıya tay tutulması – Əcdadın Tanrı sayılmasına, dünya yaradılışında onun iştirakına inamdan gəlir.
“Ulayu qalmaq” – yalquzaqlıq anlamındadır. Buradakı tənhalıq Boz qurdun tənhalığı (tənhalıqda qüdrətin ifadəsi) deyil, tamamilə çarəsizliyi işarələyir.
Ulu sözü – Tanrıdan soraq verir, insana tanrılığını tanıdır, birsifətli, halal, ailəcanlı olmağı tələb kimi qarşıya qoyur.
Uzun yaşın ucı ölümdür.
Türk mifoloji düşüncəsində ölüm həyatın tərkib hissəsi kimi anlaşılır. Ölümün təbii (doğal) qəbul edilməsi qənaəti burdandır. Ölümün qaçılmazlığı əcdadı kədərləndirsə də, sarsıtmır, həyatdan – yaşamaqdan küsdürmür.
“Dədə Qorqud”da Qorqud dilindən söylənilir:
Gəlimli, gedimli dünya,
Son ucu ölümlü dünya.
Əcəl aldı, yer gizlədi,
Son ucu ölümlü dünya.
Əcdad təfəkküründə ölüm olayının qaçılmazlığının dərki onun Tanrılıq xislətinə mane olmur, əməlinin ölümsüzlüyünün onu yaşadacağına inanır. “Dədə Qorqud”dakı “Qanturalı boyu”nda Tanrı adıyla Allahın varlığı (Türk insanının ömrünün müddətini müəyyən etməsi) artıq ictimai düşüncədə Tanrıçılıqdan Allahçılığa doğru əvəzlənmənin göstəricisi kimi anlaşılmalıdır.
“İki qardaş savaşmış, əbləh gerçək sanmış”.
İçində, halında Tanrılıq keyfiyyəti görən Türkün bir-biri ilə savaşması Əcdad ağlında mümkünsüz sayılmışdır; Məsəlin tarixinin – ulusal qaynağının qədimlərə dayanmasını təxmin etmək olar. Baxmayaraq ki, tarix boyunca türklərin bir-birləri ilə savaşmalarının (Teymurla Bəyazidin, Şah İsmayılla Sultan Səlimin və b.) şahidiyik. Məsəlin məna yükünün dərinliyi ortadadır; ən azı belə bir gerçəkliyin baş vermə ehtimalının da (hətta gerçəkliyinin də) ulusal xarakter baxımından aşılmasının mümkünlüyünə inam ifadə olunur.
“Akçayı tavara ver, assıyı Allahdan um”.
Axçanın (gümüş pulun) davara verilməsi işin öncəsi kimi anlaşılır, Allah (Tanrı) fayda verəcəkmi? Bu məsəlin ilkin variantı varmı? Artıq burada İslamdan gələn Allah obrazı aydınca görünür. Yəni hər şey Allahdan asılıdır. İstəsə bərəkət verər, istəməsə yox. Allah nə yazıbsa, o da olacaq.
“Ər əri sınar, münafiq Tanrıyı sınar”.
Buradakı “münafiq” sözü ərəbcədən gəlir, mənası “kafirlərin ən pis olanı”dır. Ərin əri (kişini - türk döyüşçüsünü) sınaması doğal (təbii) sayılmalıdır, ancaq münafiqin Tanrını (burada Allahı) sınaması uyğun sayılmır. Göründüyü kimi çağın düşüncəsindəki İslamdan gələn Allah obrazı Tanrı kimi təqdim olunur. Əslində Allah obrazı artıq əvəzedici kimi ağıla oturmaqdadır, kafirin Allahı sınamasının əhəmiyyətsizliyinə məsəldə işarə var.
“Adlu kişi adından qorqar, adsız kişi Tanrıdan qorqmaz”.
Qədim məsəl olduğu görünür. Adlı kişi – Türk ənənəsinə xas olaraq igidliyinə görə adlanandır, deməli, həyatı görən, dərk edəndir. Adlı kişinin adından qorxması – burada məsuliyyətini bilməsidir. Məsəldəki “Qorxmaq” – gerçək ağıldakı mənanı vermir.
“Adsız kişinin Tanrıdan qorxmaması” – məsuliyyətsizliyinə işarədir, yəni “Dədə Qorqud”dakı kimi 15 yaşında belə ad almayan, əslində ərlik məqamına yetməyəndir.
Əcdad düşüncəsində Tanrıdan çəkinmək – özündən çəkinmək anlamındadır.
Türk mifoloji düşüncəsində Tanrı – Türk İnsanının özüdür; Əcdad Tanrı ilə üz-üzə qalır, onu anlamağa çalışır, anladıqca var olur.
“Od küllə saqlanır”.
Qədim məsəldir, Tanrıçılıq dövrünün məhsuludur.
Fiziki odun ta qədimdən qorumaq məqsədi ilə külün içində saxlanılması əlverişli idi. Odun küllə qorunması – odluğunu təsdiq edir, burada kül vasitədir, “Oddan kül qalar” məsəlinin tamam tərsinədir. Odun Türk düşüncəsində qutsal (müqəddəs) sayıldığı aydındır.
Od imandandır.
Odun iman sayılması – oda inamı ifadə edir.
Odun içi təmizləyici keyfiyyəti var; burada iç – insanın daxili aləmidir, fiziki sayılanın mənəvi cəhəti üzə çıxır. Məsələn, qədim türklərin tonqal ətrafında oturarkən, ya da oynayarkən, şənlənərkən yaşadıqları hal onların iç dünyasının necə dəyişdiyini göstərir.
Od – inam səviyyəsində əcdadın əhvalına müsbət təsir edir, onun xarakterini formalaşdırır, ətrafda baş verənlərə münasibətini yaradır, ölçü olur.
Odun isidicilik keyfiyyəti ilə yanaşı əcdadın ağlında onun ruhsallığı yaranır. Günəşə sitayişin kökündə bu amil dayanır. Əcdad üçün Günəş ilk növbədə isidici xüsusiyyətə malik idi. Əcdad ağlının imkanları artdıqca anlayırdı ki, Günəşin aktiv dövründə təbiətdə canlanma yaranır, həyat cəlbedici olur, hər yer yaşıllaşır, onun qidalanması üçün hər şey yaranır, yetişir.
Günəşə sitayiş artdıqca qədim insanlar, o cümlədən türklər Günəşi çağıran nəğmələr yaratdılar, bu yöndə rituallar formalaşdı, Günəşin ağılda, düşüncədə obrazlaşdırılması başlandı. Bu yöndə inamın mayasında duran Günəşin ruhsal (insani) qəbul edilməsi idi. Ruhsallıq – mənəvilik önə keçdikcə fiziki keyfiyyət arxa plana keçdi.
“Ər ləğəbilə anılur”.
Türk düşüncəsində ər obrazı Tanrılıq keyfiyyəti daşıyır: birsifətli, halal, döyüşkən, yenilməyən...
Türk ərinin ləqəbi onun döyüş meydanında, ərlik yarışında qazandığı halal adıdır. Bu və ya başqa olayla bağlı yaranan adın mahiyyəti ərin sanki əyninə biçilmiş olur. Məsələn, “Dədə Qorqud”dakı Buğac buğanı yıxdığına görə Buğac adını qazanır.
Ərin Tanrılıq keyfiyyəti həm də andına dönük çıxmamaqla şərtlənir. Ər – biryolluq aqibətinə bağlı olur, heç bir maneə onu yolundan döndərə bilməz: Türk düşüncəsində Tanrılıq elə budur: xarakterin dəyişməməsi, ardıcıl ömrə yiyəlik, ailəyə bağlılıq, bir qadının ömürlük əri olmaq, qadını “Başım baxtı, evim taxtı” saymaq, xətaya yol verəcəyi halda qılıncına doğranacağı ilə bağlı and içməsi, özünə hökm etməsi, hökmü yerinə yetirməyə hər an qərarlı, inadlı, iradəli olması...
El yelimlü Bitiyi oqur.
Elin – yurd insanlarının sınaqdan çıxmış, ömür yaradan bitiyə bağlanması Ulusun (xalqın) aqibətini yaradır. Qədim türkün Tanrıçılıqla bağlı bitiyi olmayıb. Ayrı-ayrı dastanlarda, xalq yaradıcılğı örnəklərində Tanrıçılıq görüşləri ifadə olunub. “Yelimlü Bitiq” – burada sanballı, biryolluq, Törənin olduğu sistemli qanun kitabıdır.
Məsəl təbii olaraq konkretliyi ifadə etmir, ancaq yerlə-göylə əlləşən, təbiətin mahiyyətini fitrətən dərindən anlayan, özüylə dünya arasında ilahi bağ yaradan, ruhunun keyfiyyətlərini duyan, aşkarlayan, özüylə bir olan əcdadın içinin məntiqini ifadə edir.
“Ay var ikən yıldıza nə minnət?”.
Məsəldə Günəşin və Ayın qədim türk inancında tutduğu bənzərsiz rol konkret ifadə olunur. Azərbaycan folklorunun müxtəlif janrlarında, inanclarda, ayrıca olaraq Novruz düşüncəsində Tanrışılığın ifadəsi olaraq Novruz mətbəxində - müxtəlif şirniyyatların biçimlərində səma cisimlərinin obrazlarına rast gəlirik. Şəkərbura aya, qoğal Günəşə bənzədilir, paxlavanın dörd künclü olması dörd fəslə işarədir. Qoğalın üstündəki saysız dənəciklər (küncüt tumu və s. səpilir) ulduzları işarələyir. Beləliklə, burada Ayın Tanrı obrazında təsəvvür olunduğunu görürük. Aya minnət burada “minnətdarlıq” anlamındadır.
Əcdadın ağlında Aya diləkdə bulunmaq, istəyinin gerçəkləşməsini istəmək ona olan inamla bağlı idi. Ay varkən bu diləyi çoxsaylı ulduzlardan istəmək uyğun sayılmırdı. Əcdad ona ən yaxın olan ulduzu böyük, Tanrı sayırdı. Azərbaycan türk miflərində Ay oğlan, Günəş isə qız sayılır. Günəşin qız sayılması onun ilk növbədə saçaqlı olması ilə bağlıdır, həm də əcdadın məntiqinə görə gündüzlər çıxdığına görə qızdır, şüaları telləridir.
Ay isə gecə çıxır, qaranlığı yarır, işıqlandırır, tam qaranlıq olmasına imkan vermir, Günəşdən fərqli olaraq saçları yoxdur, deməli, oğlandır. Tanrıçılıqdan gələn məsəlin sonradan İslamda “12 imama yalvarınca bir Allaha yalvar” biçimində ifadə olunması diqqətçəkicidir. Burada Allahın hər şeydən, insandan təsəvvürəgəlməz dərəcədə güclü, habelə yaradıcı olması təsəvvürü var. Bu məsəldə Türkün dünyagörüşünün mahiyyəti özünü aydınca göstərir:
“Bən nə vaqt ölürsəm, qiyamət o gün qopar”.
O deməkdir ki, əcdad dünyadan ayrıldığı gündən başqa qiyamət tanımır. Ancaq dində yalnız Allahın müəyyən etdiyi vaxtda qiyamətin qopacağı deyilir. Bu məntiqlə hələ dünyada qiyamət baş verməyib.
“Buludlu gündə könül qaradur”.
Buludlu gündə əhvalın yaxşı olmaması əcdad türkün təbiətlə birliyinə aydın işarədir. Təbiətin əhvalı əcdadın xarakterinə təsir edir. Bu, təkcə Türkün şəxsi davranışı, psixologiyası ilə bağlı deyil, hər şeydən öncə təsərrüfat həyatı, məişət qayğıları ilə bağlıdır.
“Bu gün yarına irməz”.
Sabah əcdadın ağlında daha ümidli, fərqli, tamamilə bənzərsiz gün kimi təsəvvür edilir. İçində yaşadığı gün isə onun üçün azdır, məhduddur, imkanlarının kifayət qədər aşkarlanmamasıdır. Bununla belə məsəlin varlığı əcdadın həyata, dünyaya, özünə inamının ifadəsi kimi görünür. Əgər onun yaradıcı inadı olmasaydı, bu düşüncə də olmazdı.
(Ardı var)