Bəstəkar Faiq Sücəddinovun lirik mahnıları...


Çilənay Huseynova

AMEA Memarlıq və İncəsənət İnsitutunun kiçik elmi işçisi

Açıklama yok.

Öz fərqli üslubu, ruhu, lirikası olan Azərbaycanın xalq artisti, Şöhrət ordenli bəstəkar Faiq Sücəddinovun mahnı yaradıcılığı haqqında söhbət açmaq istərdim.Bəstəkarın yaradıcılığı genişşaxəlidir. Əsərləri arasında piano və simfonik orkestr üçün konsertlər, simli kvartet, piano və kamera orkestri üçün konsert, kamera orkestri üçün skertso, xor və simfonik orkestr üçün “Atatürk” odası, müxtəlif tərkibli ansambıllar üçün caz kompozisiyaları xüsusi maraq doğurur. Bununla bərabər onun yaradıclığının böyük hissəsini mahnılar təşkil edir.O, yaradıcılığa da mahnı ilə başlamışdır. Onun bütün mahnılarının əsasında özünəməxsus melodiya durur. Bu fərqli melodizm sanki insanın yaşadıqlarını, daxili aləmini, həyat eşqini, duyğularını, insan səsini xarakterizə edir.Bəlkə də mahnılarının bunca populyarlıq qazanması fərqli meladizmin gözəlliyi, zərifliyi ilə bağlıdır.

Faiq Sücəddinovun mahnılarını təhlil edərkən onları əsasən üç istiqamətdə xarakterizə etmək lazımdır.

1)Mahnıvarilik və melodiklik 2)Liriklik 3) dərin hissiyat

Əminliklə deyə bilərik ki F.Sücəddinovun mahnıları və digər əsərləri öz üslubu ilə aydın seçilir. Bəstəkarın 100 - dən artıq mahnısı olmasına baxmayaraq, bu gündə bu janırda yazib yaratmaqda davam edir.Dünən də, bugün də bəstəkarın mahnıları tez-tez səslənir, böyük auditoriya tərəfindən böyük coşğu və sevgi ilə qarşılanır.Bəstəkarın “Səni gördüm” adlı ilk mahnısı görkəmli müğənnimiz Gülağa Məmmədovun ifasında səslənmişdir.

Gənclik dövrünün çox sevilən mahnılarından “Neylərsən mənə ” bəstəsi ...

Bəstəkarımızın bu mahnısı insanların qəlbində taxt quran mahnılardandı. Sözləri Nuridə Atəşiyə, ifası isə Xalq artisti İlhamə Quliyevaya məxsus bu mahnı bugün də sevilməkdə davam edir. Saysiz-hesabsız mügənnilər tərəfindən ifa olunan bu mahnı bir çox türkdilli xalqların da sevimli mahnısına çevrilərək mügənnilər tərəfindən ifa olunmuşdur. İlhamə Quliyevanın ifasında “Kaman ayrılıq” bəstəsi də sevilənlər siyahısındadır.

Faiq Sücəddinovun “Vətəndən pay olmayır”, “ Darıxmışam”, “ Səni gördüm”, “Məhəbbət yaşa baxmır”, “ Qara gözlüm”, “ Sənsiz neylərəm”, “ Yaşaya bilmirəm”, “Vətən əsgəri”, “ Mənim nəğməm”, “ Səadət nəğməsi”, “ Yalan”, “ Sülh göyərçini” , “Əgər məni unutsan” və s. mahnılarıda sevilənlər arasındadı.

Bəstəkarın yaradıcılığında vətən mövzusu geniş yer tutur. Vətənə olan sevgisini həm instrumental, həm də vokal janrlı əsərlərində ustalıqla əks etdirən bəstəkarın royalda ifa etdiyi “Vətən balladası” nı dinlədikcə bəstəkarın içində olan sevgini, həsrəti, vətən harayını görməmək mümkün deyil. Faiq Sücəddinov Kiprdə çalışdığı illərdə böyük layihələr üzərində işləyib. Bu, Kiprin 35 illiyinə həsr olunmuş böyük bir layihə idi.Qeyd edək ki həm Sana Kıbrısım” adlı not məcmuəsində, həm də diskdə 30 mahnı yer alib. Bəstəkar bu mahnıları Kipr şairlərindən Ayşən Dağlının, dr.Arif Ali Albayrak və Bülent Fevzioğlunun sözlərinə bəstələmişdir. O vətənə qayitdiqdan sonra da yeni mahnılar üzərində çalışıb.Cabir Novruzun sözlərinə “ Məhəbbət poemasi ”, Ismayıl Dadaşovun sözlərinə “Azərbaycan ”, Rəfael Hüseynovun sözlərinə “Salam ver”, Vaqif Cəbrayilzadənin sözlərinə “Nəğmələr” və başqaları bu qəbilədəndir. Əgər Məhəbbət poemasinda insana qarşı olan sevgi hisləri əks olunursa, Azərbaycan mahnısında vətənə olan sevgi melodiyanın dramaturji inkişafinda çox gözəl əks olunur .Bu gün biz fəxrlə deyə bilərik ki Faiq Sücəddinovun mahnıları, kino musiqiləri, estrada pyesləri, operettaları geniş auditoriya tərəfindən sevilərək şöhrət tapmiş, dillər əzbəri olmuşdur.

Müstəqillik dövründə görkəmli dramaturq, publisist, şair Əli Vəlioğlunun sözlərinə Gənc bəstəkar və ifaçı Çilənay Huseynovanın ifasında “Tənha gül”, “Üzür məni xatirələr”, “Tanrı payı”, “Ürək qəm bağlar”, Zabitə Əliyevanın ifasında “ Dəli Məhəbbətim”, “Bu sevdamız”, “Qəlbim bir dənizdir”, Arzu Əliyevanın ifasında “Eşq mehrabı”, “Duya bilmədim”, Xalq artisti Mübariz Tağıyevin ifasında “Vətən harayı”, Əməkdar artist Rəşad İlyasovun ifasında “İncimə”, Gülay Zeynallının ifasında “Unutmadım”, Xalq artisti Samir Cəfərovun ifasında “Ömür”, “Gözlərin”, Xalq artisti Azər Zeynalovun ifasında “Bahar çiçəyi ” və s mahnilardan ibarət albomu işıq üzü görmüşdür.

Bu albomdakı mahnıları dinlədikcə insanın daxili dünyası sakitlik və rahatlıq tapır. Bəstəkar bu mahnılarında sevgi hisslərini ali məqama qədər yüksəltmiş, dinləyicinin qəlbini riqqətə gətirməyi bacarmışdır. Şair, publisist, dramaturq, görkəmli yazar Əli Vəlioğlunun yazdığı əsərlərlə musiqinin birgə vəhdəti mügənnilərin ifasinda yeni bir həyat tapmişdır.

Görkəmli bəstəkar Faiq Sücəddinov Azərbaycan musiqi mədəniyyəti tarixinə öz üslubu, ruhu, lirik nəfəsi ilə daxil olmuş sənətkarlarımızdandır. Bu gün cəsarətlə demək olar ki öz sələflərinin yaradıcı ənənələrini ləyaqətlə davam etdirən Faiq Sücəddinov Çağdaş Azərbaycan musiqi mədəniyyətinin və bəstəkarlıq məktəbinin canlı klassiklərindəndir. Bəstəkara can sağlıqı və tükənməz yaradıcılıq uğurları arzulayıram.


MANŞET XƏBƏRLƏRİ