Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələləri


Faiq Ələkbərli
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
“Türk xalqlarının fəlsəfi fikir tarixi və
müasir fəlsəfəsi” şöbəsinin müdiri

VII Yazı

(Bu sislilə yazılar Azərbaycan Türk mütəfəkkiri, türkoloq Cavad Heyətin anadan olmasının 100 illik yibileyinə həsr olunur)

Beləlklə, İslamda əxlaqi vəzifələr beş bölüm ayrılmışdır: 1) insanın Tanrı və peyğəmbərə qarşı vəzifələri; 2) İnsanın özünə qarşı vəzifələri; 3) insanın ailəsinə qarşı vəzifələri; 4) insanın vətənə qarşı vəzifələri; 5) insanın başqlarına qarşı vəzifələri.

İslam mədəniyyətində əxlaq məsələsinə gəlincə, Cavad Heyətə görə burada əxlaqı hiss və əqli nəzəriyylər, yaxud da hər ikisini birgə izah etmək istəmişlər. O, yazırdı: “Əqli məzhəb – Mötədillik nəzəriyyəsi İslam təfəkküründə əqli hərəkatın nüma­yəndə­sidir. Mötədillik nəzəriyyəsi ardıcılları ağlı dini mərifətin mənşəyi qəbul etmiş­lər və mərifətə yetişməyin yolunu nəzər və dəlilə bağlı bilmiş­lər. Əməl və məsuliy­yətin elm, ayıqlıq və iradədən yarandığını, elmin fikir və nəzərdən, fikir və nəzərin də ağıldan qaynaqlandığını düşünsək, demək ağıl əxlaq normalarına uyğun həyatın əsas göstəricisidir. Mötədillik nəzəriyyəsinə görə, əməllər öz zatına görə yaxşı və ya pis olurlar və ağıl əməllərin yaxşı və ya pis olmasını dərk etməyə qadirdir” (2, s.662).[1]

Əxlaq məsələsini hissi idrak baxımından izah edən sufilərə görə, əxlaq zövq, müşahidə, tədqiq və intuisiya vasitəslə həqiqətə çatmaq üçün bir üsuldur. Heyət yazırdı: “Sufi xoşbəxtlik və kamalı fənafilahda görür və ona çatma yolunu nəfsin təmizlən­məsində, həvəslərdən və cismani həvəslərdən və cismani ləzzət­lərdən üz döndərməkdə, tərkidünyalıq və təriqət şeyxinin fərman­larına itaətdə görür. Elmi-kəlamın böyüklərindən, ən məşhur təsəvvüf əhlindən olan və əxlaq elmi haqqında çox sayda əsərlər müəllifi Qəzalinin fikrincə, yaxşı əxlaq hər hansı bir işdə həddini aşmamaq və ya lazımi hədd və qızıl orta prinsipinə riayətdir və mötədillik ağıl və dinin harmoniyası, qarışığıdır. O, mötəzilə qrupunun yaxşı və pisin zati olması fikri ilə razılaşmır. Ona görə, xeyir Xudanın buyurduqları və şər də qadağan etdikləridir” (2, s.663).[2]

İslam mədəniyyəti ilə Qərb mədəniyyəti arasındakı oxşarlıqları və fərqlilkləri təhlil edən Heyətə görə, əslində bugünkü Qərb mədəniyyətinin inkişafında İslam mədəniyyəti mühüm rol oynamışdır. Onun fikrincə, İslam dinində elmə böyük önəm verilmişdir ki, bunu Quranın ayələrində və peyğəmbərin hədislərin­dən də görmək mümkündür. Ona görə, Qərb alimlərinin “ərəb mədəniyyəti” adlandırdığı bu mədəniyyət əslində İslam mədəniy­yətidir (2, 664-665).[3] Əsas odur ki, Qərb alimləri “ərəb mədəniy­yəti” adı altında da olsa, etiraf edirlər ki, ilk kağız istehsalı, kitabın və mətbuatın kökü, tibbin inkişafı, riyaziyyatın inkişafı, qanunların təkmilləşməsi, musiqinin inkişafı, hətta bugünkü sivilizasiyanın kökü Yunan və Roma mədəniyyətindən çox İslam mədəniyyətinə bağlıdır. O, yazırdı: “Bütün bunları nəzərə alaraq bu nəticəyə gəlirik ki, bugünkü Qərb mədəniyyəti əski Yunan və Roma mədəniyyətinin ihyası və ya tamamilə şəxsi təşəbbüsləri olmayıb, bəlkə daha çox İslam mədəniyyətinin davamı olmuşdur. Bizim ulu babalarımızın Quran və İslamdan ilham alaraq qurduğu mədəniyyət Avropaya getmiş, orada işləmiş, inkişaf etmiş, bugünkü mərtəbəyə yüksəlmişdir” (2, s.674).[4]

İslam dinində Həzrət Əlinin (ə) mühüm rol oynamasını ayrıca bir məqalədə (“Həzrət Əli (ə) Əhli-sünnət qaynaqlarında”) qələmə alan Heyətə görə, o, yüksək əxlaqi və insani keyfiyyətlərə malik bir igid deyil, həm də dövrünün müdriklərindən olub. O, yazırdı: “Həzrət Əlinin İslamın yayılmasında və müsəlmanlar arasında elm, təqva, ixlas, səmimiyyət, fədakarlıq, şəfqət, qəhrə­manlıq və şücaət kimi yüksək əxlaqi və insani sifətlər baxımından müstəsna bir mövqeyi vardır. Qurani-Kərim və sünnəti ən yaxşı bilənlərdən biri olduğunu bütün qaynaqlar zikr edir” (2, s.614).[5]

C.Heyətə görə, Həzrət Əli təsəvvüf dünyası üçün də mürşid mövqeyindədir. Onun fikrincə, “İran” təsəvvüf ədəbiyyatının zirvəsində duran, Türk dünyasında böyük şöhrəti olan və Türkiyədə mövləviyə təriqətinin piri sayılan Cəlaləddin Ruminin sünni olduğu halda Həzrət Əli haqında “Məsnəvi” də dəyərli fikirlər deməsi təsadüfi deyil: “Mövləvi Həzrət Əlidən (ə) peyğəmbərlər və vəlilərin fəxri kimi bəhs edir və onu həva və həvəsdən uzaq, ancaq Haqq yolunda vuruşan bir qəhrəman kimi təsvir edir” (2, s.616).[6] Heyət yazırdı: “Həzrət Əli peyğəmbər zamanında “Qurani-Kərimi” əzbərləmiş və onun misallarına dərindən bələd olmuşdur. Əlinin (ə) hüquq bilgisi və hökm verməkdəki bacarığı Ömər tərəfindən “ən isabətli qərar verənimiz Əlidir” şəklində qiymətləndirilmişdir. Bu səbəblə ilk üç xəlifə mühüm məsələlərdə onun fikrini alardılar” (2, s.617).[7]

Heyət “Molla Sədranın kainatın dəyişkən mahiyyəti və ya hərəkət cövhəri nəzəriyyəsi və müasir görüşlər” məqaləsində isə Molla Sədranın fəlsəfi baxışları əsasında kainatdakı hərəkət və dəyişkənlik məsələlərini izah etməyə çalışmışdır. Azərbaycan Türk mütəfəkkirinə görə, bir cisim (məsələn, hündürlükdən bir daşın düşməsi kimi) getdikcə və ardıcıl öz ilkin durumunu itirib yeni bir vəziyyətə düşərsə, onun hərəkət etdiyini demək olar. O, yazırdı: “Belə bir hərəkət birləşik ayrı-ayrı hissələrdən təşkil olunmuş deyil, əksinə tədrici və ardıcıl bir haldır. Başqa sözlə, hərəkətin mahiyyətini, təbiətini təşkil edən yalnız onun davamedici zəvalı və yenidən var oluşudur. Hündürlükdən düşən bir daş yerə nisbətən hündürlüyünü ardıcıl dəyişir; bir hündürlüyü itirir, başqa bir hündürlüyə yetişir. Belə ki, bir hərəkətin ən azı iki ayrıca və yanaşı hərəkətdən təşkil olunmasını fərz etsək, belə bir sual ortaya çıxacaq: hərkətin birinci hissəsindən digər hissəsinə keçməsi necə baş verir? Bəllidir ki, hərəkətsizlik keçməyə səbəb deyil və hərə­kətsizliyi nəzərə almasaq, hərəkətdən savayı bir şey qalmayacaq. Deməli, iki hərəkət üçüncü bir hərəkətlə bir-birinə birləşir və cəm şəkildə bütöv bir hərəkət təşkil edir” (2, s.676).[8]

O, yazırdı ki, Molla Sədra hərəkəti, potensial durumdan tədricilə aktiv duruma keçmək kimi bəyan edir: “Potensial və ya qüvvə baş verə biləcək, lakin hələ mövcud olmayan zəmin, istedad və durum anlamındadır. Bu potensial (qüvvə) tədricilə və ardıcıl şəkildə aktivliyə (fəala) yetişir. Mümkünlükdən çıxıb gerçəkliyə qovuşur. Potensial tədricilə itir (zəval) və aktivlik (fəaliyyət) tədricən onun yerinə keçir. Deməli, hərəkət potensial (bilqüvvə) durumun tədricilə itməsi və aktivliyin (fəaliyyət) tədricən baş verməsidir. Məsələn, kal bir alma tədricən yetişə bilər. Kal duru­munu tədricilə itirərsə və aktiv şəkildə (gerçəkdən və görünüşdən) yetişərsə, yetişkınliyə doğru bir hərəkət qət etmiş olur. Yuxarıda dediklərimizdən məlum olur ki, yalnız potensial keyfiyyətlərə malik varlıqlar hərəkətə qadirdirlər. Tamamilə aktivlik (fəaliyyət) durumunda olan varlıqda hərəkət yoxdur. Elə buna görə Tanrı və uluhiyyət aləminə hərəkət və zaman şamil deyildir” (2, s.676-677).[9]

Heyət bir şeyin (əşyanın) başqa bir şeyə (əşyaya) hərəkəti və dəyşməsini izah edərkən yazırdı: “Görəsən, ilk şey tam məhv olub onunla tamamilə fərqli olan başqa bir şeyə çevrilir, yoxsa belə bir çevrilmədə təməl bir özək qorunur və yalnız üz qalar və zahiri görünüşlər (ərəzlər; sifətlər) dəyişir, yoxsa əşyanın zati-cövhəri də dəyişə bilərmi? Klassiklərin, hətta materialistlərin düşündüklərinə görə, hərəkət və dəyişkənlikdə cismin zati-cövhəri qalır, yalnız dörd sifət, yaxud ərəzlər dəyişir və hərəkətdə mövzunun (subyekt) qalması vacibdir, yoxsa hərəkət edən cisim itə bilər və bəlli olmaz ki, nə, haradan haraya hərəkət edib. Məşhur Bəhmənyarın, müəl­limi İbn Sina ilə danışıqlarının rəvayəti bu məsələyə aydınlıq gətirir. İbn Sinanın fərqlənən tələbəsi Bəhmənyar bir gün cismin zatında hərkətin baş verməsi üzərində onunla mübahisə edir və sübut etməyə çalışır. İbn Sina tələbələrinə üz tutub deyir: “Ondan soruşun, görün, məndən niyə cavab gözləyir? Mən onun sual etdiyi vaxtdakı İbn Sina deyiləm və o da məndən sual edən vaxtdakı Bəhmənyar deyil, belə ki, bizim ikimiz də cövhəri-hərəkət nəticəsində yeni iki şəxsiyyətə, mahiyyətə çevrilmişik” (2, s.677).[10]

[1] Yenə orada, s.662

[2] Yenə orada, s.663

[3] Yenə orada, s.664-665

[4] Yenə orada, s.674

[5] Yenə orada, s.614

[6] Yenə orada, s.616

MANŞET XƏBƏRLƏRİ