Ata-Ocaq ilsırası ilə Közərti (iyun) ayının 5-i Mütləqə İnam Dünyabaxışının Yaradıcısı, Ruhsal Ocaq Atası, Dahi Azərbaycan filosofu İnam Atanın (Asif Atanın) ölümündən 28 il ötür (1935-1997).
Oxuculara Atanın ölümlə bağlı fikirlərini sunuram.
Sayğıyla: İŞIQLI ATALI
***
MATƏM LƏYAQƏTİ
Ümumən bəşər tarixində ölümə qarşı haray səslənib. Ancaq “ölüm kədər gətirir” deyə onu lənətləmək, dünyanı şər əməli hesab etmək, məsələn, Şopenhauer kimi, insana yaraşmayan adilikdir, zəiflikdir... Sən ölümü lənətləsən də, o, var, səndən asılı deyil. Heç də öz iradəni ölümə qarşı qoya bilməzsən. Bizim fəlsəfəmizdə aşağıdakı həqiqət təsdiq olunur:
Heç nə itmir dünyada: ölur, amma əksilmir. Yəni nəyimiz varsa, hamısı bizdən sonra qalır və başqasına verilir. Mahiyyətcə heç nə ölmür – xassələri qalır. Ona görə ölüm əslində istədiyinə tam nail ola bilmir. Əl, qol, sifət, göz, bədən yeriş, gülüş – hərəsi birinə keçir. Bizdən əvvəl kimsə olub, sonra da olacaq...
Söhbət ölümün ruhani mahiyyətindən gedirsə, orada da heç nə itmir, hisslərimiz, duyğularımız, ruhani axtarışlarımız, mahiyyətimiz, ehtiraslarımız, əzablarımız qalır. Bölünür, başqa – başqa adamlara paylanır ki, onlardan da xalq yaranır.
Məsələn, kiçik uşaqdır, oxşayır XIII əsrin Oğuzuna. Bu qədər dəhşətdən, geriləmədən, bu qədər kiçilmədən sonra yenə də balaca uşaq Oğuzu təkrar eləyir. Möcüzədir bu, həm də gözəllikdir.
***
Bu nə nikbinlik, nə də bədbinlikdir, bu müdriklikdir, yəni bilirəm ki, məndən sonra heç nə itməyəcək. Bəşər nə qədər inamsız olsa da, haradasa bir ümid qalır. Nəsimilərin, Nəimilərin gördükləri Ocaqda mütləq birləşməlidir. Bu boyda zəhmət, “ənəlhəq” itə bilməz. Zərdüştdən başlayan və Saza qədər gəlib çıxan Şərq mahiyyəti itməyib, ona görə də zahirən çox gözlənilməz olan Ocaq zərurətdən doğub.
Zərdüşt ruhən ölməyib. Ölənlər öz duyğusunu da burada qoyur və Füzuli yetişir, başlayır “Şəbi-hicran” oxumağa, hansı ki, onu hər kəs tək-tək oxuyurdu. Bu da bir möcüzədir, gözəllikdir, bunları dərk eləmək lazımdır. Belə olduqda ölüm fəlakət yox, zərurət sayımalıdır.
Ölüm müdrik üçün kədərlidir, ancaq dəhşətli deyil. Buna görə də ölüm şərdir, lakin onun şər mahiyyəti mütləq deyil. Bizi öldürür, lakin bizdə olandan heç nə itmir.
Qəbristana birinin tükənməsi gedir, əslində “o dünya” yoxdur. Ona görə də ölüm gərək heç kəsi sarsıtmasın. Ümumiyyətlə, ölümə münasibət hələ də formalaşmayıb.
Ekzistensialistlərdə belə bir fikir var ki, qorxu – mövcudluğun mahiyyətidir, qorxmursan, deməli, qiymətləndirmirsən. Hətta belə fikir də var ki, əsl mövcudluq qorxu ilə bağlıdır. Belə çıxır ki, qorxu qədir-qiymətdir. Yəni həyatın qədrini bilirsən, ona görə ölümdən qorxursan. Mahiyyətcə isə, qorxu həyatı, ömrü əksiltməkdir.
Çalışmaq lazımdır ki, ölüm yaxın gəlməsin, ona qarşı Bədən və Ruh müqavimət göstərməlidir. Buna baxmayaraq, ölüm gəlirsə, səni qorxutmamalıdır, çünki sənin məğlubiyyətin ölüm yox, qorxudur. Ölüm də zəif üzərində ağalıq edir. Onun ağalığı qorxudur. Nə qədər ki, qorxu yoxdur, ölüm ağa deyil.
***
Kədəri özün tənha çəkməlisən. Ağlayanda qapını arxadan bağlamalısan ki, göz yaşını gizləyəsən. Çox intim duyğudu bu göz yaşı, çox zəif, özümlü duyğudur. Televizor qarşısında ağlamaq, xalqın qarşısında ağlamaq – bunlar hamısı effektdir. Effekt olan yerdə oyun var, oyun olan yerdə sünilik. Heç olmasa, matəmdə sünilik olmasın. Süni matəmlərdə forma, biçim var, məzmun, məna yoxdur. Mənim fikrimcə, matəm nümayişi əvəzinə, matəm ləyaqəti, əsl təbii kədər lazımdır. Ruhsuz bədən öz əhəmiyyətini itirir. Dəbdəbəli yas ləğv olunmalı, matəm ləyaqəti qorunmalıdır. Yəni bütün dəbdəbəni xatirə əvəz etməlidir.
***
HƏYAT – ÖLÜM
Ölümü Həyatla Bərabərləşdirirlər, həyata qarşı qoyurlar Ölümçülər, Bədbinlər.
Əslində isə Ölüm – Bütöv həyatın bir hissəsidir.
O, həyatı yaşatmaq üçün Var olub, onun öz Varlığı Yoxdur.
Ölüm olmasaydı, həyat yaşamazdı.
Ölüm Həyat üçün Yaşayır – onun öz Həyatı Yoxdur.
Ölüm Var – ancaq Ölümə İnam Yoxdur – Həyata İnam Var.
Ölüm həmişə olub – ancaq Əzəli deyil, Əzəli olan Həyatdır.
Həyat olmasaydı – Ölüm olmazdı.
Ölüm həmişə olacaq – ancaq Əbədi deyil, Əbədi olan Həyatdır.
Həyat olmasa – Ölüm olmaz.
Ölüm Həyatla yanaşı yaşayır – onun öz həyatı yoxdur.
Həyatı – Həyatlıq yaşadır; Ölümü – Həyat.
Həyat Mahiyyətdən yaranıb – Ölümün öz Mahiyyəti Yoxdur.
Həyat Mənadan yaranıb – Ölümün öz Mənası Yoxdur.
Ölüm Var olsa da, yaşamır – yaşayan Həyatdır.
***
MATƏM ÜSTƏ MÜTLƏQLƏ TƏMAS
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
***
AQİBƏT
İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar.
Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim arayacaq, arayacaqdı.
***
ÖLÜMLƏ GÖRÜŞ
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdurursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!
Çiçək ayı, 3-cü il (Aprel, 1981-ci il).
***
DÜNYAYLA GÖRÜŞ
İnsan ana bətnindən dünyaya uçuruma düşən kimi düşdü. Yadlıq, naməlumluq, məchulluq onun qəlbini qorxuyla, təlaşla doldurdu. Uzaqlığın sehri insanda həm də dərin və gözlənilməz bir heyrət oyatdı.
Dünya insana yad idi, ancaq bu yadlıqda anlaşılmaz bir cazibədarlıq vardı.
Dünyayla ilk görüşdə yadlıq insana dəhşətli göründü. O, dünyaya gəlməsini müdhiş çığırtı ilə bildirdi. Bu çığırtıda acı fəryad da var idi, sonsuz maraq da.
Uçurum qorxunc idi, ancaq həm də cazibədar, əfsunlu, möcüzəli idi. İnsan dünyada yaşadı və böyüdükcə dünyaya münasibəti də böyüdü. İnsanı yalqızlıq fəlakətindən ANA qurtardı. O, balasını bağrına basdı, əzizlədi, sevdi və insan anasını dünya saydı. Uçurumun dəhşəti yox oldu, cazibədarlığı qaldı. Ana bətnindən qopub dünyaya düşmüş insan ana məhəbbətində öz ilkin mənəvi məskənini tapdı və bu məskəni ağlında, təxəyyülündə yenidən yaratmağa başladı.
Dünyayla ilk təmasda qəlbində yaranan maraq, heyrət duyğusu çiçəkləndi. Ana adlanan adi varlıq yerə-göyə sığmayan qüdrətə çevrildi.
Anayla görüşməklə insan dünyayla görüşdü. Ananın üzündə, təbəssümündə, nəvazişində dünya başlanırdı və qurtarırdı.
İnsan anladı ki, ana dünyası möcüzəli dünyadır. Ananın əlləri adi əl deyil, gözləri adi göz deyil, analıqda sonsuz gözəllik var. Deməli, insanın düşdüyü uçurum da adi uçurum deyil və dünya insana yad deyil, dünya ilə insan birdirlər. Ana ilə bala bir olan kimi. Dünyayla insan arasında münasibətin mənasını həssas uşaq qəlbi çox tez duydu. Ana adi qadındırmı? YOX. Deməli, dünya da adi dünya deyil. Ana övladından ayrıdırmı? YOX. Deməli, dünya da insandan ayrı deyil. Ana hamının gördüyü, bildiyi adamdırmı? YOX. Anayla balanın təmasda olduğu otaq hamının gördüyü, bildiyi otaqdırmı? YOX. O, nağıldır, sehrdir, möcüzədir. Dünyanın əsil mənasını bala anasında tapdı.
Sonralar o, böyüdü, yetkinləşdi, dünyada yalan, ədalətsizlik, eybəcərlik, qəddarlıq, məkr, riya gördü, qəmləndi, göz yaşı tökdü, ancaq dünyanın ana ülviyyətindən əl çəkmədi! İnsanlara biganə dünya – dünya deyil! – dedi. Alçaqlara meydan verən dünya – dünya deyil! – dedi. Yalanı taxta mindirən dünya – dünya deyil! – dedi. Hər görünən dünya – dünya deyil! – dedi. Hər yaşayan dünya – dünya deyil! – dedi.
Əgər insanların göz yaşı dənizin sularından çoxdursa, əgər coşğun arzular insana səadət yox, fəlakət gətirirlərsə, əgər dünyanın yaratdığı insanın ürəyi çirkabla doludursa, əgər məzlumlar cəlladlara səcdə qılırsa, əgər naşılıq müdrikliyi üstələyirsə, əgər məkr sədaqəti lağa qoyursa, deməli, dünya – dünya deyil!
Uçurumun dünya olduğunu biləndən sonra insan uçuruma bənzər dünyanı dünya saymadı! Çünki o, dünyanın əsil mənasına qovuşdu. Analıq şəfqəti İnsanı dünyayla aşina etmişdi.
İnsan anladı ki, onu əhatə edən dünya əsil dünyanın özü deyil!
Burada əsil dünyanın yalnız ayrı-ayrı nişanələri var. Ülvi məhəbbət adlanan nişanəsi! Qəhrəmanlıq, fədakarlıq adlanan nişanəsi! Gözəllik adlanan nişanəsi! İdrak eşqi adlanan nişanəsi!
İnsanın gerçəklikdə yeni yadlığı başladı. O, başqasıyla tam mənəvi vəhdətə can atdı, ancaq bacarmadı, mütləq mənəvi vəhdət yaranmadı, yadlıq aradan qalxmadı. İnsan həqiqət yolu tutdu, ancaq həqiqətpərəstlik sevilmədi, yalan həqiqəti əvəz etdi. İnsan sədaqət istədi – ona xəyanət bəxş etdilər, məhəbbət istədi – nifrət verdilər, səmimiyyət istədi – məkrlə öyündülər. Vəhşilik, yırtıcılıq, şəhvanilik, zalımlıq yerə-göyə sığmadı! Ürəklə ürək arasında uçurum yarandı! Dünyadan qorxdular, küsdülər, qaçdılar!
“Bu, dünya deyil!” – deyə İnsan dilləndi! Dünyanı özündə axtar!
9-cu il (1980)