Kəlbəcərlilər bu tarixdə doğma yurda QAYIDIR


Kəlbəcər Böyük Qayıdışa hazırlaşır. Artıq şəhərə köçəcək ailələr arasında püşkatma keçirilib. Püşkatma zamanı ailələrin hansı binada və mənzildə yaşayacağı müəyyənləşdirilib. Məlumata görə, Kəlbəcərə ilk 81 ailə köçəcək.

Püşkatma mərasimində iştirak edən kəlbəcərli jurnalist, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Aqil Camal bildirib ki, püşkatma mərasimində Kəlbəcər şəhər mərkəzinə köç edəcək insanlar iştirak ediblər:

"Bu gün püşkatması keçirilən 81 ailə Kəlbəcər şəhər sakinləridir. Şəhərdə hazır binalar var. Həmin binalardan 3-nə bu ailələrin köçürülməsi nəzərdə tutulub. Həmin ailələrin tərkibinə görə neçə otaqlı mənzil verilməsi müəyyənləşdirilmişdi. Bu püşkatma mərtəbəyə görə keçirilirdi. Dördmərtəbəli binalar idi. Bugünkü püşkatma üç bina üçün keçirilirdi. Hər kəs öz evini özü təyin etdi. Yaxın vaxtlarda Kəlbəcərə köç baş tutacaq".

A.Camal ilk köçün nə zaman baş tutacağı ilə bağlı suala cavab olaraq bildirib ki, tarix dəqiq bilinmir.

"Amma köç təxminən 20 gün müddətində olmalıdır. Kəlbəcərdə eyni vaxtda tikintiyə başlayan digər 3 bina var ki onlarda da tamamlama işləri həyata keçirilir. Yəqin ki, ikinci mərhələdə o binalara püşkatmalara keçiriləcək. Bundan başqa şəhərin digər qismində də tikinti davam etdirilir. 4 və 5 mərtəbəli yaşayış binaları tikilməkdədir. Binalar istismara hazır olduqca, təhvil verildikcə rayon sakinlərinin köçü təmin olunacaq".


MANŞET XƏBƏRLƏRİ