Ukrayna ordusunun Rusiyanın strateji bombardmançılarının yerləşdiyi aerodromlara hücumları nəticəsində qanadlı raketdaşıyan təyyarələrin 34 faizinin sıradan çıxarıldığı bildirilir. Prezident Volodimir Zelenski bu əməliyyata əvvəlcədən ciddi hazırlıq görüldüyünü, hücumların Rusiya daxilində yerləşdirilən şəxslər vasitəsilə həyata keçirildiyini və həmin şəxslərin tapşırığın icrasından sonra ölkəyə geri qaytarıldığını açıqlayıb.
Sözügedən hücum Rusiyada ciddi ictimai və siyasi rezonans doğurub. Kiyev bu addımın Rusiya hərbi sənayesinə ağır zərbə vurduğunu bəyan edib. Eyni zamanda bu hücumun Moskva ilə İstanbulda keçirilən danışıqların ikinci raundu ərəfəsində baş verməsi beynəlxalq müstəvidə də müxtəlif cür yozulub.
Bu əməliyyat Kiyevə masa arxasında hansı üstünlükləri qazandıra bilər? Rusiya bu itkiləri hansı yollarla kompensasiya etməyə çalışacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İstanbul danışıqları ərəfəsində belə bir əməliyyatın keçirilməsi müəyyən dairələr üçün gözlənilən idi:
“Amma bu əməliyyatın Kiyevə hansısa diplomatik üstünlük qazandırmasından çox, destruktiv xarakter daşıdığı görünür. Bu, danışıqlar mühitinə neqativ təsir edir. Əməliyyatın arxasında Avropa ölkələrinin dayanmasını və ya onlardan birinin dəstəyi ilə həyata keçirildiyini istisna etmirəm. Çünki Avropa ABŞ-dən fərqli olaraq, bu müharibənin yaxın vaxtlarda başa çatmasını istəmir. Avropa paytaxtlarında hesab edirlər ki, müharibə bitsə və Rusiya toparlansa, bu, onlar üçün daha böyük təhlükəyə çevrilə bilər.
Kənan Novruzov
Əlbəttə, Ukraynanın bu addımı danışıqların pozitiv nəticə vermə ehtimalını azaldır. Rusiya istəsə də, istəməsə də bu hücuma adekvat cavab verməli olacaq. Əks halda, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda imicinə ağır zərbə dəyə bilər. Beləliklə, əvvəl də qeyd etdiyim kimi, bu cür əməliyyatlar müharibənin genişlənmə ehtimalını artırır, bitməsi ehtimalını isə bir qədər də uzaqlaşdırır”.