Mayın 16-da İstanbulda baş tutan Rusiya-Türkiyə-Ukrayna danışıqlarında müşahidə edilən gərginlik müzakirələrə səbəb oldu. Rusiyanın nümayəndə heyəti əvvəlcə görüş yerinə getmədi, daha sonra gec qatıldı.
Məlumata görə, tərəflər müzakirə zamanı atəşkəs və əsir mübadiləsi ilə bağlı ilkin razılığa gəliblər. Kiyev iki ölkənin prezidentlərinin görüşünü tələb edib, Rusiya rəsmiləri də bunun nəzərdə alınacağını bildirib. Həmçinin atəşkəslə bağlı planların qarşılıqlı şəkildə təqdim edilməsinə qərar verilib. Paralel olaraq, NATO və Avropa rəsmiləri isə Rusiyanın danışıqlardakı iştirakı ilə bağlı narazılıqlarını bildirərək bu ölkənin aşağı səviyyəli nümayəndə heyəti ilə İstanbulda təmsil olunduğunu söyləyiblər.
Türkiyənin təşkilatçılığı ilə keçirilən Kiyev-Moskva görüşünün nəticəsi sülh prosesinə necə təsir edəcək? Bu danışıqlar necə dəyərləndirilməlidir?
Globalinfo.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib ki, Rusiya İstanbul danışıqlarını ilk gündən sabotaj edib:
“Rusiya nümayəndə heyəti danışıqlar zamanı Ukrayna qoşunlarının atəşkəs müqabilində beş regiondan tam çıxmasını tələb edib. Moskva bu şərti həmin beş bölgənin öz konstitusiyalarına əsasən artıq Rusiya ərazisi kimi tanınması ilə əsaslandırıb. Lakin Kiyev nümayəndələri bunu qəti şəkildə rədd edib.
Kremlin belə bir tələbi danışıqları pozmaq və ABŞ-ı ələ salmaq cəhdidir. Əgər məsələyə bu prizmadan yanaşsaq, Ukrayna gələcəkdə konstitusiya dəyişikliyi ilə Kursk vilayətini öz ərazisi elan edə və Rusiya qoşunlarının oradan çıxarılması tələbini irəli sürə bilər. Mövcud vəziyyətdə Rusiya Ukraynadan birbaşa ölkənin öz ərazilərindən geri çəkilməsini tələb edir. Elə bu da Kremlin sülh və atəşkəslə maraqlanmadığını bir daha göstərir”.
Məhəmməd Əsədullazadə
Ekspert əlavə edib ki, bu tələb, əslində, Rusiya Prezidenti Vladimir Putinin danışıqları manipulyasiya etməsi və ABŞ Prezidenti Donald Trampın da belə bir absurd tezislə razılaşacağına ümid etməsi ilə bağlıdır:
“Putin hesab edir ki, Tramp atəşkəsin təmin olunması üçün Ukraynaya təzyiq göstərməli və onu Rusiyanın istədiyi ərazilərdən çıxmağa vadar etməlidir. Amma Vaşinqton bu şərtlərlə heç vaxt razılaşa bilməz.
Kremı bu yolla eyni zamanda, Türkiyənin vasitəçilik missiyasını da faktiki olaraq heç edir. Putin vaxtilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan danışıqlarda iştirakını xahiş etsə də, indi Ankaranın rolunu axra plana keçirməyə çalışır”.