Ukrayna savaşı ərazi konflikti deyil – Tramp Rusiya barədə qəti qərar verir


Dünyanın supergücü ABŞ-da baş verənlər və Ukrayna müharibəsi ilə bağlı son vəziyyət gündəmin əsas mövzularındandır.

Globalinfo.az bu mövzularla bağlı politoloq Şahin Cəfərlidən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Şahin bəy, ABŞ-da əvvəlcə İlon Mask ilə Donald Tramp arasında ədavət yarandı. Bu düşmənçiliyin əsasında əslində nə durur?

– Prezident Tramp və İlon Mask arasında kəskin qarşılıqlı ittihamlarla başlayan konflikt uzun sürmədi. Bilirsiniz ki, Mask artıq səhvini etiraf edib və Tramp haqqında açıqlamalarında çox dərinə getdiyini təəssüflə vurğulayıb. Münaqişənin yoluna qoyulmasında vitse-prezident Vens və digər respublikaçılar önəmli rol oynayıb, çünki bu 2 qüdrətli şəxs arasındakı düşmənçilik respublikaçıların ABŞ siyasətindəki mövqelərinə çox ağır zərbə vura bilər. Xüsusən gələn il Konqresə ara seçkilərin keçiriləcəyini nəzərə alsaq, bu ərəfədə Tramp-Mask qarşıdurmasının davam etməsi respublikaçıların qətiyyən istəməyəcəyi bir problem olardı. İlon Maskın üzrxahlığı onların rahat nəfəs almasına səbəb oldu.

Lakin problemin tam aradan qalxdığını və prezidentlə texnomaqnat arasında münasibətlərin əvvəlki səviyyəyə qayıdacağını söyləmək çətindir. Hazırkı vəziyyəti atəşkəs kimi qiymətləndirmək daha doğru ola bilər. Çünki bəzi vacib məsələlər üzrə tərəflər arasında fundamental fikir ayrılıqları var. Məlum olduğu kimi, gərginlik Trampın “böyük, gözəl bir qanun layihəsi” adlandırdığı vergi imtiyazlarına dair layihədən qaynaqlanır. Mask bu layihəni “iyrənc” və “mənfur” kimi çox sərt epitetlərlə damğalayıb. O, hesab edir ki, bu layihə qanunlaşarsa, nəhəng büdcə kəsiri daha 2,5 trilyon dollar böyüyəcək və ölkə resessiyaya (iqtisadi kiçilmə) daxil olacaq.

Ümumilikdə qeyd etmək lazımdır ki, trampçı MAGA (Make America Great Again – red.) ictimaiyyəti içərisində 2 xətt var: birincisi, radikal sağçı-populistlər, ikincisi, texno-sağçılar. Hər iki xətt mühafizəkar dəyərləri bölüşsə də, onların prioritetləri fərqlənir. Birincilər ölkənin problemlərinə daha çox qatı ideoloji prizmadan yanaşırlar. Məsələn, onlar miqrasiya məsələsində çox sərt mövqe tutur və miqrant qəbulunun ciddi şəkildə məhdudlaşdırılmasını, ölkədəki miqrantların isə kütləvi deportasiyasını tələb edirlər. İ.Maskın da aid olduğu texno-sağçılar isə nisbətən yumşaq mövqedədir və kvalifikasiyalı əcnəbi mütəxəssislərin ölkəyə qəbulunu davam etdirməyin tərəfdarıdır. Çünki texnoloji sektorun bu tip əməkdaşlara ehtiyacı var. Bəhs etdiyimiz qanun layihəsində qanunsuz miqrant probeminin həllinə, o cümlədən onların ölkədən qovulmasına 155 milyard dollar maliyyə ayrılıb. Mask və onun yaxın çevrəsindəki libertarian texnomaqnatlar isə mümkün qədər kiçik dövlət modelinə tərəfdardır və dövlət aparatının saxlanmasına sərf olunan vəsaitlərin ixtisarını, dövlət borcunun azaldılmasını istəyirlər. Bu iş adamları qrupu hesab edir ki, dövlət qeyri-effektiv xərclərdən vaz keçərək onların şirkətlərinin innovativ layihələrinə daha çox pul ayırmalıdır, çünki ölkə yalnız inqilabi texnologiyalar hesabına inkişaf edə bilər.

Ümumən müasir ABŞ respublikaçıları müxtəlif maraq qruplarının geniş koalisiyasıdır və bu maraqların uzlaşdırılması asan məsələ deyil. Ona görə də Tramp-Mask mübahisəsinin tamamilə bitdiyini və barışıq yarandığını söyləmək doğru olmaz, çünki bu, şəxsi mübahisə deyil.

– Bunun ardınca iyunun 8-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi tərəfindən Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri müəyyən etmək üçün keçirdiyi reyd etirazçılarla toqquşmaya çevrildi. Bu hadisə Tramp administrasiyasının daxili siyasətinə necə təsir edəcək?

– Los-Ancelesdəki hadisələrə gəldikdə isə Trampın atdığı addımlar onun bu problemə baxışını əks etdirir və seçkiqabağı vədlərinə uyğundur. Trampın seçiciləri onun miqrant problemi ilə bağlı qərarlarını dəstəkləyir.

sahin ceferli esas

– Ali Radanın deputatı Serhiy Raxman deyib ki, ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin Ukraynaya ayırdığı hərbi yardımı dayandıra bilər. Görünən odur ki, ABŞ Ukraynanı dəstəkləmir və o, Qərb müttəfiqlərinin yardım və dəstəyi ilə Rusiyaya hücumlar təşkil edir. Ukrayna müharibəsində hazırkı vəziyyəti və gələcək riskləri şərh edərdiniz

– ABŞ-ın Ukraynaya yardımlarının dayanmasından yox, azalmasından danışmaq daha doğru olar. Məlumdur ki, Tramp vəzifəsinin icrasına başladıqdan sonra Rusiya-Ukrayna məsələsi ilə bağlı vasitəçilik missiyası həyata keçirdi. Vasitəçi isə tərəfsiz olmalıdır, bu səbəbdən ilkin dövrdə ABŞ Ukraynaya Bayden dövründə ayrılan hərbi yardımları, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdı. Lakin qısa müddət sonra bu yardımlar bərpa olundu. Hazırda Tramp qərar ərəfəsindədir: o, daha əvvəl bildirmişdi ki, sülh əldə olunmasa, buna mane olan tərəfi cəzalandıracaq. Rusiya faktiki olaraq, Trampın bütün sülh təşəbbüslərini rədd edib və qarşısına qoyduğu hədəflərə çatana qədər müharibəni davam etdirəcəyini bildirir. Rusiyanın sülh şərtləri qarşılıqlı kompromisləri deyil, Ukraynanın kapitulyasiyasını nəzərdə tutur, bu isə təkcə Kiyev üçün yox, Vaşinqton üçün də qəbulolunmazdır. Tramp Ukraynanı dəstəkləməklə bağlı çox həvəsli görünməsə də, Ukraynanı Rusiyaya təslim etməkdə də maraqlı deyil. Eyni zamanda o, Rusiya ilə münasibətlərdə Bayden administrasiyası dövründəki konfrontasiya kursuna qayıtmaq da istəmir. Bu baxımdan Tramp hazırda dilemmatik seçim qarşısında qalıb. Konqres isə Rusiyaya qarşı siyasətin sərtləşdirilməsini tələb edir. Tramp əvvəl-axır bu məsələ ilə bağlı qəti qərar verməli olacaq.

– Rusiya Prezidentinin köməkçisi və Ukraynaya dair danışıqlar üzrə nümayəndəsi Vladimir Medinskinin Ukrayna ilə nüvə müharibəsi və Qarabağ münaqişəsi barədə açıqlamasına münasibət bildirərdiniz

– Medinskinin açıqlamaları ənənəvi, klassik imperialist yanaşmanın təzahürüdür. Moskva keçmiş sovet respublikalarının müstəqilliyini hələ də həzm edə bilmir. Postsovet regionu onların nöqteyi-nəzərindən Rusiyanın təbii nüfuz dairəsidir və yeni müstəqil dövlətlər Moskvanın milli maraqlarına zidd addım ata bilməzlər. Xüsusən Ukrayna rus imperializmi üçün həyati maraq zonasıdır. Bu müharibə bir ərazi konflikti deyil: Rusiya müstəqil, milli Ukrayna dövlətinin mövcudluğuna və inkişafına nəyin bahasına olursa olsun yol verməmək niyyətindədir. Moskva Ukraynanı SSRİ və Rusiya imperiyası dövründə olduğu kimi, özündən tamamilə asılı duruma salmaq istəyir. Ukrayna isə təbii olaraq bunu qəbul etmir və müqavimət göstərir. Bu səbəbdən, müharibənin hər iki tərəf üçün məqbul olan sülh anlaşması ilə yekunlaşması hələ ki qeyri-mümkün görünür.


MANŞET XƏBƏRLƏRİ