Elxan Zal Qaraxan
Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Birliyinin rəhbərlərinin sammiti kçirildi. Azərbaycanda da, xaricdə də bir çoxları bir çoxları təəccüblə qarşıladılar Avropanın ortasında yaşayan macarlar hara, türklər hara? Xarici müəlliflərin macarların türklüyü barədə düşüncələri məni o qədər də narahat eləmir, ammabizAzərbaycan türkləri onları yaxşı tanımalıyıq, Azərbaycanda məkunlaşmış qədim tayfalar arasında macarlar da var.
Mən macarları ilk dəfə məşhur şair Şandor Petefinin şeirlərindən tanımışam, sovetlər dövründə bu bu inqilabçı şairin şeirlərini az qala bütün dillərə çevirmişdilər. Sonra “Macar hekayələri” adlı bir kitab oxudum, burada əsasən macarların Osmanlı türkləri ilə mübarizəsini təsvir edən hekayələr toplaşmışdı, yəni gəncliyimizdə bizim başımızı daha çox sovet cəfəngiyatı ilə doldururdular. Biz çoxseriyalı “Kapitan Tenkeş” kinosuna da böyük həvəslə baxırdıq, orada da macarlar türklərlə vuruşurdular, yəni bizə təqdim olunan əsərlər əsanən rus-avropa nasizminin bəşəriyyətə təlqin etdiyi türk düşmanlığı ideologiyasının bədiiləşmiş formalarıydı. Mindiyimiz arabalar arasında Macarıstanda istehsal olunan “İkarus” avtobusları da vardı. Bu gün qardaş saydığımız macar xalqı barədə bilgilərimiz əsasən bu sadaladıqlarımdan ibarət idi, bir gün isə böyük türk şairi Nihal Adsızın 1956-cı il macar üsyanına həsr olunmuş böylə misralarını oxudum: “Bataqlıq milləti Moskov sürülərinə, göstərdi şanlı macarlar turanlılıq şanını, minlərlə öldülər, ölmək yenilmək deyil, yaşatmaqdır sanını”.
Bu şanlı misralar mənim macarlar haqqında Sovet təbliğat maşınının formalaşdırdığı düşüncə illüziyasına bir aydınlıq gətirdi, maraqlandım, araşdırdım və bir şeyi yaqin bildim: Macarlar mənim mənsub olduğum etnosun çöx qədim dostlarıdır, onlar türklüyün və turançılığın Avropadakı avanqardıdır, fin-uqor xalqları ailəsinə aid edilsələr də, özlərini türk-turan irqinə aid edirlər və Turançılıq bir ideologiya kimi Macarıstanda yaranıb. Macarlar Avropa İttifaqıda türk irqini təmsil edən hələlik yeganə dövlətdir və eyni zamanda Türk Dövlətləri Birliyində də təmsil olunur.
Fransız türkoloqu Fransua Georgeon turançılığın bir fikir cərəyanı kimi ilk dəfə Macarıstanda meydana gəldiyini və buradan digər ölkələrə yayıldığını bildirir. Görkəmli alim və diplomat Vilayət Quliyev “Macar turançılığı” adlı essesində fransız müəllifin bu yanaşmasını haqlı sayır və əlavə olaraq bildirir ki, “türk birliyi düşüncəsi ilə sıx bağlı olan, türk düşmənlərini daim qorxuya salan hər iki ideya cərəyanının - panturanizm və pantürkizmin yaradıcıları müasir Türkiyə hüdudlarından kənarda doğulmuşdular. Turançılıq düşüncəsi Macarıstanda meydana çıxdığı kimi, pantürkizm ideyasını da Anadoluya Azərbaycan türkləri və Qazan tatarları gətirmişdilər”. Macarlar digər Avropa xalqlarından fərqli mənşəyə, fərqli mədəniyyətə və mentalitetə malik olduqlarını, “köhnə qitədə” yeni tarix yaşadıqlarını və yaşatdıqlarını nəzərə çarpdırmağa can atırlar.
Katolik dininə mənsub, etnik və dil baxımından Avropadan tam fərqli mövqedə dayanan Macarıstan turançılıq düşüncəsinin meydana gəlməsi və yayılması üçün münbit guşəyə çevrildi. Turan ideyası ilk növbədə macar cəmiyyətindəki hun-türk və fin-uqor təmayüllərinin təmsilçilərini bir dam altında toplamağa imkan verirdi, çünki XIX əsrdə macar alimlərinin qənaətinə görə, Ural-Altay, fin-uqor və Uzaq Şərq xalqları böyük Turan ailəsini təşkil edirdilər. Avstriya-Macarıstan imperiyasının iki əsas dövlətindən biri olan Macarıstanda soy-kökə və əcdadların ilkin vətəninə təbii bir maraq yaranmışdı və get-gedə artan bu maraq 1910-cu ildə Macarıstan Turan Cəmiyyətinin qurulması ilə nəticələndi. Başlanğıc mərhələdə Cəmiyyətin əsas hədəfi etnoqrafiya, tarix və coğrafiya ilə bağlı araşdırmaların aparılması, habelə maarifçilik fəaliyyətinin genişləndirilməsi olsa da, yəqin ki, burada qeopolik maraqlar da vardı. Ola bilsin ki, bu ideya həmin dövrdə Avropanın ən böyük imperiyasının geopolitik strategiyasında da əhəmiyyətli rol oynayırdı. Min ildən bəri Avropada yaşayan, digər Turan xalqları ilə müqayisədə daha böyük tərəqqi və inkişaf yolu keçən macarlar “birlikdə addımlanacaq yolda” özlərini şəksiz lider kimi görürdülər. Turan Cəmiyyətinin qurucuları arasında qraf Pal Teleki, Jenö Çolnoki, Gyula Pekar, Bela Vikar, Aladar Ban kimi tanınmış və böyük nüfuz sahibi olan insanlar vardı. Macarıstan Elmlər Akademiyasının üzvləri, şair və yazıçılar, hətta dövlət və hökumətdə yüksək vəzifə tutan şəxslər də Turan Cəmiyyətində təmsil olunmuşdular. Tarixçi-alim Şandor Markinin, populyar şair Arpad Zemplyenin macar turançıları sırasında yer almaları Cəmiyyətin nüfuzunu və ona bəslənən inamı daha da artırmışdı. Birinci və İkinci Dünya müharibələrində Macarıstanın məğlublar sırasında yer alması, macar torpaqlarının qonşu dövlətlər arasında paylaşdırılması ilə nəticələndi və Macarıstanı SSRİ-nin satellit dövlətinə çevirdi. Sovet işğalı dövründə turançılıq ideyası bir az öləzisə də, Macarıstan Avropada da, dünyada da türkologiyanın mərkəzlərindən biri olmaqda davam edirdi.
Macarıstanla demək olar ki, eyni vaxtda turançılıq ideyası Osmanlı imperiyasında və Azərbaycanda da yayılmağa başlamışdı. Macar Turan Cəmiyyətinin ardınca 1911-ci ildə İstanbulda Turan Nəşri-Maarif Cəmiyyəti, iki il sonra isə eyni məqsədlərə xidmət edən Türk Ocaqları yaradılmışdı. Hər iki cəmiyyətin qurulması və sonrakı fəaliyyətində Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu kimi görkəmli şəxsiyyətlərin simasında Azərbaycan türklərinin mühüm payı vardı. Əli bəy Hüseynzadə bu hadisəyə şeir də həsr eləmişdi:
Sizlərsiniz ey qövmi-Macar bizlərə ixvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan.
Birdir yolumuz ermək üçün nur ilə həqqə,
Mümkünmü ayırsın bizi İncil ilə Quran?
Bu gün Macarıstan Avropa Birliyində Azərbaycanın ən böyük dostu olsa da, hələlik macar mövzusu Azərbaycanda elə də, geniş araşdırılmayıb. Əli bəy Hüseynzadənin və həmfikirlərinin bu mövzudakı yazılarından sonra araya bir Sovet vahiməsi çökdü, macar mövzusundan yazanlar da, hər şeyə Sovet prizmasından baxdılar. Bu mövzuda indiyədək Azərbaycan dilində yazılan mətnlər arasında hələlik ən xoşuma gələn ən fundamental yazı, görkəmli ədəbiyyatşünas və ölkəmizin macarıstanda səfiri olmuş Vilayət Quliyevin “Macar Turançılığı” essesidir və oxuculardan onu oxumalarını tövsiyə edirəm. Həmçinin mənim yazdığım “Xazarskiy prostor” adlı elmi məqaqallələr toplusunda da macar tarixi ilə bağlı geniş məlumatlar almaq olar.
Mən Xəzərlər dövləti ilə bağlı dövrü araşdırarkən, topladığım materiallardan gördüm ki, macarları istər Azərbaycana, istərsə də mənim doğulduğum Tovuza bağlayan çoxlu sayda genetik, linqvistik, tarixi bağlar var. Macar tayfaları böyük kütlələr şəklində hələ Qafqaz Albaniyası dövründən Azərbaycan ərazisində məskunlaşmışlar.
Macarların ata yurdunun Uralın şərqində, indiki Başqırdıstan ərazisində olduğu ehtimal edilir. XII əsrdə qələmə alınmış və kral III Belanın (1172-1196) anonim səlnaməçisi tərəfindən latın dilində yazılan və macar tarixini əks etdirən “Gesta Ungarorum” əsərində, macarların əcdadlarının indi yaşadıqları əraziyə iki böyük köçlə gəldikləri göstərilir. Müəllifin fikrincə Birinci dalğa eramızın IV-V əsrlərində olub. Həmin dövrdə Şərqi hun dövlətinin başçısı “Tanrıqut” Atilla (406-453) hunların rəhbərlik etdiyi tayfalar birliyini Avropanın mərkəzinə gətirmişdi. “Tanrıqut” titulunun mənasını anlamayan Avropa müəllifləri onu “Tanrı qırmancı” kimi ifadə etmişlər. Hunların rəhbərliyi altında, aralarında macarların da olduğu tayfalar birliyi, əsasən indiki Macarıstan ərazisində cəmləşdiklərindən, ölkənin latın və ümumən Qərb mənbələrində işlənən, günümüzdə də qorunub saxlanan Hungaria (lat.Ungrum) adı buradan yarandığı ehtimal edilir. Bu etnonimlə bağlı başqa mülahizələr də var, amma onların heç biri mahiyyəti dəyişmir. Mən Ungrumun “onogur“dan (onoğuz) boy adından əmələ gəldiyini hesab edirəm.
Görkəmli macar türkoloqu Gyula Nemetin qənaətinə görə, Hun imperatorluğunun dövlət idarəçiliyində istifadə olunan dil qədim türk dili olub. Onun fikrincə, Atilla adı da bu gün macar dilində müəyyən fonetik dəyişikliklərlə qorunub saxlanan “ata” sözündən yaranmışdır. Macarlar atanı “atya”, ananı isə “anya” kimi ifadə edirlər.
Macarların Pannnoniyaya hərəkətinin İkinci dalğası isə X əsrdə başlayıb. Həmin dövrdə Xəzər dövlətinə daxil olan macar tayfa birliyi, Hetimagar (Yeddimacar) daha dəqiq desək Toğrul (macarca Turul) nəslindən olan kündi (başçı, xan) Almış oğlu Arpadın başçılığı ilə Skifiyadan, macarca Dentimogerdən hərəkət edərək əvvəlcə Transilvaniyanı ələ keçirmiş, buradan isə Pannoniyaya (indiki Macarıstan ərazisinin bir hissəsi) yayılmış, orada möhkəmlənərək öz dövlətlərini qurmuşdular və onu Macarorsaq (macar yurdu) adlandırmışlar.
Bu fəthlər zamanı rəşadətli başçılardan biri də Kurzan (Kursan) olub. Xristianlıqdan öncə Göy Tengriyə inanan və türk əlifbasından istifadə edən macarlar Bizanc və ərəb mənbələrində türk adlandırılırlar. Böyük Türk xaqanlığı və onun sələfi Xəzər dövləti ilə çox əsrlik əlaqələrə malik Bizans imperiyasında türklər barədə ən səhih məlumatlara malik idilər. Zemarx, Menandr, Simosatta kimi Bizans müəlliflərinin Göy Türk dövlətinə səfərləri ilə bağlı yazıları, türklər barədə verdikləri məlumatlar günümüzə qədər gəlib çatıb. Göy Türklərin elçiləri isə ilk dəfə 563 ildə Konstantinopola səfər edib, yəni bizanslılar türkləri eşitməklə deyil, birbaşa təmasda olaraq tanımışlar. İmperator VIII Konstantin kimi mötəbər bir müəllifin öz “ İmperiyanın idarə olunması” («De administrado imperio) əsərində macarları israrla türk adlandırması heç də təsadüfü deyil. VIII Konsyantindən başqa imperator VI Lev (IX əsr), İbn Rüşt (X əsr), Qardizi kimi müəlliflər macarlardan türklərin bir qolu kimi bəhs etmişlər.
Bu məlumatları yazarkən qəfil beynimdə bir neçə süal doğdu. Mətləbdən uzaqlaşmamış bu süalları çözmək istərdim. Bunlardan birincisi “kündi” (kendi kimi də ifadə edilir) kəliməsidir. Şərhlərdə onun kökündə gün-günəş sözünün olduğu bildirilir. Kündi Hetimagarın - Yeddimacarın ümum rəhbəridir. Çin mənbələri Hun hökmdarlarını (Şərqi Hunlar, Hun nu) şan-yuy adlandırırlar və mənasını Günəşin və Ayın təmsilçisi kimi izah edirlər. Olsun ki, şan yuy “kündü” titulununun Çin heroqlif ilə səsləniş formasıdır, çünki kündü də qədim türkcədə Günəşdən gələn mənasını verir. Göy türk xaqanlığı qurulduqdan sonra imperiyada xaqan titulu daha populyar olmuş və Hun hökmdarlarının daşıdığı “kündü” titulunu unutdurmuş, amma Qərbi hunlar, onu macarların timsalında uzun müddət yaşatmışlar. “Hunlar və Tanrının qılıncı Atilla” kitabının müəllifi, məşhur macar türkoloqu Gyula Nemet macarların hunlarla qohumluqları barədə belə yazır: “Zənnimcə macarlar hunları və onların kralı Atillanı çox əski zamanlardan tanıyırdılar, özlərinin də bu soydan gəlmələri fikrini qəbul edirdilər. Ola bilsin ki, indiki vətənlərini – Karpat ovalığını fəth edərkən həmin düşüncə özünü o qədər də aydın nəzərə çarpdırmamışdı. Amma bu ehtimal çox da qüvvətli sayıla bilməz. Əksinə, bir sıra mənbələr məhz adı çəkilən dövrdə macarlar arasında özlərinin hun soyundan olmaları qənaətinin daha geniş yayıldığını göstərməkdədirlər”.