Azərbaycan Milli Xalça Muzeyində şöhrətli və “Şöhrət”li Xalq rəssamı Arif Hüseynovun “Zamanın ilmələri” sərgisinin təntənəli açılış törəni oldu.
Zaman bəzən ilmə kimi toxunur — elə deyilmi? — Sanki hər naxışı bir ömür, hər rəngi bir yaddaş daşıyır. 28 May - Müstəqillik Bayramına 2, 1 iyun - Uşaqların hüquqlarını uluslararası müdafiə Gününə 5 gün qalmış, Azərbaycan Milli Xalça Muzeyində açılışı baş tutan “Zamanın ilmələri” adlı fərdi sərgi də zamanın o görünməz ilmələrindən biriydi. Xalq rəssamı Arif Hüseynovun estetik duyumu və folklorik yaddaşı zamanın süzgəcindən keçərək rəng və forma ilə dilə gəldi. Bu sərgi sadəcə rəsmlərdən ibarət bir deyildi, əslində, ruhun ipək kimi nazik qatlarında gəzişən, milli kimliyi rəng və xəttlə danışıqlara çevirən mistik bir zaman yolçuluğu idi.
Sərginin girişində Arif müəllimin balaca ziyarətçilərə ünvanladığı məktubda hiss edilən səmimiyyət, sənətin gələcək nəslə ötürülməsi missiyası ilə necə dərindən bağlı olduğunu göstərirdi. Bu yalnız sənət deyil, həm də bir mədəniyyət estafetidir — müstəqil və qalib ölkənin alnıaçıq, qürurku balalarına ötürülən, qorunan, yaşadılan!..
Sənətin toxuculuqla iç-içə öyküsü
“Zamanın ilmələri” sərgisi - adından da göründüyü kimi, keçmişlə bu günü ilmə-ilmə bağlayan bir sənət dialoqudur. Burada gələnəksəl xalçaçılıq motivləri ilə yanaşı, rəssamın çağdaş rəqəmsal tanıtım texnolojilərini və vizual imkanları necə uğurla sintez etdiyi müşahidə olunur. Naxışların arxasında gizlənən əfsanələr, rəmzlər, poetik kodlar və tariximizin naxışa hopmuş layları öz rəssamlıq dili ilə danışır. Hər bir əsər özündə həm nağılların sehrini, həm də xalq yaddaşının dərin qatlarını daşıyır.
Sərgi, eyni zamanda uşaqlar üçün təşkil olunan “Xalça necə yaranır?” ustad dərsi ilə təhsili, əyləncəni və irsə ilgini birləşdirən nadir tədbirlərdən biri kimi yadda qalacaqdır. Qoyun yununun qırxılmasından ilmələrin toxunmasına qədər uzanan bu təcrübə uşaqlara yalnız bir sənət formasını deyil, həm də təmkinin, zəhmətin və yaradıcılığın poetikasını öyrədir.
Arif Hüseynovun sənətində zamanın mahiyyəti
Arif Hüseynovun yaradıcılığı uzun illərdir, Azərbaycan miniatür sənətinin və xalq nağıllarının bədii simvoluna, forma ilə yaşadılan yaddaşına çevrilib.
Onun əsərlərindəki obrazlar yalnız simvol deyil — onlar zamanla, məkanla və xalqın kollektif yaddaşı ilə dialoqa girən personajlardır. Bu sərgidə isə o, bu simvollara yeni bir nəfəs, yeni bir vizual təzahür verir. “Zamanın ilmələri” bu anlamda həm sözün əsl, həm də məcazi anlamında vaxtın və sənətin düyün nöqtəsidir — keçmişlə gələcəyin görüş nöqtəsi... Və bəzən nöqtə yox, birbaş nidasıdır!..
82 yaşlı ixtiyar sənətkarın yaşının bu çağında belə üz tutduğu əlvan, parlaq rənglər, rəngdən rəng alma və rənglərə başqa anlamlar yükləmə (yaxud rənglərə özlərindən üstün ifadəlilik vermə) ustalığı - bunlar ayrı mövzudur...
Arif Hüseynovun “Zamanın ilmələri” sərgisi bir ay boyunca sənətsevərləri qəbul edəcək. Bu zaman zəncirinin hər bir halqasında siz də iştirak edə bilərsiniz — bir tamaşaçı kimi deyil, milli yaddaşın toxunduğu parçalardan birinə çevrilərək. Çünki sənət yalnız baxılan deyil, hiss edilən, yaşanılan, ötürülən bir varlıqdır.
Bu sehrli sərgiyə yalnız ziyarətçi kimi deyil, zamanın ilmələrini dərk edən ruh kimi daxil olanlara salam-sayğı və eşq olsun! Zamanı ilmə-ilmə oxumağa, hər rəngi bir öykü kimi dinləməyə dəyər…
Ustad öz çıxışında dedi, budur Milli Xalça Muzeyimiz var, Muğam Mərkəzimiz var, Miniatür Mərkəzimiz də olsa lap yaxşı olardı… Deyirəm, çox da miniatür önəridir və həyata keçər (inş).
DÖVLƏTİMİZİN DƏ, SƏNƏTİMİZİN DƏ BAYRAĞI UCA OLSUN!