Üzü Haqqın təcəllası, Sözləri Tanrı duası...


Xəyalə Zərrabqızı: Türk ədəbiyyatı dərgisi: Əhməd Kabaklıdan İmdat  Avşara... - Kırım'ın Sesi Gazetesi

Xəyalə Zərrabqızı,
filologiya üzrə fəlsəfə doktoru

Adamlar doğulduğu, böyüyüb boya-başa çatdığı yerə, təbiətə bənzəyirlər. Nədənsə belə düşünürəm həmişə. Cavid əfəndi Azərbaycanda yox, bir başqa yerdə doğulsaydı, heç vaxt həyata bu qədər dirəniş göstərə bilməzdi, buna gücü yetməzdi. Naxçıvan sözü də Cavidin mayəsinə güc qatan torpaq kimi beynimdə assosiasiya yaradır... Necə ki, Bakı bu gün hamıya qucağını açıb, cənnətməkan Hacı Zeynalabdin də o cür səxavətlə ona pənah gətirənləri döşünə çəkirdi, yiyə dururdu adamlara... Şuşadan ayrı torpaq da Üzeyir bəyi yetişdirə bilməzdi... Qurban olduğum bu torpaqdan halal toxumlar boy verib, həqiqət cücərib, ədalət göyərib həmişə...

Qazax torpağı Azərbaycanın geoxəritəsində əsrarəngiz Göyəzən, Avey, Göyərçin, Babaqar kimi əzəmətli dağları ilə seçilir. Mən İbrahim İlyaslıya hər baxanda elə bilmişəm ki, o Uca Dağları görürəm. İlahi bir doğmalıqla İbrahim İlyaslını Dağa bənzətmişəm. Başından nə tufanlar keçsə də, bir qarış da əyilməyən, bircə daşı da yerindən tərpənməyən, üzü Haqqa sarı dayanan, zirvəsinə müdriklik qarı səpələnən, Babaqar, Avey, Göyərçin, Göyəzən kimi məğrur, yenilməz, uca bilmişəm İbrahim Əfəndini...

Açıklama yok.

Dağ əzəməti, dağ vüqarı, dağ əyilməzliyi ilə həmişə Haqqın yanında, içindəki ədalət tərəzisini əyilməyə qoymayan görmüşəm İbrahim Əfəndini...

Şeirləri ilə ruhumuzun ekologiyasını çirklənməyə, mənəviyyatımızı aşınmağa müsaidə etməyən, düşüncəmizi çöküntülərdən təmizləyən, daxili dünyamızı arındıran, pak nəfəsli bir dərviş misalı Bilgə Hoca sanmışam İbrahim Əfəndini...

Adı Peyğəmbər adı, könlü “məsumiyyət muzesi”, üzü Tanrı təcəllası, sözü Haqqın sədası …

Əlləri uca göylərə şükürlə açılan, qismətinə şükür edə-edə mənəvi firavanlığa ucalan İbrahim Əfəndi yaşadığı tərtəmiz ömür kimi ağ alnına yazılanları da bir ilahi fərman bilib ya da Tanrı duası…

Nə kəm yüklənən var, nə çox daşıyan,

Hərə öz yükünü daşıyır, lələ.

Nə nakam ölən var, nə çox yaşayan,

Hərə öz ömrünü yaşayır, lələ.

Bu gün əlimizdən aldıqlarının

Sabah bircə-bircə sayını verib.

Yaradan varsa da yaratdığının

Ürəyinə görə payını verib...

Açıklama yok.

Şair ürəyindən qələmə köçən misraların hər birində dərin fəlsəfi məna, ilahi hikmət var. Nə gözəl şərh edir insan İbrahim Əfəndi... İlahi ədalətin, haqqın mizan-tərəzisinin varoluşuna nə gözəl inandırır oxucusunu... Doğru deyiblər ki, həqiqi Şair olan kəs Tanrının yer üzünə insan sifətində göndərdiyi həqiqət elçisidir. “Nəsimi NƏSİMİ olmaqdan ötrü soyulsa da”, “yolları boğazına kəndir kimi dolansa da”, “bu həyat ondan ötrü İsa təkin çarmıxa çəkildiyi bir dar ağacı” olsa da usanmır bu ömürdən Həqiqət aşiqi... Çünki Sözə səcdə eləyib, Həqiqətə baş əyib, Haqqa könül verənlərdən ötrü bu Yolun enişinin, yoxuşunun, çalasının, çökəyinin, cəfasının, qəminin, sitəminin zərrə qədər də qorxusu-ürküsü yoxdu…

Bildim qəmini sənin ki, çoxdu,

Qəm çəkməyə bir hərif yoxdu...

Gəldim olam qəmin hərifi

Gəl təcrübə eylə mən zəifi... –

Açıklama yok.

"Leyli və Məcnun" poemasındakı bu misralar həm o yetim Məcnuna, həm də elə Füzulinin özünə aiddi. Hərdən mənə elə gəlir ki, könül səltənətinin “Füzuli” çeşməsindən su içənlər – sözə könül bağlayanlar, “əli Göyə, ayağı Yerə çatmayıb – Yerlə Göy arasında var-gəl” edənlər Ustad Füzuli təkin bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, öz xoşuna "qəmin hərifi" olmağa gələnlərdəndi... Elə İbrahim Əfəndi kimi...

Düşmən də çəkməsin mən çəkənləri,

Mən çəkən zülümdən olmaz, Əfəndim!

Başqa bir şeirində isə Şair “qəm pəncərəsindən” belə boylanır dünyaya:

Kimsə bilməz nə çəkdirir,

Mənə mən çəkdiklərim...

Ölümlərə cücərirlər

Olmağa əkdiklərim...

Dəryalar mənə çəkilir,

Tufanlar məndən qopur.

Başıma odlar ələnir,

Ruhuma sular hopur...

Açıklama yok.

Bunlar bir “dəli rəssam”ın fırçasıyla İnsan ömrünün, taleyə üsyanının, Tanrıya barışığının bədii boyalarla çəkilmiş poetik təzahürüdür.

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir, - deyirlər... Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuzun, duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz... Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana - seçdiyi bəndəsinə - dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi doğmasıtək əzizlədiyinə - canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır...

Bir son nöqtəsi var sonsuzluğun da,

Ondan da o yana yenə var nəsə.

Canda candan əziz dərd var, ağrı var.

Mənə can şirindi söyləyən kimsə: -

Bu qədər dilində buxov gəzdirmək,

Bu qədər ağzından qan gəlmək olmaz,

Yaşamaq deyilən bu imiş demək,

Yarəb, gödək elə ömrünü bir az

Bu həyat mənimçün bir dar ağacı...

... Misra-misra kəşf elədiyim, kitab-kitab ruhunu oxuduğum, söz-söz içimə çəkdiyim, kəlmə-kəlmə hiss elədiyim, irfani ucalığını öz dünyamda - könül evimdə müqəddəsləşdirdiyim İbrahim Əfəndi söz mülkündə saldığı iz, söylədiyi sözlə hər birimizin içimizə ayna tutur, ən ibrətamiz öyüdün “qəbiristan fəlsəfəsi” olduğunu; Hacı Bektaş Vəli demiş, “oxunacaq ən böyük kitabın İnsanın özü olduğunu” söyləyir bizlərə:

Sinəsində oyuq, alnında şırım

Bir daşın ovcumda boğdum səsini.

Duyduqca sonuma yaxınlaşıram

Dünyanın “qəbristan fəlsəfəsini”...

İbrahim İlyaslı poeziyasının fəlsəfi-estetik istiqaməti özünün mürəkkəb insan aləminin, Tanrının, həyatın, insanın dərkinə doğrudur. Müraciət etdiyi mövzudan asılı olmayaraq şair hər bir mövzuya çoxlarını düşündürən ümumbəşəri problemlər çərçivəsindən baxır, həmin məsələlərin bədii-obrazlı həllini, şeir formalarında dəqiq ifadəsini axtarır, öz səmimi şair sözünü poetik rübabın diliylə deməyə çalışır.

Bu dünyanın ən cavabsız suallarından biri də “Poeziya nədir?” sualıdır. Bu suala cavab tapmaqla biz təkcə poeziyanın deyil, bəlkə Tanrının da sirlərinə açar ola biləcək yolu tapa bilərik. Əlbət ki, İbrahim Ustad özü də bu fikirdədir. Onun şair ömrünə, sənətkar taleyinə və ümumiyyətlə, insan həyatına həsr olunmuş şeirləri oxucunu dərin düşüncələrə qərq edən həssas poeziya nümunələridir. İbrahim İlyaslı yaza biləcəyindən az yazsa da, deyə biləcəyindən az deməmişdir. Onun yazdıqları və yazacaqları da həmişə bizimlə könül sirdaşı, yol yoldaşıdır. Çünki o, yaşadığımız dünyadan, həyatdan, çoxlarını eyni düşüncə və ağrının üzərində kökləyən mövzulardan yazıb.

İbrahim İlyaslının bir küll olaraq bütöv poeziyasında, demək olar ki, bütün şeirlərində həyatın poetik dərki və ifadəsi çox mənalı bədii əksini tapıb. O, şeirləri ilə eyni taleyi yaşaya bilən bir şairdir. Oxuduqca bu qənaətə gəlmək olar ki, “Dar ağacı”, “Alın yazısı”, “Məni”, “Yaşayıram”, “Fələk”, “Olsun”, “Məni oxudan oxudur” və bu nəfəslə yazılmış bir çox şeirləri ayrı-ayrılıqda da, bir yerdə də şairin tərcümeyi-halının sıxılmış, yığılmış ifadəsidir. Bu taledə həm savab, həm günah, həm sual, həm cavab, həm kafirlik, həm də möminliyin qəribə qütbləşməsi var. Bu sadalananlar şair taleyinin təzadlarını göstərməklə yanaşı, həm də “şair olmaqdan ötrü” vacibdir. Çünki poeziyanın gözəlliyi məhz bu qütbləşməyə bağlıdır:

Küfr mənlik deyil... Əstəğfürullah! –

Sənə can atıram, sənə, İlahi!

Şeytan bardaş qurub kürəyimizdə,

Aman vermir gələk dinə, İlahi!

Və yaxud:

Qadam, sənlə nə işim var?-

Mənim işim fələknəndi.

Yerin təkində iblisnən,

Göy üzündə mələknəndi.

Onun yaradıcılığı ilə tanış olanda zərif duyğuların, kəskin dərrakənin mücəssəməsi olan bu poeziyanın bizə ömür yolunda etibarlı bələdçi olacağına ürəkdən inanırsan. Hər bir şeir mütləq hansısa mövzuda insana yol göstərir, birinci növbədə günahlardan uzaq durmağı təlqin edir, “boranlar adlayıb”, “xəzanlardan keçsək də”, qismətdən artıq yeməyin, taledən qaçısın mümkünsüzlüyünü öyrədir:

Heç kəs əl çəkməyib öz xislətindən

Heç kəs öz qanına qıyan olmayıb.

Nə qaçan olmayıb öz qismətindən

Nə qismətdən artıq yeyən olmayıb.

Hamımızın gördüyümüz adi hadisələr şairin dünyasında poetikləşir. Şair bu adi hadisələrin içərisində böyük həyat həqiqəti görür: “Göz üzü o qədər qutsal, o qədər müqəddəs, o qədər tərtəmizdir ki, sanki bizim Yerdəki yaşantımızın Aynası orda – o ilahi ucalıqda, Tanrı qatında, Göy üzündədir. Etdiyimiz günahlar sanki o müqəddəsliyə, göyə atılan daşlardır. Yerin cəzb etmə qüvvəsini niyə unuduruq?! İbrahim İlyaslı da şair olmağın yanısıra həm də fizikanın qanunların gözəl bilən mühəndisdir axı... Onun sözə, şeirə çevirdikləri sadəcə avaza xoşgələn sözlər deyil, həm də yer üzündə ilahi tarazlığı pozulmağa qoymayan fizika qanunlarıdır... Ona görə şair günahlardan arınmağa çağırır insan oğlunu... Axı göyə atdıqlarımız əlbət ki, bir gün özümüzə - üzümüzə geri qayıdacaqdır. Günah ediriksə, cavabında gec-tez bir gün günah görəcəyik. Həyat nə qədər xoş keçsə də, ömür nə qədər uzun və qayğısız olsa da, əbədi deyil, bir gün müqəddəsliyin tərəzisindən, onun cavab daşından qaça bilməyəcəyik. Çünki hər kəs öz qismətinin iştirakçısıdır. Və bir gün hamımız bu əməllərimizə görə cavab verəcəyimizi xatırladan şeirləri ilə İbrahim Əfəndi bir dərviş misalı bizi xeyir əməllər sahibi olmağa “niyyətini göz yaşına qatıb durulmağa” - “qəlbi qələmi ilə düz olmağa”, , arınmağa, təmizlənməyə çağırır. Şair sidq ürəklə bizi inandırır ki, bu dünyada nə əkiriksə, onu da biçəcəyik:

Hərə qalxır öz ipinə,

Kim düzünə, kim çəpinə,

Hamı özünün dibinə

Öz zirvəsindən yıxılır...

Başqa bir şeirində isə şair yazır ki:

Niyyətini qat gözüyün yaşına,

Sürt üzünü torpağına, daşına.

Bir də dolan, beş də hərlən başına,

Nə bilmişdin... Şeir – Pirdi, Ocaqdı!!!

Klassik Alman filosofu Hegel yazır ki, dünyanı dərk etməyin üç yolu var: dini, fəlsəfi və poetik. Bu iki dərketmə yolu özünün ən yüksək nöqtəsində poetik həddə çatır. Fəlsəfə poeziyadan aşağıdır, o mənada ki, fəlsəfə dediyi şeyi əsaslandırmalıdır. Poetik sözü əsaslandırmaq çox çətindir. Poeziya sözün ən ələ gəlməyən formasıdır, hər şeyin fövqündədir. Belə bir deyim var: Poeziya tarixdən daha tarixi, fəlsəfədən daha fəlsəfidir. Şərq ədəbiyyatında bir ənənə var ki, nəinki fəlsəfi, hətta iqtisadi-siyasi-ictimai həyat öz əksini poeziyada tapır.

İbrahim İlyaslı çağdaş Azərbaycan fəlsəfi-intellektual poeziya təmayülünün ən özgün, ən başarılı nümayəndələrindəndir. İbrahim İlyaslı poeziyasının fəlsəfəsi ondadır ki, O, insan ruhuna, mənəviyyatına kəpənək çiçək ləçəyinə qonduğu kimi qonur və sözə son dərəcə həssaslıqla yanaşaraq insanın varlığını bədii sözə çevirir. Onun baş qəhrəmanı - fəlsəfəsinin mayəsi içimizdəki İnsandır. O, insan ki, çox zaman biz onun qədrini bilmirik. Hürufilər deyirdi ki, insan Həqdən qopmuş nur parçasıdır. Bu mənada, İbrahim İlyaslı poeziyası elə onun özü kimi Həqdən qopmuş nur parçasının poetik ifadəsidir.

Açıklama yok.

Onunla söhbət zamanı adamın beyninin ən yorğun, ən yuxulu, ən tənbəl hüceyrələri də qeyrətə gəlir, ruhun saf bir enerji axını qarşısında duruş gətirmək üçün özünə dayaq axtarır. Bəli, İbrahim İlyaslı dünyanı belə bir ilahi güclə - ilahidən gələn saf bir enerji ilə zəbt eləyir. Onunla bir könül söhbəti, bir muhəbbət etmək istərsən, bir də baxarsan ki, verdiyin suallardan, aldığın cavablardan bütöv bir sistem yaranıb. Onun müdrikliyinə sığınıb sözünə qulaq verərsən, sözünün qüdrətiylə əlindən tutub səni düpbədüz yola çıxarar. Bu da əlbət ki, ürfani fitrətin bir qığılcımı, dərviş ömrünün ilahi möcüzələrindən biridi.

Onun sözü böyük ilhamdan, böyük istedaddan və böyük ağrıdan doğulan Sözdür, buna görə də böyük Sözdür.

Şairlik sözə münasibətdən başlayır. İbrahim İlyaslı poeziyasının böyüklüyü ondadır ki, o, hər dəfə sözə dua edirmiş, ayin oxuyurmuş kimi yanaşır:

Nə günah var bu gecikən səhərdə,

Heç demirik gözü yolda qalan var.

Həqiqət var – tül pərdədi, tül pərdə...

Arxasında özü boyda yalan var...

Poetik sözün dəyəri onun ifadə elədiyi həqiqətin fövqündədi. Fikrimcə, İbrahim İlyaslının poeziyası həm ifadə elədiyi həqiqətlərə, həm adi bir fikrin qeyri-adi ifadə tərzinə görə, bütünlükdə poetik-fəlsəfi tutumuna görə çağdaş türk şeirinin ən sayğın örnəklərindəndir. Bu söz şeir rənglərinin içində ayrıca bir rəngdi: özünəməxsus İbrahim İlyaslı rəngi. Rənglər də təravətini itirir, soluxur. Ancaq İbrahim İlyaslının şeiri həmişəyaşardır, o şeirlərin boyası- rəngi əbədidir... Nə qədər ki, sol yanımızda sevən bir ürək var, nə qədər ki, bu poeziyanı oxuyanda, insan təzələnir, daxili dünyası büllurlaşır, saflaşır, üzü kamilliyə yol alır; deməli, bu rəng də heç vaxt solmayacaq, İbrahim İlyaslı nəfəsinin təravətini yüz illərə, min illərə saxlayacaq, lap Tanrı duası kimi, Dədə Qorqud sözü kimi...

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ