Xaltanlı Tağının səyahət coğrafiyası


Tahir HƏSƏNLİ,
Quba rayonu, Yerfi kəndi

1796-cı il məlumatına görə Quba xanlığı əhalisinin mahallar üzrə bölgüsündə Dağıstan mahalının 18 kəndi, bu kəndlərin isə 950 evi olmuşdur. Bu mahal bu günkü Quba rayonunun dağlıq hissəsı, keçmiş Qonaqkənd rayonunun ərazisidir. Qonaqkənddən Şamaxıya gedən yolun üstündə yerləşən bugünkü Xaltan İƏV-nə aıd Xaltan və Utuqdan qeyri kəndlər bu siyahıda yoxdur. Güman etmək olar ki, Xaltan ətrafındakı kəndlər əhalinin artımı ilə əlaqədar olaraq maldarlığın və əkinçiliyin inkişafına görə əsasən Xaltandan ayrılmış ailələrin hesabına yaranmışdır.

1798-ci ildə Xaltanda dünyaya gələn Xaltanlı Tağı Qubanın Dağıstan mahalını kəndbəkənd tanımış, Xınalıqdan başlamış Xaltana qədərki, eləcə də Xaltandan aranadək olan hər bir kəndi gəzib-görmüş, onların ən ümdə xüsusiyyətlərini söyləmiş, bu şeirlər dillərə düşüb uzun müddət kəndlərimizi xarakterizə edən nümunələr kimi əzbər söylənmişdir. Az bir hissəsi yaddaşlarda qalan, hər mısrası bir kəndə aid olan, ağızdan-ağıza keçən bu misraların dəyişikliyə uğramadığını düşünmək olmaz.

Hamıdan fağırdır əhli-Sumağa,
Pirəbədil qoymaz səni yavuğa.

Zurna-qaval məskənidir Zərqava,
Bədhaqdır, haqvermə heç vaxt Gəndova

Armuddəyəndə Zeyvəli olar tox,
Ağılsız insana Çıçıdə yer yox.

Meşədə yerləşir Qorğanın əhli,
Bilici döyüşdə sanki bir dəli…

Aşıq yurdumuzun gözəl, səfalı guşələrini, kəndlərini, şəhərlərini görəndə onları tərif etmiş, bu gözəlliklərə biganə qala bilməmişdir. Qubanın yaxınlığında yerləşən Nügədi kəndini vəsf edərkən demişdir:

Xaliq xəlq edəndə cümlə cahanı,
Xoş yaradıb bu torpağı, nə gözəl!
Dəlisoy çayları, şərbət suları,
Çəməni, çölləri, dağı, nə gözəl!

Başqa bir şeirində yaşadığı Xaltan kəndinin camaatını tərənnüm edir. Hacıqulu baba, aslan hünərli Ağagül, usta Mürsəqulu, hünərli Pirəhməd, dilavər Şeyxaca, dar kəmərli Süleyman, molla Camulla, tədbirli Murad kimi şəxsləri, yenə digər bir şeirində qonşu Gümür kəndinin (keçmiş Qonaqkənd rayonunun bu kəndi indi xəritədə yoxdur) şeyxlərini vəsf edir, görülmüş işlərdə zəhməti olan kamil ustaları: Hacı və Seyidağanı tərifləyir.

Şeirlərindən anlaşılır ki, onun gəzdiyi, olduğu yerlər öz bölgəsilə məhdudlaşmamışdır. O, Ərdəbildə, Xorasanda, Tehranda, eləcə də Həştərxandan üzü bəri Dərbənddə, Tabasaranda, bugünkü ərazimizin Şuşa, Gəncə, Bakı, Şirvan, Şəki Salyan, Qarabağ və başqa yerlərində olmuş, sazı heybəsində, özü atın belində oba-oba, kəndbəkənd, şəhərbəşəhər gəzib dolaşmışdır. Tağının şeirlərini əzbərləyən, onun barəsində bılgılərini sonrakı nəslə ötürənlərdən bizə gəlib çatan bir fikir də belədir ki, o, uzun müddət bir yerdə oturub qala bilməmişdir. Onun qəlbi bir kəndə, bir mahala sığmamış, tez-tez səfərlərdə olmuş, bəlkə də buna görədir ki, külliyyatının xeyli hissəsi ələ gəlməmişdir. Demək olar ki, Azərbaycan türkcəsinin işləndiyi ərazilər Tağının coğrafiyasıdır. Aşığın vilayətləri mədh eyləyən şeirində bunu görə bilərik:

Neçə vilayətin mədhi dilimdə,
Əvvəli Həştərxan məşhuri-cahan.
Cahanda məşhurdur Şuşanın mülkü,
Yük tutur bəzirgan, işləyir karvan.

Bu şeir zəncirləmə formasında yazılmışdır. İkinci misra cahan sözü ilə bitdiyindən üçüncü misra da cahan sözü ilə başlayır. Sonrakı bəndlər də hansı sözlərlə tamamlanırsa, növbəti bənd o sözlə başlayır.

Tabasaran çevrəsi var bazarı,
Dəmirqapı Dərbənd dərya kənarı.
Qudyalın qalası onunla yarı,
Bakıdlr mədəni daşıyır Şirvan.

Şirvanın şöhrətı, şirin dili var,
Şəkinin mancanaq mədaxili var.
Salyanin aləmə bəlli Kürü var,
Suda cələ qurur, ilişir heyvan.

Göründüyü kimi, aşıq vətənin rəngarəng gözəlliklərını sevə-sevə tərənnüm etmışdir. Lakin şeirin qurluşundan məlum olur ki, əldə olan beş bənd yarımçıqdır. Birinci bəndlə ikinci bənd arasında zəncirləmənin pozulması orada bir və ya bir neçə bəndin, son bənddən sonra bir çox vilayətlərimizin adının çəkilməməsi və müəllifin adı olan möhürbəndin olmaması bu şeirin çox hissəsinin unudulduğunu ğöstərir. Şeirdə adı çəkilən, bu ğün Dağıstan Respublikasına aid olan Qumuq, Qaytaq, Abir, Aquşə, Axtı kimi kəndlərin, Gəncənin daşı, Qarabağın çayı, çörəyi, aşı ilə məşhurluğu, tərifi aşığın vətənin əksər guşələrinə bələd olduğunu bildirir. Tağı olduğu yerıəri sadəcə sadalamamış, bu yerlərin təbiətini, gözəlliklərini də vəsf etmişdir:

Üst tərəfində Kələkuh yaylağı,
Meşəsi marallı, gözəl oylağı,
Peysərində axan sərin bulağı,
Şirin şaqqıldayan əfqanına bax.

Aşıq İranda olduğu vaxt dini bayrama düşdüyündən orada keçirilən mərasimi qoçma-müstəzad şəklində təsvir eləmiş, hər bəndin son sözü ilə sonrakı bəndi başlamaqla zəncirləmə yaratmışdır.

Rəhmanın qulları edər taətı,
Hərgiz qəbul etməz hər biülfəti.
Elın yaraşığı İran dövləti,
Sükunətdə oldum sakinu-Tehran,
Xaku-Xorasan.

İranda olduğu əraziləri gəzərkən gördüyü zəhmətkeş insanlardan birini-rəncbəri təsvir etdiyi şeirində onun əməyi ilə tanındığını, insanların xoş güzəranının yarandığını bildirir. Qəlbən Allaha bağlı bir insan bütün pisliklərdən uzaq olduğundandır ki, onun haqqında hamı xoş söz deyir:

Xubluğunun səsi düşüb İrana,
Təbriz, Zəncan, İsfahana rəncbərin.

Tağının şeirlərinin bir çoxu Xaltandan kənarda olarkən söylənilmişdir. Ona görə də aşıq tez-tez qürbətdən şikayətlənir. Aşıq üçün Xaltandan kənar yer qəriblik hesab olunur. Hətta Qudyalda (Qubada) özünü qərib bilən aşığa Dağıstanda oxuduğu vaxt ona məktub yazan Güllü də “Qərib eldə qalan yarım”- deyə müracıət edir. Aşığın bu vəziyyətinin bir qədəri elmlə, təhsillə bağlıdırsa, bir qədəri də yeganə oğlu Sədinin səhhəti ilə bağlı gedişləridir. Qərib olduğu yerlərdə başına gələnləri də özü üçün Allahın yazısı, qəzavü-qədəri olduğunu bildirən aşıq deyir:

Yazılanlar gəlır bu qərib başa,
Həsrət qoyur məni qohum-qardaşa.

Tağının şeirlərində qəriblıklə bağlı çətinliklər; yurd sevgisi, ev-eşikdən, dost-tanışdan, qohum-qardaşdan, aılədən uzaq düşməsi ilə yanaşı, qürbətdə qəribin təkliyi, dərdini deməyə bir kəsi olmaması, sıxıntıları, öz vətənində olduğu kimi dəyərləndirilməməsi onu incidir.

Bu dünyada üçcə şeydən qorxuram,
Bir ayriliq, bir yoxsulluq, bir ölüm.
Heç birindən bil ki, könlüm xoş deyil,
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.

Tağının öz yurdundan tez-tez ayrılmağının bir səbəbi də dolanacağı ilə bağlı olmuşdur. Aşığın ehtiyacları təsərrüfatı ilə təmin oluna bilmədiyindən Allaha, dinə böyük inamı olsa da aşıqlıq sənətindən dolanacağına görə əl çəkə bilmədiyini söyləyir.

Bir əlımdə sazdır, birində qələm,
Haqqın dərgahında günah eylərəm
- deyən aşıq ehtiyac üzündən aşıqlıq etdiyini bildirir:

Ehtiyac qoymayır tərgidim sazı,
Baxmayaraq daım qıllam namazı.

Tağının yaşadığı dövrdə təhsilli şəxsləri “molla” deyə çağırmışlar. Mükəmməl dini təhsıl almış Tağının şairliyi üstün olduğundan onu “molla” adlandırmayıblar. Mollalıqla aşıqlıq bir-birinə əks olsa da Tağı elmli, əxlaqlı din xadimlərinə hörmətlə yanaşıb.

Lakin toyların qazancı da Tağının dolanışığını gen-bol təmin etmir. Ehtiyacı üzündən yardım üçün bəyə, yüzbaşıya ünvanlanmış şeirləri onun bəzən çətin vəziyyətə düşməsindən xəbər verir. Məclislərdə haqdan, ədalətdən, Allahın qoyduğu qayda-qanundan bəhs edən, insanları haqq yoluna çağıran, pis vərdişləri, dövrün eybəcərliklərini tənqid edən aşıq söylədiklərini qiymətli daş-qaşla müqayisə edir. Lakin dəyərli sözə, söz sahibinə layiqincə qiymət verilmədiyindən şikayətlənən aşığın söylədikləri böyük söz ustadımız Füzulinin öz zəmanəsində şeirin dəyərini itirdiyindən gileylənməsini yada salır. Məhz dəyərdən düşən sözə “Bimar isə eyləyəm əlacın” deyən qüdrətli söz sahibini ilahi qüdrət yetirir. Tağı da şeirə, sözə verilən qiyməti belə ifadə edir:

Tağı, kim eylədi ağlını bihuş,
Haqdan qala qurdun, kimə gəldi xoş?
Paylayıb gövhəri qayıdırsan boş,
Daha bundan betər görəcək olmaz.

Azərbaycan türkcəsinin işləndiyi ərazilərə səfər edən aşıq hara getsə də öz yurdunu unutmamışdır. Azərbaycanın cənubunda olarkən yazdığı bir şeirində “Sükunətim Xaltan, yerim dağıstan” deməklə ünvanını bıldirmişdir. Aşığın işlətdiyi “dağıstan” ifadəsini bu gün çoxları Dağıstan Respublıkasının ərazisi kimi başa düşür və böyük hərflə yazırlar. Tağının yaşadığı illərdə əvvəl xanlıqların, sonra isə qəzaların mal-qaranın saxlanması üçün aran və dağlıq hissələri olmuşdur. Quba qəzasında sahibkarlar yayda xanlığın dağlıq, yəni dağıstan hissəsində, qışda isə aranda, dəniz kənarlarında olmuşlar. Aşıq dağıstan dedikdə, yazının əvvəlində dediyimiz kimi, Quba qəzasının dağlıq ərazısını nəzərdə tutmuşdur.

Cismən bir dağ kəndinə bağlı olub, ruhən Bütöv Azərbaycanı sevən, sözü, sənəti ilə qəlblərdə yaşayıb Şirvan aşıq məktəbinin yaradıcısı kimi tanınan Xaltanlı Tağı bu gün təkcə bir kəndin, bir regionun deyil, Azərbaycanin fəxr edə biləcəyi el aşığı, el şairi kimi şöhrət qazanmışdır.


MANŞET XƏBƏRLƏRİ