Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

X yazı

Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, milli ideoloq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.

Tanınmış mütəfəkkir-filosof M.Ə.Rəsulzadəyə görə sosializm meydana çıxana qədər əgər liberallar daha çox bütöv cəmiyyəti deyil ayrı-ayrı azad fərdləri müdafiə edirdilərsə də, sosialistlər isə tam əksinə azad fərdləri bir kənara qoyub sistematik cəmiyyəti, yəni kollektivçiliyi əsas kimi görüblər. Üstəlik, sosialistlər iddia ediblər ki, dünyada mövcud olab bütün ədalətsizliklərin, haqsızlıqların əsas səbəbkarı iqtisadi liberalizm və fərdiyyətçilikdir. O, yazırdı: “Liberallar “cəmiy­yətə qarşı fərd” şüarını müdafiə edərkən bunlar münhəsirən cəmiyyəti iltizam və kollektivizmi tərvic ediyorlar. Hal-hazırda Rusiyadan başqa, kollektivizmi tətbiq təcrübəsini icra edən bir məmləkət yoxsa da, ictimai və iqtisadi münasibətləri tənzim üçün fərdi hürriyyəti təhdid edən hökumət tədbirlərinin Avropada və Amerika məmləkətlərinin çoxunda ittixaz olun­duğunu iləridə bütün təfsilatı ilə görəcəyiz. Bu gün hürriy­yəti-şəxsiyyə və mülkiyyət prinsip­lərinə qiymət verməklə bərabər, bilxassə iqtisadi fəaliyyətdə fərdiyyətçiliklə cəmiyyətçiliyi təlif və tərkib edən təsanüdçülük nəzəriyyəsi xeyli dərəcədə qüvvətlən­mişdir”.[1]

Onun fikrincə, sosialist cərəyanlarla liberalist məsləklər arasında qalan demokratiyanın bundan çıxış yolu kimi yeni bir təlim ortaya qoyması lazım gəlirdi. Çünki hər iki cərəyan arasında müsbət cəhətlərlə yanaşı neqativ xüsusiyyətlər olduğu üçün, yeni bir məsləkin ortaya çıxmasına inanların görüşü də var idi. O, yazırdı: “Bu görüş sayəsindədir ki, müasir cəmiyyətin ahəngini təmin edən əsas bulundu. Təsanüdçülük (solidarizm) məsləki rəvac buldu. Təsanüdçülük liberalizm kimi mülkiyyət əsasına hörmət edər, yalnız ona qüdsiyyət payəsini verməz. Cəmiyyətin mənafeyi iqtiza etdiyi zamanlarda mülkiyyət həqqinin təhdidini və dövlətcə şu həqqi kullanmaq tərzinin təyin­ini zəruri görür. O, fərdiyyət­çiliklə cəmiyyətçiliyin arasına təlif edər. Bu gün demo­krasi məsləkləri arasındakı hakim cərəyan da budur: təsanüd­çülükdür. Demək ki, dünki liberalizm əsası üzərinə qaim olan demokrasi fikri bu gün solidarizm sisteminə doğru getməkdədir. Fransa inqilabı əsnasında hakim olan demokrasi fikri fərdin hökumətə qarşı hürriyyətini təmin etmək hədəfinə mütəvəcceh idi; müasir demokrasi zehniyyəti isə yalnız fərdi deyil, zümrəvi mənfəətlərin də təminini düşünmək məcburiyyətindədir”.[2]

Rəsulzadəyə görə fərdi hürriyyətin mütləq şəkli ilə ictimai hakimiyyətin mütləqiyyəti arasında təsanüdçülük-həmrəylik ən doğru yoldur, çünki solidarizmdə həm fərdin azadlıqları, həm də siniflərin istəkləri demokratiya, hüquq çərçivəsində nəzərə alınır. Bu baxımdan da, təsanüdçülük yalnız demokratik quruluşda, hüquqi dövlətdə gerçəkləşə bilər. Başqa sözlə, qeyri-demokratik, yəni avtoritar, totalitar, hərbi diktatura, teokratik kimi quruluş­larda solidarizm mümkün deyildir. O, yazırdı: ““Siyasi relatizm”ə təhəmmül etməyən hər hansı sistemdə təsanüdçülüyün bu xüsusiyyətləri (yəni fərdin azadlığını və siniflərin istəklərini bərabər şəkildə gerçəkləşdirməsi – F.Ə.) bütün qüvvətilə inkiaf etməkdən məhrumdur. İqtisadiyyat sahəsindən siyasət sahəsinə keçərsək, hüquqi hürriyyətin də yalnız bu sayədə ahəngdar bir mənzumə təşkil edəcəyini həmən hiss edəriz. Şöylə ki, hər hansı cəbhədən baxarsaq, demokrasi ilə hüquq arasında sıx və çox səmimi bir əlaqə buluruz. Demokrasi­dən bəhs edən bir müəllif deyir ki: “İctimai təşəkküldə hüququn realizasyonunu təmin edən yeganə imkan sahəsi demokrasidir. Hüququn hakimiyyəti və istiqlalı demokrasi yolunun rəhbər yıldızıdır. Digər hökumət sitemlərindən demokrasi bununla ayrılıyor ki, onun üçün hüquq xaricində bir hökumət təşkili qeyri-qabil təsəvvürdür. Hökumətin təşkili ilə hüququn müdafiəsi – demokrasi üçün – iki ayrı ayrı şey deyil, yalnız bir şeydir”. Demokrasi ilə hüquq – çox məruf bir təriqə görə - bir sikkənin iki üzüdür. Hüququn gələcəyi olduğu kimi, demokrasinin də gələcəyi əmindir”.[3]

Demokratiya ilə yanaşı hüquq da solidar­izm üçün çox önəmlidir. Çünki millətə, cəmiyyətə aid hüquqla fərdin hüququ arasında uzlaşdırmanın olması təsanüdçülüyün əsas prinsiplərindən biridir.Hazırda nəinki zor gücünə qurulmuş sosialist cəmiyyətlərdə, heç liberal-demokratik toplum­larda da hüququn bu iki xüsusiyyəti arasında uzlaşdırmanı istənilən şəkildə reallaşdırmaq mümkün olmamışdı. O, yazırdı: “Fərzən dövlət idarəsindən hökmdarın hüquqi-xüsusiyyəyə müstənid istibdad və mütləqiyyətini tamamilə atan və onun yerinə arayi-ümumiyyə ilə müşəxxəs və hüquqi-ümumiyyəyi müməssil xalq müəssisəsini vəz edən demokrasi, iqtisadi və ictimai həyat sahəsində hala hökmran olan fərdi hüquq müməssillərini ictimai hüquqa tamamilə tabe edəməmişdir. Dövlətdə irsi hökmdarlığın əhəmiyyəti tamamilə səlb edilmiş ikən, bir dövlət qədər əhəmiyyət kəsb edən böyük fabrikada bu prinsip hələ də hökmrandır. Hüququ tələqqisindəki bugünkü məxsus inkişafın gözə aldığı istiqamət iştə budur. Fərdi hüququn hər cəhətcə ictimai hüquqa tabe olmasıdır”.[4] Demokratiya hər şeydən əvvəl müəyyən bir fikri mənzuməsidir ki, burada fərdin hüquqları, azadlıqları nəzərə alınmaqla cəmiyyətin hüququ, onun milli varlığı da qorunmalıdır. Bu baxımdan demokratik dövlətlərdə yalnız fərdin hüquqları düşünülməməli, eyni zamanda ayrı-ayrı fərdlərdən təmsil olunan cəmiyyətin bütünlüyünü də nəzərə almaq lazımdır. Eyni zamanda, fərdiyyətçilik və liberalizm dövründən sonra ortaya çıxan zümrə təşəkküləri, məslək təbəqələri məsələsinə hüquqi müstəvidə yanaşmaq vacibdir. Onun fikrincə, XX əsrin əvvəllər­ində yalnız ifrat cəmiyyətçiliyin deyil, Avropada parlamentarizmin böhrana düşmə­sində də, liberalizmin doğurduğu zümrə təşəkkül­ləri, yəni sosial təbəqə­ləş­mə mühüm rol oynamışdır.[5]

M.Ə.Rəsulzadə belə nəticəyə gəlirdi ki, indivudalizm (fərdiyyət­çilik) və universalizm (külliyyət) arasındakı məsələdə ən doğru yol təsanüdçülüklə bağlıdır. Çünki yalnız solidarizmdə həm fərdin, həm də ümuminin maraqlarına cavab vermək mümkün olur. Eyni zamanda, milli təsanüdçülükdə sosial məsələ ilə milli məsələ arasında uzlaşdırma da mümkündür. Ona görə məmləkəti əcnəbi düşmənin qanlı istilası altında inləyən millətin fərdi heç bir zaman inqilabi sosializmin arxasınca getməz. O, yazırdı: “Bizcə hər cür islahatı rədd edən əski qafalı mürtəcelər milli vəhdət, milli inkişaf və milli istiqlal üçün müzürr olduqları kimi, milli vəhdət və bu vəhdəti təşkil edən siniflər arasında təsanüd və müsahiləyi inkar ilə sinif mücadiləsini atəşləyən kommunistlər də eyni dərəcədə müzürrdürlər. Biz hər cür sinif diktatorluğunun əleyhindəyiz. Hədəfimiz millətin vəhdəti, istiqlalı və hürriyyətidir. Bizi bu hədəfə doğru götürən vasitə isə gələcəyi heç də şübhə doğurmayan təsanüdçü demokrasi məfkurəsidir!”.[6]

1950-ci illərin başlarında qələmə aldığı “Milli təsanüd” məqaləsində Rəsulzadə yazırdı ki, dövlətin formalaşması bir neçə mərhələdən keçib: “Hürriyyət prinsipi ilə mülkiyyət əsasının mədəniyyət tarixində oynadıqları böyük rol məlumdur. XVIII əsrin sonları ilə XIX əsrin əvvəllərində elm, fənn, fəlsəfə və estetika sahəsində görülən parlaq müvəffəqiy­yətlərin anası “hürriyyət”; onlarla birlikdə yürüyən sənaye inqilabi nəticəsindəki maddi tərəqqilər ilə iqtisadi gəlişmeyi doğuran da “mülkiyyət” olmuşdur”.[7] Onun fikrincə, bunun ardınca bir sıra ölkələrdə baş verən mühüm ictimai-siyasi hadisə­lər liberal düşüncə tərzini ortaya qoymuşdur: “Siyasət sahəsində fransız inqilabının elan etdiyi “İnsan haqları” bəyannaməsində, iqtisad sahəsində də Mançestr məktəbinə mənsub iqtisadçıların “burax keçsin, burax yapsın” şəklindəki formullarıyla əsaslan­dırlan bu prinsiplər burjua inqilablarında qəhrəmanlıqlar yaradan liberal düşünüş sisteminin əsasını təşkil etmişdir. İnsanı, orta əsr gerliyinin siyasi, dini və iqtisadi üç qatlı zərurət və əsarət məh­kumiyyətindən qurtaran və fərdə cəmiyyət içində layiq olduğu və­təndaş mövqeyini verən qüvvət liberalizmin zəfəri olmuşdur”.[8]

Liberal dövlətin mahiyyətinə gəlincə, Rəsulzadə yazırdı: “Liberalizm, dövlətin vətəndaş üzərindəki hakimiyyətini ən az dərəcəyə endirib, onu yalnız daxili asayiş ilə xarici əmniyyət təmin edən cəmiyyət xidmətində və nəzarətində bir müəssisə görmək istəmiş; dinin dünya işlərindən ayrılığını tələb edərək, vicdanların hər cür təzyiqdən azadlığını gözə almış; iqtisadi sahədə dəxi satış təşəbbüsünün istiqlalına hörmətlə mülkiyyətin qutsallığını elan etmişdir. Liberal­izmdə əsas ideal, fərdin ən çox hürriyyəti və dövlətin vətəndaşlar arasındakı qarşılıqlı münasibətə ən az müdaxiləsidir. Şəxsi təşəbbüslərlə mülkiyyət haqqını tapdayan və təhdid edən hər hansı dövlət müdaxiləsi bu sistemin klassik baxışına qətiyyən uyğun deyildir.”[9]

Rəsulzadəyə görə liberal dövlət müəyyən bir zamana qədər tarixi vəzifəsini uğurla görmüş, feodalizm sisteminə bağlı qalan cəmiyyət qüvvələrinin hər sahədə açılaraq irəliləmə­sini təmin etmişdir. Ancaq hər tarixi cəmiyyət növü kimi zəncirlərini qıraraq böyük bir sürətlə irəliləyən liberal cəmiyyətdə içindəki əks qüvvələrin böyüməsilə yeni ictimai təzadlar qarşı­sında qalmışdır. O, yazırdı: “Başıboş (azad) rəqabət əsasına dayanan liberal istehsal sistemi təşəbbüslü və eqoist fərdlər arasında hüdud və ölçübilməz bir mücadiləyə meydan vermişdir. Bu isə bildiyimiz kapitalizmi doğurmuş və ona bağlı bütün sosial təzadları qanadlandırmışdır. Sözdə siyasi hürr, mənən hürr və iqtisadi hürr olan vətəndaşlar, budur yarını məchul, bir dilim çörək qazancının əsiri bir hala gəlmişlər. Zahirdə hakimiyyətümumun rəyinə” dayanan parlament içindən yaradılmışməsul hökumətlər”də isə də, həqiqətdə əsil hakimiyyət yeni para aristokratiyası deyilən bankirlərlə fabrikaçıların əlində. Bir tərəfdə gözqamaşdırıcı əfsanəvi zənginlik, o biri tərəfdə isə ürək yaxan bir fərqli səfalət. Sinfə qarşı sinif. Daxili mücadilə. Vətəndaşlar bıçaq-bıçağa”.[10]

[1] Yenə orada, s.376-377

[2] Yenə orada, s.377-378

[3] Yenə orada, s.380-381

[4] Yenə orada, s.383

[5] Yenə orada, s.395-396

[6] Yenə orada, s.404

[7] Resulzade M.E. Milli tesanüd. Ankara: Kardeş matbaası, 1978, s.13

[8] Yenə orada, s.13

[9] Yenə orada, s.13

[10] Rəsulzadə M.Ə. Milli birlik. Bakı, “Çıraq” nəşriyyatı, 2009, s.25


MANŞET XƏBƏRLƏRİ