Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri


Kamal Adıgözəlov

IV məqalə

Üçüncü istiqamət: Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi

Azərbaycanın xarici siyasətinin yeni mərhələdə üçüncü prioriteti kimi regionda sülh və inkişafın təmininin müəyyən edilməsinin ciddi geosiyasi və siyasi əhəmiyyəti vardır. Məsələ həm müstəqil Azərbaycan dövlətinin yaxın perspektiv üçün inkişaf kursu, həm də bu prosesdə regional təhlükəsizliyin oynayacağı rolun xüsusiyyətləri ilə əlaqəlidir. Eyni zamanda, son zamanlar dünya miqyasında, xüsusən Avrasiya məkanında müşahidə edilən mürəkkəb geosiyasi proseslər məsələnin bu tərəfinin daha da aktuallaşdığını ifadə etməkdədir. Təhlil göstərir ki, Prezident İlham Əliyev üçüncü istiqamətin məzmununu və məqsədini mükəmməl şəkildə müəyyən edib. Bu aspektdə həmin istiqamətin geosiyasi təhlili üzərində dayanmağa ciddi ehtiyac görürük.

Üçüncü istiqamətin əhəmiyyəti: geosiyasi və siyasi aspektlərin sintezi

Hər bir müstəqil dövlət üçün xarici siyasətin prioritetləri sırasında onun ümumi ruhu çox vacib rol oynayır. Yəni, xarici siyasətin başlıca məqsədinin sülh, yaxud müharibə olmasının konkret ifadə edilməsi politoloji baxımdan prinsipial əhəmiyyət daşıyır. Xüsusilə regional və ya qlobal xarakterli müharibə və münaqişələrdən sonra qalib dövlətin xarici siyasətinin bu istiqaməti böyük əhəmiyyət kəsb edir.

Bu səbəbdən də Azərbaycanın xarici siyasətində üçüncü istiqamətin "Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi" kontekstində dəyərləndirilməsi çox əlamətdardır. Məzmunundan da göründüyü kimi, həmin istiqamətdə iki vacib aspektin sintezi nəzərdə tutulur. Birincisi, regionda "davamlı sülhün bərqərar olması", ikincisi, Cənubi Qafqazın "dayanıqlı inkişaf bölgəsinə çevrilməsi"!

Məsələnin bu cür qoyuluşunun politoloji və geosiyasi anlamı nədən ibarətdir? Öncə vurğulayaq ki, siyasi-nəzəri baxımdan bir-biri ilə daxili məntiqi bağlılığı yüksək olan aspektlər seçilib. Burada davamlı sülhlə dayanıqlı inkişafın qarşılıqlı əlaqədə götürülməsi də müasir siyasi və geosiyasi reallığın dinamikasına və məzmun özəlliklərinə tam uyğundur.

Bu tezisin politoloji əsaslandırılması vardır. Ona iki istiqamətdən yanaşmaq olar. Onlardan biri sırf nəzəri-politoloji yöndür. Digəri isə konkret olaraq Cənubi Qafqazın geosiyasi tarixinin başlıca məqamlarını nəzərə alaraq praktiki-konstruktiv siyasi-diplomatik fəaliyyətlə bağlıdır. Onların hər birinin əhəmiyyəti danılmazdır.

"Davamlı sülh" anlayışı: yeni mərhələdə regional təhlükəsizlik konsepti

Bu anlayışın nəzəri izahı üçün daha ümumi olan və bütövlükdə regionu əhatə edən başqa anlayışın məzmununu dərk etməliyik. Biz, "postmünaqişə mərhələsində sülhün qurulması"nı nəzərdə tuturuq. Buna regionun "sülh düzəninin təşkil edilməsi" də deyə bilərik. İlk müəyyənedici geosiyasi məqam xüsusi mərhələdən sonra meydana gələn dövrlə əlaqəlidir. Özü də nəzərə almaq gərəkdir ki, söhbət son dərəcə mürəkkəb bir geosiyasi regionda uzun müddət davam edən çətin münaqişənin region dövlətlərindən birinin səyləri nəticəsində aradan qaldırılmasından gedir.

Daha konkret desək, Azərbaycanın 30 illik gərgin mübarizədən sonra, dünyanın əksər böyük güclərinin müqavimətinə baxmayaraq, öz gücünə ərazi bütövlüyünü tam təmin etməsi postmünaqişə dövrünü regional miqyasda xarakterizə edən başlıca siyasi faktordur. Xarici siyasətdə həmin məqam uzun müddət prioritet kimi yer alırdı.

Məsələ ondan ibarətdir ki, son 300 ildə Cənubi Qafqazın geosiyasi arxitekturasını müəyyən edən güclər gənc müstəqil Azərbaycan dövlətinin xarici siyasətində ilk növbədə məhz ərazi bütövlüyünü bərpa etmək aspektini bloklamağa çalışırdılar. İstənilən dövlətin müstəqilliyi qarşısında ən böyük əngəllərdən birinin məhz bundan ibarət olduğu politoloji aspektdə geniş araşdırılıb.

Bu cür münasibətin səbəbləri çoxdur. Onlar arasında geosiyasi baxımdan maraqlı olanı yəqin ki, Zbiqnev Bjezinski və Donald Censenin "Rusiya və ABŞ. Geosiyasət sahəsində savaşlar" adlı kitabında ifadə edilib. Müəlliflər yazırlar ki, sosialist düşərgəsinin dağılması Avrasiyada "boz zona"ların yaranmasına bənzəyirdi. Əsrlərdir davam edən Rusiya-Çin tandemi geosiyasi aspektdə parçalanmışdı. Nəticədə, böyük bir ərazidə boşluq yaranmışdı. Məsələn, Qafqazda Türkiyənin nüfuz qazana bilməsi təhlükəsi meydana gəlmişdi. Bütövlükdə o da aydın idi ki, müstəqillik əldə etmiş heç bir yeni dövlət təkbaşına suverenliyini və ərazi bütövlüyünü təmin edə bilməzdi (1).

Qərb politoloqları bu məsələyə daha geniş prizmadan – ümumiyyətlə, Avropada Maks Veberdən başlamış Yurgen Habermasa qədər mütəfəkkirlərin yanaşması prizmasından nəzər salırlar. Məsələn, Con P.MakKormik yazır ki, "Avropada toplumlarüstü inteqrasiyada demokratik dəyərlərin və hüququn üstün olduğunun reallığı hələ aydın deyildir" (2). Belə qənaətə gəlmək olur ki, bütövlükdə Qərbin, ayrıca Avropa İttifaqının Cənubi Qafqazdakı geosiyasi proseslərə inteqrasiya-diferensiasiya dixotomiyası kontekstində yanaşmasının kökündə səhv siyasi kriteriyalar dayanır.

Bu isə xarici siyasətin üçüncü istiqaməti işığında əsas məqamlardan birinin böyük dövlətlərin baş verən dəyişikliklərə ümumi geosiyasi reaksiyası və müstəqil dövlətlərlə münasibətlərinin ümumi xarakteristikasından ibarət olduğu nəticəsini çıxarmağa imkan verir. Bu fikirlərdən aydın hiss olunur ki, böyük dövlətlər Cənubi Qafqaza ancaq öz maraqları çərçivəsində təsir göstərməyə çalışacaqlar. Onların sırasında ABŞ, Avropa İttifaqının böyük dövlətləri, Çin, Rusiya və İran xüsusi fəal olmalı idilər.

No description available.

Belə də oldu. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi hər cəhddə ABŞ, Avropa İttifaqı, Rusiya və İran tərəfdən ya qərəzli siyasi manevrlərin, ya da ikili standartlar siyasətinin amansız tətbiqini gördü. Nəticədə, 30 illik gərgin savaşdan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Xarici siyasətin yuxarıda vurğuladığımız istiqaməti üçün postmünaqişə mərhələsinin əsas faktoru – Azərbaycanın yaratdığı bu yeni dəyər (ciddi beynəlxalq müqavimətə baxmayaraq, ərazi bütövlüyünün təmin edilməsi) prinsipial əhəmiyyət daşıyır. Buna görə də xarici siyasətdə həmin istiqamətin prioritet kimi qəbul edilməsi arxivacib məqamdır.

Onu da nəzərə alaq ki, hələ də Qərb politoloji fikrində və praktiki siyasi fəaliyyətində Azərbaycan Avrasiyanın Şərqə açılan əsas "geosiyasi qapısı" (Zbiqnev Bjezinski və Henri Kissincer) statusunda qalmaqdadır. Son hadisələr də bunu təsdiq edir. Bu bağlılıqda ekspertlər vurğulayırlar ki, Qərb bloku Ukraynanın ardınca Cənubi Qafqazı da hədəfə götürərək yenə də regionda sabitliyi pozmağa cəhdlər edir. Ermənistan parlamentinin Azərbaycanla sərhəddə yerləşdirilən və əksəriyyəti kəşfiyyatçılardan ibarət olan missiyanın statusuna dair anlaşma layihəsini təsdiq etməsi bunun əlamətlərindən sayıla bilər. Bundan başqa, Ermənistan, Avropa İttifaqı və ABŞ arasında keçiriləcək "təhlükəsizlik görüşü" bir çox suallar doğurur.

Bütün bunlardan postmünaqişə mərhələsində regional miqyasda sülhün davamlı olması şərtinin nə dərəcədə geosiyasi və siyasi əhəmiyyət kəsb etdiyini anlamaq və onun müstəqillik baxımından çox həssas məsələ olmasını qəbul etmək çətin deyildir. Burada başlıca siyasi məqsədin əsas elementləri müasir politologiyada mövcuddur. Bunlar regionda "etibar, qarşılıqlı əlaqələr və əməkdaşlığın təmin edilməsidir".

Bu, faktiki olaraq, uzun müddət münaqişədə olan subyektlərin münasibətləri normallaşdırması deməkdir. Məsələnin bu tərəfi hələ 1996-cı ildə MDB üzvlərinin münaqişələri aradan qaldırmaq və həll etməklə bağlı konsepsiyasında konkret ifadəsini tapıb. Orada qaçqınların qaytarılması, minalardan təmizlənmə, dövlət strukturlarının azad olunmuş ərazilərdə fəaliyyəti və digər məsələlər yer alır (3, s.95).

Bunlardan bir mühüm siyasi qənaət əldə edə bilərik – xarici siyasətin vacib bir istiqamətində "davamlı sülh" anlayışı regional təhlükəsizliyin təmininin iki mərkəzi bəndindən biri statusunda yer alır ki, bunun da yeni tarixi mərhələdə əhəmiyyəti çoxdur. Bu məqamın dərindən siyasi dərki mütləq "regional təhlükəsizlik" ifadəsinin siyasi-nəzəri anlamını izah etməyi tələb edir.

Politoloji əsərlərdə göstərilir ki, regional təhlükəsizlik region dövlətlərinin elə qarşılıqlı münasibətlər sistemi qurmasından ibarətdir ki, burada bir-birinin daxili işlərinə qarışmamağın təsbit edildiyi, müharibə təhlükəsinin olmadığı, siyasi inkişaf yolunun müstəqil seçildiyi, iqtisadi və s. təxribatların olmadığı vəziyyət mövcud olsun. Bu mənada regional təhlükəsizlik beynəlxalq təhlükəsizliyin üzvi tərkib hissəsidir. Eyni zamanda, milli təhlükəsizliyin reallaşması formalarından biridir. BMT-nin Nizamnaməsinə zidd olmayan regional müqavilələr imzalana və institutlar yaradıla bilər. Lakin burada mühüm şərt dövlətlərin könüllü birləşməsi, razılığa gəlməsidir – hər hansı zorakılıq qəbul edilmir, çünki təhlükəsizliyə xidmət göstərmir (4).

Eyni mövqeni müasir politoloji araşdırmalarda da tapa bilərik. Məsələn, V.İ.Vasilyev və Y.N.Klimova 2020-ci ildə dərc edilmiş elmi məqalələrində göstərirlər ki, "regional təhlükəsizlik beynəlxalq münasibətlərin konkret bir regionda vəziyyətini ifadə edir" (5, 109-111).

Diplomatiyaya aid əsərlərdə də regional təhlükəsizlik dövlətlərin sülhü poza biləcək münasibətlərdə olmadığı situasiya kimi təqdim edilir. Bu aspektdə həm də region xalqları üçün hər hansı formada təhlükənin yaranmaması da xüsusi yer tutur. Belə bir şərait nə zaman mümkün ola bilər? Ancaq davamlı və sabit sülhün mövcud olduğu mühitdə! Yalnız bu şərtin ödəndiyi vəziyyətdə regionun hər bir dövləti öz suveren hüququndan yararlana bilər.

Yuxarıda vurğulanan faktorlardan belə bir nəticə çıxarmaq olar ki, yeni mərhələdə Azərbaycanın xarici siyasətində davamlı sülh istiqamətinin xüsusi yer tutması faktiki baxımdan ölkəmizin regional liderlik məsuliyyətini xarici siyasətdə əyaniləşdirməsinin əlamətidir. Azərbaycan Cənubi Qafqazda yeni şəraitdə davamlı sülhün təminatçısı kimi regional geosiyasi oyunçu statusunu yeni səviyyəyə yüksəldir. Bu məsələnin digər tərəfi üçüncü istiqamətdə ifadə olunan Cənubi Qafqazın dayanıqlı inkişaf bölgəsinə çevrilməsi məqsədi ilə sıx bağlıdır.

Dayanıqlı regional inkişaf: əməkdaşlıq, sabitlik və təhlükəsizliyin qovşağında

"Dayanıqlı inkişaf" ümumi halda insanların yaşam keyfiyyətlərinin yüksəldilməsinə xidmət etməlidir. Burada cəmiyyətin bütün sferalarının davamlı və harmonik tərəqqisi əsas şərtdir. Yəni, sərmayə qoyuluşundan tutmuş elmi-texniki tərəqqi, şəxsiyyətin inkişafı, sosial dəyişikliklər, institusional dəyişikliklər, sabitlik və təhlükəsizlik sistemləri bir-birini tamamlamalıdır. Biri digəri ilə ziddiyyətdə olmamalıdır.

Buradan aydın görünür ki, dayanıqlı inkişaf fərd-cəmiyyət-dövlət qarşılıqlı əlaqəsində bütövlükdə tərəqqinin təmini deməkdir. Regional miqyasda isə bu münasibətlərin əsas subyektləri xalq və dövlətlər olurlar. Belə çıxır ki, xarici siyasətdə dayanıqlı inkişafa vurğu regional münasibətlərdə dövlətlərin harmonik inkişafının mərkəzi punktu sayılır. Bunun fonunda hər bir xalqın maraqlarının təmin olunması başlıca şərtlərdən biri kimi görünür.

Deməli, xarici siyasət kontekstində iki mühüm faktor – milli təhlükəsizlik və milli maraqlar sintez halında regional dayanıqlı inkişafa xidmət etməlidir. Milli təhlükəsizlik daxili və xarici şərtlərin elə kompleksidir ki, yekunda cəmiyyətin sabit siyasi, sosial-iqtisadi və mənəvi-mədəni inkişafını təmin edir. Bu sırada müstəqilliyin təmini, suverenliyin qorunması və ərazi bütövlüyü ayrıca yer tutur. Milli maraqlar isə dövlətin fəaliyyətinin real səbəblərindən biridir. O, dövlətin fəaliyyət və funksiyasını yerinə yetirməsinin və inkişafının təmininə yönəldilir. Milli məqsədlər və baza dəyərlərin sistemidir. Bunlar milli təhlükəsizlikdə çox mühüm rol oynayırlar. Beynəlxalq siyasət zatən bu təməl üzərində qurulur. Çünki beynəlxalq siyasət beynəlxalq münasibətlərin subyektləri (əsas olaraq dövlətlər) arasında maraqların uyğunlaşdırılmasına yönəlmiş fəaliyyətdir.

Belə çıxır ki, praktiki aspektdə dayanıqlı inkişaf, faktiki olaraq, əməkdaşlıq, sabitlik və təhlükəsizliyin qovşağında özünü göstərir. Regional miqyasda bu, ölkədaxili inkişaf nümunəsini bütün bölgədə faydalı ola biləcək aspektdə proyeksiya etməyin siyasi-diplomatik üsulunu nəzərdə tutur.

Xarici siyasətdə bir ölkənin inkişaf nümunəsinin regional miqyasa proyeksiyası son dərəcə mürəkkəb vəzifədir. Çünki burada qarşıya hər bir regional oyunçunun maraqları məsələsi çıxır. Onların bir-biri ilə uğunlaşdırılması əsaslı siyasət yeritməyi tələb edir. Bu baxımdan Azərbaycan rəhbərliyinin atdığı addımların yeni mərhələdə regional dayanıqlı inkişafa ciddi töhfələr verəcəyi qənaəti yaranır. Bu məqama faktların işığında nəzər salaq.

2022-ci ilin aprelində Prezident İlham Əliyev ADA Universitetində Cənubi Qafqazda inkişaf və əməkdaşlığa həsr edilmiş "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda yeni mərhələdə Azərbaycan üçün təhlükəsizliyin prioritet olacağına işarə edərək ifadə etmişdi: "Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur" (6).

Prezident İlham Əliyev, faktiki olaraq, regional miqyasda dayanıqlı sülhün baza şərtini ifadə edib. Bu, sülh müqaviləsinin imzalanmasıdır. İlham Əliyev bununla həm regional sülhü təmin etmənin başlıca faktorunu göstərir, həm də Ermənistan rəhbərliyini məsuliyyətə dəvət edir. Cənubi Qafqazda dayanıqlı sülhün yaranması bir çox məqamlarda rəsmi İrəvanın konstruktiv mövqeyə gəlib-gəlməməsi ilə bağlı olacaq. Proseslər göstərir ki, bu şərt hələ də əhəmiyyətini qoruyur – məhz Ermənistanın lazımi səviyyədə konstruktiv davranmaması səbəbindən regional dayanıqlı sülhdən danışmaq çətindir.

Azərbaycanın dövlət başçısı 2023-cü ildə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda mövqeyini bir qədər də geniş formatda ifadə edib. İlham Əliyev bəyan edib: "...dünyada yeni vəziyyəti proqnozlaşdırmaq olmur, Azərbaycan və hesab edirəm ki, digər ölkələr də Rusiya-Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyini bilmir. Bu səbəbdən regionumuzda, Qafqazda vəziyyəti, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövzusu başlıca prioritet olmalıdır" (7).

Buradan Azərbaycanın mövqeyinin dərin düşünülmüş və öncədən aydınlaşdırılan kriteriyalar əsasında müəyyən edildiyi məlum olur. Dünya miqyasında geosiyasi vəziyyətin turbulentliyi Azərbaycan rəhbərliyinə regional təhlükəsizliyi ön plana çəkməyə əsas verir. Təhlükəsizlik mövzusunun Azərbaycan üçün aktuallığı təbii ki, yeni mərhələdə qalmalı idi. Buna görə də xarici siyasətin əsas istiqamətləri sırasında bu aspekt ayrıca yer tutmaqdadır.

Nəhayət, bu ilin martında dövlət başçısının regional təhlükəsizlik kontekstində vurğuladığı bir fakta da müraciət edək. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında ifadə edib: "Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir.

Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir (bax: 8).

Beləliklə, yuxarıdakı faktlar göstərir ki, Azərbaycan Prezidenti bütün fəaliyyət sferalarını postmünaqişə mərhələsində regional təhlükəsizliyin təmini ilə sıx bağlaya bilib. Onun siyasi ifadəsi yeni mərhələdə xarici siyasətin üçüncü istiqamətində – "Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi" müddəasında öz əksini tapıb. Azərbaycan dövlət olaraq Cənubi Qafqazın lideri rolu kontekstində fəaliyyətini inamla davam etdirəcəkdir!

Mənbələr

Бжезинский, З., Дженсен, Д. США и Россия. Битвы на полях геополитики. Перевод с английского. – Москва: ООО «Издательство Родина» – 2023, –240 c. McCormick, J.P. Weber, Habermas ve Avrupa Devletinin Dönüşümü. Çevirəni Ferit Burak Aydar. – İstanbul: İş Bankası Kültür Yayınları – 2015, – 376 s. Новейший политологический словарь. Авт.-сост. Д.Е. Погорелый, В.Ю. Фесенко, К.В. Филиппов. – Ростов н/Д.: Феникс, – 2010, – 318 c. Словарь по политологии / под ред. проф. В.Н.Коновалова. – Ростов н/Д.: Изд-во РГУ, 2001. – 285 с. Васильев, В. И., Климова, Ю.Н.Национальная и региональная безопасность: соотношение терминов // "Символ науки", – 2020, №4, – с. 109-111. Bütün istiqamətlərdə təşəbbüs Azərbaycandadır. ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib //"Azərbaycan" qəzeti, № 90 (8969) 30 aprel 2022-ci il. "Biz regiona sülhü artıq gətirmişik". Prezident İlham Əliyev "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda iştirak edib // "Azərbaycan" qəzeti, № 267 (9434) 7 dekabr 2023-cü il. Sözümüz imzamız qədər dəyərlidir. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib // "Azərbaycan" qəzeti, № 48 (9503) 2 mart 2024-cü il.


MANŞET XƏBƏRLƏRİ