Türküstan Basmaçı hərəkatı


Elşən Mirişli

Gəncə şəhəri, tarixçi

III Yazı

Kurbaşı İbrahim bəy Çakabayev

İbrahim bəy 1889-cu ildə Özbəklərin Lokay tayfasından olan,Buxara ordusunun zabiti, Köktaş kəndinin muxtarı Çakabay Toqsabanın ailəsində anadan olub.Bəzi mənbələrə görə isə Çakabay Toqsaba Buxara əmirinin məmuru olaraq, polkovnik rütbəsi daşımışdır. Çakabay Toqsabanın ailəsi dörd arvad, altı qız və altı oğuldan ibarət idi.Təsərrüfat əsasən ailə təsərrüfatı sayılırdı, yalnız bəzən mövsümdə ailə kənardan üç-dörd işçi tuturdu.

İbarahim bəy oğullardan ən kiçiyi idi. O, il yarım məktəbdə oxuyub,bir az oxumağı öyrənmişdi, amma öz etirafına görə, heç vaxt yazmağı mənimsəyə bilməmişdi.Bəzi mənbələr onu at oğrusu, hətta quldur dəstəsinin başçısı adlandırırlar.

Əmr rütbəsinə malik olması və vergi (zəkat) toplamaqla məşğul olması onu aparıcı dövlət məmurları sırasına daxil edir.Vətəndaş müharibəsi illərində Buxara əmirinə dəstək vermiş,1920-ci ildə Şərqi Buxarada qırmızılara qarşı döyüşmüşdür.

1920-ci ildə Lokay tayfasının bəyi olmuş və 1920-ci ilin sentyabrında Tüküstanda Sovet hakimiyyəti qurulduqdan sonra Əfqanıstana qaçan Buxara əmiri Seyid Alim xanın xidmətinə daxil olmuşdur.

İbrahim bəy Çakabayev bolşeviklərə qarşı mübarizədə bütün tayfaları (bölgənin bütün basmaçılarının yarısına qədərini) birləşdirərək,Vaxş çayının sol sahilində, Düşənbə ətrafında və Hisarda bir neçə qələbə qazanaraq müəyyən hərbi uğurlar qazandı. Buxara Xalq Sovet Respublikasının liderlərindən Usmanxoca Polatxodjayev və RSFSR-in baş konsulu ilə aparılan danışıqların nəticəsində Dağlıq Şərqi Buxaranın bütün ərazisinə nəzarəti ələ keçirdi.1921-ci ilin sonunda o,Buxra əmiri Said Olimxon (Seyid Alimxan) ordusunun qarovul (kapitanı) rütbəsini tuturdu.Bu gün özbəklərin Buxara xanlığı ərazisində Özbəkistan, Tacikistan və Türkmənistan dövlətləri yerləşir.

1921-1925-ci illərdə İbrahim bəy Çakabayev devrilən Buxara əmiri Seyid Alimxanın taxtına qayıtması uğrunda silahlı mübarizəyə başçılıq edirdi. Onun tabeliyində olan birləşmələr Buxara Xalq Sovet Respublikasına davamlı basqınlar həyata keçirirdi. 1921-ci ilin payızında Buxara əmirinin qoşunları ilə birlikdə Şərqi Buxarada məğlub olub Əfqanıstana çəkildi.Buxara əmiri Seyid Alim xan İsmayılı dəstəkləmək üçün ona Ənvər Paşanı və tərəfdarlarının dəstələrini göndərdi. Ənvər Paşa özü bütün Basmaçı hərəkatına rəhbərlik etməyə və birləşdirməyə çalışsa da, İbrahim bəy ondan şübhələndi və hətta onu həbs etdi. Daha sonra 1922-ci ilin yaz-yay aylarında Qızıl orduya qarşı döyüşdə qısamüddətli uğurlar zamanı Ənvər Paşaya dəstək verməkdən imtina etdi. Avqustda Ənvər Paşa döyüşdə demək olar ki, bütün dəstəni itirdi. O, Əfqanıstana getməyə çalışarkən Qızıl ordu bölmələri ilə döyüşdə həlak oldu.

İbrahim bəy Çokabayevin rəhbərliyi altında təşkilatlanan basmaçılığın ilk mərhələsi 1922-ci ilin dekabrında Əfqanıstana gələrək Hisar vadisinin Hisar kəndində kurbaşıların qurultayını çağıraraq, faktiki onların başçısına çevrildiyi vaxtdan başladı. Kurbaşı İbrahim bəyin Sovet Orta Asiyasında təsir zonası Vaxş çayının sol sahili və Cilikul rayonu (Tacikistanın cənubu) idi. 1926-cı ilin iyununda rusların Türküstan ərazisində işğalı başa çatdıqdan sonra o, qoşunlarının dayaq məntəqələrini Əfqanıstanın şimalına (Əfqan Türküstanı və yaxud Cənubi Türküstan) köçürdü. Oradan da Özbəkistan və Tacikistan respublikalarının ərazilərinə davamlı silahlı basqınlar həyata keçirirdi.

Əfqan Türküstanı

Əfqanıstanın şimalı Əfqan Türküstanı, həmçinin Cənubi Türküstan və yaxud Çar-vilayət adlanırdı. XIX əsrin ikinci yarısında Əfqan dövlətinin bir vilayətini təşkil edən Murqab çayından Hindukuş dağlarına qədər olan ərazi Əfqan Türküstanı adlandırılmağa başlandı. Əfqanıstanın şimalında, Türkmənistan, Özbəkistan və Tacikistanla sərhəd bölgə idi.

XIX əsrdə Əfqanıstanda mərkəzi özbək şəhəri Məzari-Şərifdə olan Türküstan vilayəti vardı. Vilayət Əfqanıstanın əmiri Əbdürrəhman xan (1880-1901) tərəfindən ləğv edildi. Onun yerində müasir Bəlx,Günduz,Gövzcan,Səri-Pul və Fəryab vilayətləri yaradıldı.

Əfqanıstanda İbrahim bəy Çakabayevin əsas qərargahı əvvəlcə Xanabadda (Künduz vilayəti) yerləşirdi, sonra “Əliabada köçürüldü. İbrahim bəyin böyük dəstələri ailələri ilə birlikdə Taliqanda, Talukan (Talikan), Xanabad, Çardar, Ak-Tube məskunlaşdılar. Lakin onlar daha çox Əliabadda yerləşmişdilər. İbrahim bəyin başçılığı ilə ailələr vaxtı ilə səhra olan Əliabadı abadlaşdırdılar.Burada iyirmi mindən çox əhali və dörd min təsərrüfat var idi.

1924-1925-ci illərdə İbrahim bəy basmaçı dəstələrinin Şərqi Buxara ərazisinə yeni yürüşünü təşkil etdi və ona rəhbərlik etdi. Lakin 1926-cı ilin iyununda məğlub oldu və Əfqanıstana geri çəkilməyə məcbur oldu. SSRİ-dən qaçan basmaçıların əsas yeri Vaxş çayının sol sahili və Xatlon vilayətinin Cilikul rayonu idi. Əfqanıstan kralı Əmənulla Xan (1919-1929) ailəsi ilə birlikdə ölkənin şimalında olan təsərrüfatlarını ziyarət etmək qadağası altına düşdü.

1929-cu ildə Kral Əmanulla Xanın devrilməsi ilə İbrahim bəy tacik mənşəli yeni Əfqan hökmdarı Həbibulla Kalakaninin (Baça-i Sakao) tərəfini tutdu. Həbibulla Kalakanini dəstəkləmək üçün Kabildə olan İbrahim bəy şimala getdi və burada 20 min özbəkdən ibarət ordu yaratdı. Həmçinin Çardara qəzasında-Künduz yaxınlığında 400 türkmən,500 özbək-durmen və özbək lokaydan ibarət bir dəstə toplandı.Baça-i Sakaonun qısamüddətli hakimiyyəti başa çatdıqdan sonra kral Barakzay ailəsinin puştunları Kabildə əmr hakimiyyətini qaytarır və monarxiya taxtına devrilmiş Kral Əmənulla Xanın qohumu Məhəmməd Nadir şah çıxdı.

Əfqanıstanın yeni əmiri Məhəmməd Nadir şah (1919-1933) İbrahim bəyi ölkənin bütövlüyü üçün real təhlükə hesab edirdi. İbrahim bəy şimal-şərqi Əfqanıstanda özbək dövləti qurmaq istəyirdi.Bu dövlətin əmiri taxtdan salınmış sonuncu Buxara əmiri Seyid Alim xan olmalı idi. Sonralar İbrahim bəy ruslar tərəfindən əsir alınıb dindirilməsi zamanı o demişdi ki, Ənvər Paşa can verən zaman “Hər şey Vətən üçün,hər şey Türküstan üçün” deyib. 31avqust 1931-ci ildə İbrahim bəy Çakabayev ruslar tərəfindən güllələnib öldürülmüşdü.

İbrahim bəy Çakabaevin vəfat tarixi 1931-ci ildir.

Türkmənistan Kurbaşıları ( Savaş Sahəsi Komandanları).

1. Djunaid xan (Kurban Mamed) (Xivə Kurbaşısı 1918-1920,1920-1924,1927-1928).

2. Aziz xan Çapıkov (1918-1924).

3.Yaxşı Gəldi bəy (04. 06.1920-09.08.1925).

4. Anna Bala (Anna bəy) (04.08.1920-09.10.1925).

5. İşik xan (1929-1930).

6. Orazqeldi Kandjiyev ( 05. 06.1928- 04.08.1931).

Fərqanə Kurbaşıları (Savaş Sahəsi Komandanları).

1. Erqaş Kurbaşı (02.1918-01.1920).

2. Madamin bəy (Muxammad Amin Madaminbəy) (10.1918-06.03.1920,1919-cu ildə Fərqanə Müvəqqəti hökumətinin baş naziri).

3. Qırğız Kurbaşısı Muetdin bəy (Aliev Muetdin Usman oğlu) (1918-1922).

4. Aman Palvan (1918-1923).

5. Şir Muxammed bəy Qazi (1918-1923,1920-ci ildə Fərqanə əmiri elan edilmişdi).

6. Raxmatkul Kurbaşı (1918-1922).

7. Parpi Kurbaşı (1918-1922).

Buxara xanlığı ərazisindəki Kurbaşılar (Savaş Sahəsi Komandanları).

1. İbrahim bəy (Lokay boyu bəyi 09.1920-06.1931).

2. Dövliyatman bəy (Kulyab bəyi 09.1920-08.1922).

3. İşan Sultan (Darvaz Kurbaşısı-09.11.1920,Qarme Kurbaşısı 12.1920-11.1922).

4. Şükür bəy (1920-1921).

5. Fəzayl Maksum (09.1920-08.1923).

7. Molla Abdullo Kaxxar (1920-1923).

8. Said Axmed bəy (09.1920-02.04.1923).

9. Alla Nazar (Kulyab Kurbaşısı 1923-1924).

10. Nasırxan Tyure (Kamal xan Tyuryaev) (Namanqan Kurbaşısı 1920-1923).

11. Ənvər Paşa (Şərqi Buxara Kurbaşısı 28.12.1921-04.08.1922).

12. Selim Paşa (Hacı Sami) (Şərqi Buxara Kurbaşısı 05.08.1922-15.07.1923).

Seyid Alim xan

Seyid Mir Muxammed Alim xan (3 yanvar 1880-ci il,Buxara-5 may 1944-cü il,Kabul). Axırıncı,12-ci Buxara əmiri olmuşdu. Özbək boyu Manqıtlardandı. 10 yanvar 1911-ci ildən 30 avqust 1920-ci ilə qədər Buxara əmiri olmuşdu.

Buxara Əmirliyi,1785-ci ildə yaradılıb,1868-ci ildən Rusiya İmperiyasının vassal dövləti statusunu daşıyırdı.Buxara Əmirliyi ordusu 20 avqust 1920-ci ildə 8725 süngülü tüfəng, 7580 qılınc, 23 yüngül top və 12 maksim pulemyotundan ibarət idi. Mixail Vasilyeviç Frunze Buxara xanlığını 17 min əsgər, 230 maksim pulemyotu,40 top,5 zirehli qatar,11 təyyarə, 8 zirehli maşın ilə 29 avqust-2 sentyabr 1920 Buxara hərbi əməliyyatı ilə işğal etmişdi.Bu hadisədən sonra Əmir Seyid Alim xan Türküstan Basmaçı hərəkatına qoşulmuş və sonda Əfqanıstana mühacirət etmişdir.

Türküstan Basmaçı hərəkatının məğlub olma səbəbləri

1920-ci ildə Frunzenin başçılığı ilə rus qoşunları Xivə və Buxara xanlığını işğal edərək orada xalq respublikaları elan etdilər. Orta Asiya türklərinin milli qurtuluş mücadilələrində məğlub olmalarının üç səbəbi vardı.Birincisi, Türküstan liderlərinin birlik və bərabərlik içində Ənvər Paşaya kömək etməmələri idi.1921-ci ilin payızında Türküstana gələn Ənvər Paşa Şir Muxammed bəy Qazi və Xarəzm xanlığı hərbi naziri Jüneyit (Djunait Muxammed Kurban) ilə birlikdə 20 min nəfərdən ibarət Türküstan ordusu təşkil etmişdi. Ənvər Paşa Düşənbəni tutmuş,sonra Karşi şəhərini almış və Buxara şəhərini almaq üçün hücuma keçmişdi. Türküstanın Kurbaşıları Ənvər Paşaya söz verdikləri kimi kömək etməmiş onu ruslarla savaşda tək qoymuşdular. Ağır döyüşlərdən sonra ruslar Babkent, Qijduvan və Kermine şəhərini geri ala bilmişdilər.Bu arada rusların Ənvər Paşa əleyhinə, “ingilis casusu” təbliğatı da öz bəhrəsini vermiş, Ənvər Paşa ətrafına istədiyi qədər insan toplaya bilməmişdi. İkincisi, Ənvər Paşanın ətrafındakı qüvvələrin əlində modern silahların və Qızıl ordunu dayandıracaq qədər təcrübəli əsgərlərin olmaması idi.Üçüncüsü isə, Ənvər Paşanın ölməsindən sonra Orta Asiya üsyançılarının başsız qalmaları idi.

Beləliklə,bütün dünya tarixinə biraz da rusların təbliğatı ilə Basmaçı adı ilə keçən bu üsyan (Türküstan Basmaçı hərəkatı) faciəli bir şəkildə, Ənvər Paşanın və mücahidlərinin ölümü ilə nəticələndi.Xüsusən o dövrdəki Türküstan liderlərinin (Kurbaşıların) şəxsi düşüncələrində məncil davranmaları, öz bildiklərinə getmələri və sovet təbliğatına aldanmaları bu üsyanın məğlubiyyətinin bizə görə ən başlıca səbəblərindən sayılmalıdır.

Basmaçıların son dəstələrinin 1931-ci ildə məhv edildiyi və ya SSRİ-dən çıxarıldığı güman edilir. İkinci dünya müharibəsi zamanı 1942-ci ildə Kabildə 22,5 min və yaxud 30 min Basmaçı əsgəri toplanmışdı. Cəbhədə alman ordusunun uğursuzluğundan sonra Türküstan azadlığının əsgərlərinin –Basmaçıların Türküstana qayıtmaq istəkləri baş tutmadı. 1917-1942-ci ildəki Türküstan Basmaçlı hərəkatı ilə Türküstan tarixinin parlaq səhifələri yazıldı.Bu hərəkat geniş kütlədə milli dövlətçilik ideyasının yaranmasına səbəb oldu. Ənvər Paşa və digər Kurbaşılar və mücahid əsgərlər Türküstandakı Türk dövlətlərinin yaranması üçün ilk təməlləri atdılar.Bu torpaqlarda dolaşan ruhları ilə həmişə yaşarlık və ölməzlik qazandılar. Şəhid Ənvər Paşa Türk Dünyası tarixi ilə əbədiyyən bütövləşdi, eyni zamanda Azərbaycanın xilaskarı kimi tariximizdə əbədiyyən yaşadı.

Son.


MANŞET XƏBƏRLƏRİ