Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XI yazı

Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, milli ideoloq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.

Liberal cəmiyyətdə yeni qüvvələrin meydana çıxdığını qeyd edən mütəfəkkir-filosof M.Ə.Rəsulzadə bunlardan birinin də kommunizm olduğunu yazır: “Liberal dövlət bizzat kəndi sisteminin məhsulu olan kapitalizmin doğurduğu böhranla mücadilədən acizdir. Bu təzada yenə cəmiyyət içərisində doğan yeni qüvvətlər qarşı gəlirlər. Kapital­izmin doğurduğu proletar sinfinə dayanan inqilabçı sosializm ideolojisi doğur. Digər adı kommunizm olan bu ideolojiyə görə, burjua cəmiyyətini iztirablar içində tutan şey liberalizmin istehsal sahəsindəki anarxiyaya izn verən fərdiyyətçiliyidir. İstehsal alət­ləri üzərindəki şəxs mülkiyyəti haqqı baqi qaldıqca-kom­munistlərə görə-insan cəmiyyətinin iztirabına son gəlməz. Cəmiyyətlərin bir millət və dövlət içində vəhdətləri onlarca bəhs mövzusu olamaz… Hökumət demək, Leninin təbrincə, həddi zatında bir sinfin digər sinifləri əzmək və kəndinə tabe etmək üçün qurmuş olduğu cəbr makinasından başqa bir şey deyildir. Bunun üçün də Marksa görə əmələnin nə vətəni, nə də milləti var. Vətən və millət hissindən məhrum olan bu insanlar zümrəsi - proletariat burjua “diktator­luqlarını” devirərək, kəndi hakimiy­yətini quracaq və tədricilə bütün sinifləri ortadan qaldıraraq sinifsiz və təzadsız bir cəmiyyət yaradacaqmış. Hürriyyət və mülkiyyət prinsipləri üzərində qurulan mədəniyyəti bütün əsərləri ilə inkara qalxışan bu müfrit cərəyan, yeni bir mütləqiyyət idealı doğuryor ki, onun ən kamil və ən amansız müməssili kommunizm və Rusiyadakı misalı isə bolşev­izmdir… Nə fərdi hürriyyətlə şəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist anarxiya ilə sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq, bir kölə və makina halına gətirən kom­munizm əsarəti! Nə mütləq liberalizm, nə də mütləq kollektivizm! O halda: İkisini təlif edən solidarizm = təsanüd”.[1]

Dövlət sistemində mütləq liberalizmi və kommunizmi rədd edərək solidarizmə üs­tünlük verən M.Əmin yazırdı: “Təsa­nüd­çülükdə əsri mədəniyyətin əsasını təşkil edən- hürriyyət, şəxsi təşəbbüs və mülkiyyət əsasları baqidir. Fəqət, eyni zamanda dövlət, mütləq liberalizmdə olduğu kimi, fərdlər, siniflər və zümrələr arasındakı münasibət və mücadilələrə laqeyid, sırf zabitə vəzifəsiylə mükəlləf bir müəssisə deyildir. Bu sistemdə hürriyyət də, mülkiyyət də mütləq deyil, məşrutdur, şərt isə ümumun mənfəəti və dövlətlə millətin səlamətidir. Şəxsin olsun, zümrə və ya sinfin olsun – hürriyyəti, topluluğun yüksək mənfəətləri və hürriyyətini poz­mamaq şərtləri ilə çərçivələnmişdir. Liberalizm bu hüd­udu bir şəxsin hürriyyəti ilə digər şəxsin hürriyyəti arasında ancaq etibar edir; bunun üçün də dövlətin vəzifəsini sadə bir zabitə və məhkəmə dərəcəsinə endirmək istəyirdi. Solidar­izm­də isə dövlət millətin müməssil və cəmiyyətdəki müna­sibətlərin nəzimidir. Bu surətlə, solidarizm hürriyyət və mülkiyyət müəs­sisələrində qoyul­muş təbii təşəbbüs və ilərləmə həmlələrini zədə­ləmədən, kapital­izmin liberal sistem­də ümumi mənfəət zərərinə işləyən ifratlarının önünə keçmək vəzifəsini dövlətə verir”.[2]

Rəsulzadə daha sonra yazırdı ki, sinifləri əsas olaraq alan kommunizm kimi, fərdləri nəzəri-etibara alan liberalizm də daha kosmopolit və internasyonaldır; yalnız solidarizm milli­dir. O, yazırdı: “Çünki sadə şəxslərin və siniflərin maddi mənfəətə bağlı xüsusiyyətlərinə deyil, siniflər və fərdləri bir cəmiyyət halına gətirən mənəvi qüvvətlərə böyük qiymət verir. Bu mənəvi qüvvətlər isə millət və dövlətlərin gerçəkləşməsində birləşdirici amil olaraq təsir edən dil, din, tarix və ümumiyyətlə, kültür və ortaq ideal kimi mənəvi qüvvətlərdir”.[3] Bununla da o, həmrəy­likdəki bu milliliyin mənə­vi dayaqlarının birləşdirici amil­ini “dil, din, tarix və ümumiyyətlə, kültür və ortaq ideal kimi mə­nəvi qüvvətlərdə” görürdü.

Liberalizm mədəniyyətin ruhunu fərdin yaradıcı eqoizmində, kommunizm sinfi eqoizmdə görür ki, hər ikisi ifrata varanda cəmiyyət üçün zərərli olur. Bu baxımda sinfi və fərdi eqoizmi qəbul etməyən Rəsulzadə bütün bunlardan çıxış yolu olaraq solidarizmi göstəriridi: “Solidarizm mədəniyyəti fərdi eqoizmlə cəmiyyət mənfəətləri arasındakı ahəngdən ibarət bilir. Liberal cəmiyyətdə başqasını düşünmək (altruizm) qəhrəmanlıq­dır. Solidarizmdə isə bu bir vəzifədir. Kültür və tarix bağlarıyla mənəvi birlik təşkil edən bir millətin fərdləri, topluluğun ortaq mənfəət­lərini qorumaq üçün öz şəxsi istək və mənfəətlərini hüdudlan­dırmaq məcburiyyətin­dədirlər. Topluluğun mənfəətlərini təmsil edən müəssisə dövlətdir. Fərdin mənəvi mənliyini təşkil edən ortaqlı bütün qyimətlərin qaynağı milli camiə, onu təmsil edən də dövlətdir”.[4]rdin mənəvi mənliyini təşkil edən ortaqlı bütün qiymətlərin qaynağı milli cəmiyyət, onu təmsil edən də dövlətdir. O, yazırdı: “Fərd digər fərdlərlə ortaq olduğu bu mənəvi mənliklə özünəməxsus mənfəətlərdən ibarət maddi mənlik arasında ixtilaf çıxınca, maddiliyini mənəviliyinə fəda etmək məcburiyyətindədir. Hürr və kamil insan olmaq fəzilətinin hökmü bundan başqa ola bilməz. Dövlətlər, millətlər və cəmiyyət­lər ancaqcanlarını cananlarına fəda edə bilən” bu kimi üzvlərə malik olduqları zaman uzun ömürlü ola bilirlər”.[5]

M.Ə.Rəsulzadə dünyada hakim olan iki əsas sistemdən fərqli olaraq belə bir müddəa irəli sürürdü: “Madam ki, millətçiyiz, diyor­uz; madam ki, milli dövlət istiqlalını müdafiə ediyoruz, o halda bizim üçün nə kosmopolit liberalizmə və nə də kommun­izmə təhəmmül caiz olamaz. Bizcə müdafiə ediləcək yeganə sosial sistem milli təsanüd sistemidir”.[6] Rəsulzadə inanırdı ki, milli-dini dəyərlərlə sosial-demokrat və liberal dəyərlərin uzlaşmış nöqtəsinə çat­maq olar. O, bolşeviklərdən fərqli olaraq sosial məsələyə, onların milli məsələ­yə yanaşdıqları kimi baxmadığını ortaya qoyurdu. Sosial məsələlərə milli yöndən baxılmaqla, bolşeviklərin proletar “millətçilik” baxışları heçə endirilmiş olurdu. Rəsulzadə bolşevik­lərin güya, millətçilik məsələsinə hörmətlə yanaşması fikrinin yanlış olduğunu isbat etdi. O, əsl milli təsanüdün necə olmasını göstərməklə həqiqətin ortaya çıxmasına nail oldu. Rəsulzadə, “Mil­li mü­ca­di­lə­də so­si­al şü­ar­lar” mə­qa­lə­­sin­­də ya­zır­dı: “Milli dava və sosial məsələ. Bu iki anlamı bir-birindən ayırmaq qəbul olsa idi, yuxarıdakı ilk suala mənfi cavab verər, “milli hərəkat adamlarına sosial məsələlərlə məşğul olmaq caiz deyildir!” deyərdik. Hal­buki, həqiqət öylə deyildir: Bir kərə “millət”in özü ictimai, yəni sosial bir anlamdır. Milli dava dəxi, əhatəli və ötkün bir ba­xışla, sosial bir davadır. Bir millət nə zaman müstəqil olur və bu istiqlalı nə üçün istər? Bu suallara cavab aradığımız za­man milli istiqlal davası ilə sosial məsələlər arasında ayrı­lıq deyil, dərin bir bağlılıq olduğunu görürüz. Bir millətin dışarıya qarşı həqiqi istiqlalı, içəridəki milli hakimiyyətinin həqiqiliyi ilə mütənasibdir. Dövlət­lər arasındakı “milli istiqlal” anlamının bir dövlət içindəki qarşılığı, “milli hakimiyyət” sözündəki mənadır”.[7]

Onun fikrincə, hürriyyət, milliyyət və istiqlal kimi mücərrəd siyasi şüarlar, münəvvər kütləyə xitab edən və onları inqilablaş­dıran anlamlardır: “Geniş xalq təbəqələrini ayaqlandırmaq üçün, sadə şüarlar kafi deyildir. Onlar hərəkətə keçmək üçün, daha maddi və daha sərih şüarlar istər. Sosial şüarların xalq kütlələrini ayaqlandırmaqda siyasi şüarlardan daha mühüm rol oynadığı hərb sonu hadisələrində bilxassə görülmüşdür. Kütlənin sadə sosial şüarlar və ancaq maddi mənfəətlər sövqi ilə hərəkətə gətirilərək inqilablaşdırıla biləcəyini xeylicə hesaba alan inqilabçı marksizm taktikasına əsas olaraq, sinif mücadiləsini və internasyonal sosializm almışdır. Eyni məktəbin məhsulu və məmləkətimizin bugünkü müstəvisi bulunan bolşevizm dəxi-məlum olduğu üzrə-eyni məktəbin şagirdi və eyni taktikanın sahibidir. Onunca əsas, siniflər və onlar arasındakı mücadilədir. Bu isə milli deyil, beynəlmiləl bir işdir. “Millətlər isəonun gözündətarixin keçici və epizodik bir hadisə və müəssisələridir. Bəşəriyyətin atlatdığı gerilik mərhələlərindən milliyyət bəlkə də həzmi (yo xolması) çox uzun sürəcək birisidir”. Bunun üçün də bu məsələ, yəni milliyyət məsələsi, bolşeviklər üçün ikinci dərəcədə, sosial məsələyəsinif mücadiləsi mənfəətlərinə tabe bir məsələdir [Stalinin formulu]”.[8]

Məlum olduğu kimi, italiyan nasional-sosialistləri “faşizm” adı altında qədim Roma imperiya­sının bərpasını hədəflədikləri halda, alman hitlerçilər də “üst­ün alman xalqı” irqçiliyi ilə Almaniyanı dünya imperiyasına çevir­mək niyyətində idilər. İtaliyan faşistləri ilə alman hitlerçi­lərin öz xalqlarının geniş kütlələri arasında uğur qazanmalarında rus bolşevizminin “beynəlmiləlçiliy”i mühüm rol oynamışdır.[9] M.Ə.Rəsulzadəyə görə də, rus bolşevizmi olma­saydı, İtaliya və Almaniyada faşizm bu dərəcədə uğur qazanmazdı. Çünki marksizmə əsaslanan rus bolşevizminin ifrat “beynəlmiləl­çiliy”i İtaliya və Almaniyada uyğun olaraq faşizmlə hitlerizmin ortaya çıxmasına gətirib çıxarmışdır. Rəsulzadə rus bolşevizmi kimi, sosial şüarları milli şüarlar adı altında dəyişdirən faşizmlə hitlerizmi də qəbul etmirdi. Ona görə millətçilik və milli istiqlal incə bir məsələdir ki, faşizmlə hitlerizmin ona başqa yerə sürüklə­məsi qəbul edilməz­dir. Rəsulzadə yazırdı: “Milli istiqlal-bu bir zərfdir, məzruf isə – milli hakimiyyətdir. Kəndini təşkil edən təbəqə­lər arasında nisbi olsun ictimai müvazi­nət və yenə nisbi olsun iqtisadi rifah təmin edəmiyən bir cəmiy­yətdə isə, milli hakimiyyət təsisi qeyri mümkündür. Tək siyasi deyil, həyatın bütün sahələrini əhatə edərək həyatın sosial məsələlərini də məşğuliyyət və icraatı daxilində görən əsri milliyyətçiliyin hərəkət fəlsəfəsi də budur”.[10] Rə­sul­za­dəyə görə hit­ler­çi­lik bolşevizm ki­mi öz mü­xa­lif­lə­rin­dən dik­ta­tor­luq fik­ri­ni gö­tür­müş, la­kin ara­da­kı bey­nəl­­mi­ləl­çi­li­yi radikal mil­lət­çi­lik­lə əvəz et­miş­dir. O, ya­zır­dı: “Mil­li is­tiq­lal qa­yə­si­ni və mil­li mən­lik fik­ri­ni şid­dət­lə mə­nim­sə­yən fa­şizm­lə is­tiq­lal və mil­li mən­lik adı­na vu­ru­şan mil­lət­lər üçün, sö­zün bey­nəl­­mi­ləl mə­na­sı ilə, zə­min və za­ma­na gö­rə bir an­laş­ma im­ka­nı qey­ri va­rid de­yil­dir; fə­qət mil­li is­tiq­lal da­va­sı ilə hür­riy­yət və de­mok­ra­si sis­te­mi ara­sın­da ya­xın ar­tıq mər­bu­tiy­yət du­yan Ru­si­ya əleyh­da­rı mil­li is­tiq­lal hə­rə­kət­lə­ri üçün, so­sia­list ideo­lo­gi­ya­sı­nı da­şı­sa­lar be­lə, Mosk­va dik­ta­tor­lu­ğu ilə bir­lə­şən­lə­rə qar­şı hüs­nü tə­vəc­cüh­lə bax­maq im­ka­nı heç bir vəch­lə va­rid ola­maz”.[11] Rəsulzadə ya­zır­dı ki, SSRİ hökuməti cahan sülhünü təmin işində nə dərəcədə əmniyyətsiz bir müttəfiqisə, hitlerizm də hürriyyət və demokratiya rejimini himayədə o dərəcədə mənfi bir qüvvədir: “Hit­le­rizm, hər şey­dən əv­vəl kom­mu­nizm de­ma­qo­gi­ya­sı­na qar­şı çıx­maq üzə­rə doğ­muş bir ide­ya­dır. O, fa­şizm ki­mi öz mü­xa­lif­lə­rin­dən dik­ta­tor­luq fik­ri­ni al­mış, fə­qət on­da­kı in­ter­nas­yo­na­liz­mi nas­yo­na­liz­mə də­yiş­dir­miş­dir”.[12]

[1] Yenə orada, s.25-26

[2] Yenə orada, s.27

[3] Yenə orada, s.28

[4] Yenə orada, s.27-28

[5] Yenə orada, s.28

[6] Yenə orada, s.28

[7] Resulzade M.E. Milli tesanüd. Ankara: Kardeş matbaası, 1978, s.43-44

[8] Yenə orada, s.44

[9] Xəlilli Xəlyəddin. Sosializm ideologiyasının mənbələri, inkişafı və faciələrinin tarixinə giriş. Bakı, Xan nəşriyyatı, 2022, s. 127

[10] Resulzade M.E. Milli tesanüd. Ankara: Kardeş matbaası, 1978, s.47

[11] Yenə orada, s.69

[12] Yenə orada, s.67


MANŞET XƏBƏRLƏRİ